Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4556/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (atası) X6 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə (İş № 2(003)-1442/2018) əsasən cavabdehdən onun xeyrinə tutulmalı olan 154 manat məbləğində alimentin artırılaraq 170 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmadan 2010-cu ildə nikah münasibətlərinə daxil olmuşlar. Bu münasibətdən onların 1 övladı var – xx.xx.2013-cü il təvəllüdlü X9. İddiaçı ilə cavabdehin münasibətləri əvvəllər normal olsa da, daha sonra pozulmuş və onlar ayrılmışlar. Uşaq iddiaçının yanında qalmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(003)-1442/2018) ilə 154 manat məbləğində alimentin hazırki iş üzrə cavabdehdən tutularaq hazırki iş üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. Uşaq böyüdükcə uşağın xərcləri artır. Eyni zamanda nəzərə alınmalıdır ki, bazar qiymətləri qalxır. 2018-ci ildə müəyyən edilmiş alimentin məbləği artıq uşağın xərclərini ödəmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin himayəsində başqa azyaşlı uşaqları və valideyni var. Cavabdeh heç əvvəlki məbləğdə alimenti vaxtında iddiaçıya ödəyə bilmir. Aliment borcu yaranıb. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, 154 manat məbləğində olan alimentin məbləğini artıraraq 170 manat müəyyən etmişdir. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının nümayəndəsi (atası) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 valideynləridir. İddiaçı ilə cavabdeh ayrılmış, uşaq iddiaçının yanında yaşayır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(003)-1442/2018) ilə 154 manat məbləğində alimentin hazırki iş üzrə cavabdehdən tutularaq hazırki iş üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırki iş üzrə Cavabdeh Rayon Məhkəməsinə təqdim etdiyi şəhadətnamələrdən görünür ki, xx.xx.2016-cı il tarixdə o, X1 ilə nikaha daxil olmuş və bu nikahdan onların 2 övladı var. Göstərilənləri və iş üzrə tərəflərin bildirdiklərini nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X2 “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, Xəzər Rayon Məhkəməsi 2(003)-1442/2018 №-li iş üzrə xx.xx.2018ci il tarixdə qətnamə qəbul etdikdən sonra ölkədə uşaqlar üçün yaşayış minimumu 2 dəfə artırılmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin məbləğinin uşağın maddi tələbatlarının ödənilməsinə kifayət etməməsi ilə bağlı iddiaçının fikri ilə razılaşır. Belə ki, uşaq böyüdükcə onun maddi xərcləri artır. Hazırda uşağın aylıq məsrəfləri onun ehtiyaclarının minimum səviyyədə təmin edilməsinə kifayət edə bilməz. Bu hal isə uşağın mənafeyinə ziddir. Buna görə də Rayon Məhkəməsi alimentin məbləğini artıraraq, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 170 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, hazırda cavabdehin himayəsində qoca valideyninin və daha iki övladının olması onu iddiaçı ilə onun ümumi uşağına münasibətdə öz valideynlik vəzifəsinin icrasından azad edə və uşağın ehtiyaclarının minimum təmin edilməsi şəraitində böyümək hüququndan məhrum edə bilməz. Bundan başqa, Məhkəmə cavabdehin aliment borcunun olması ilə bağlı qeyd edir ki, bu hal hazırda alimentin məbləğinin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Çünki hazırkı tərəflər arasında alimentlə bağlı məhkəmə qətnamələri çıxarılmış, cavabdeh həmin müddət ərzində alimenti ödəməmiş və nəticədə onun aliment borcu yaranmışdır. Aliment barədə qətnamənin dərhal icra edilməli olmasına baxmayaraq cavabdeh məhkəmə aktını icra etməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4556/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4556/2020
17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver