Məhkəmə qərarları › İş №2(103)-4556/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4556/2023

24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4556/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" (Azərbaycan) ASC-yə, «Şahqaya Quarry» Tam Ortaqlı müəssisəsinə, X2 və X3 qarşı mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" (Azərbaycan) açıq səhmdar cəmiyyətinin nümayəndəsi X14 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-68/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamına əsasən X4 Kiçik Ağıl qış otlaqları ərazisində mişar daşı istehsalı məqsədi ilə icarə qaydasında 15 illik müddətə 7,0 ha torpaq sahəsi ayrılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı X15 cavabdeh "xxxx" (Azərbaycan) ASC-yə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduğu ziyana görə 1.200.000 manatın cavabdeh "xxxx" (Azərbaycan) ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, «X6 və X11 “Şahqaya Quarry” Tam Ortaqlı müəssisəsinin cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmişdir.

4. Daha sonra, iddiaçı MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində vurduqları ziyana görə 4.900.000 manatın cavabdehlər "xxxx" (Azərbaycan) ASC-dən və «X6 və X1 Quarry» Tam Ortaqlı müəssisəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiada göstərilir ki, Abşeron rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli, 387 saylı torpaq icarə müqaviləsi və müvafiq hüquqi sənədlər arasında hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 7 hektar «Sahə» adlanan ərazi ona uzun müddətə icarəyə verilmişdir. Həmin müqavilə üzrə müvafiq hüquqi sənədlər prosessual qaydada rəsmi dövlət qeydiyyatından keçmişdir. Onun istifadəsində və ixtiyarında olan sahədə daş karxanası (yer-mədən) fəaliyyət göstərərək istehsalatla məşğuldurlar. Sözü gedən həmin sahədə "xxxx" (Azərbaycan) ASC onun razılığı və məlumatı olmadan fiziki partlayış keçirərək, qazıntılar aparmışdır. Nəticədə istifadəsinə verilmiş həmin sahədə torpaq, yerdaş örtüyü tam yararsız hala düşmüşdür. Ona məxsus sözü gedən ərazinin istehsal üçün yararsız hala düşməsinin səbəbi əminlik məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdir. Hər iki nazirliyin keçirdiyi yoxlama və müayinə nəticəsində ərazinin yararsız hala düşməsinin səbəbi "xxxx" Azərbaycan sement zavodunun ona məxsus həmin ərazidən xammal götürmək məqsədi ilə qazıntı və partlayış işləri müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 184/2018 saylı qərarı ilə onun "xxxx" (Azərbaycan) ASC-yə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin «Yerin təkinin istismarına razılıq verilməsi haqqında» 03a saylı, 23 yanvar 2012-ci il tarixli sərəncamı Qaradağ rayonunun inzibati ərazisində yerləşən «Şahqaya» əhəng daşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədi ilə «X6 və X1 Quarry» Tam Ortaqlı müəssisəsinin istifadəsində olan 6,24 ha torpaq sahəsinin istismarının davam etdirilməsinə verilmiş razılıq ləğv edilmişdir. «X6 və X1 Quarry» Tam Ortaqlı müəssisəsi "xxxx" (Azərbaycan) ASC-nin tərkib müəssisəsidir. Həmin 2-1(81)- 184/2018 saylı iş üzrə məhkəmə ekspertizası təyin olunub və xx.xx.2018-ci il tarixli, 9207 nömrəli ekspertiza rəyinə əsasən ona məxsus 6,24 hektar torpaq sahəsi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən «X6 və X1 Quarry» Tam Ortaqlı müəssisəsinə ayrılmış 14,6 hektar torpaq sahəsinin cizgisi ilə üst-üstə düşmüşdür. "xxxx" (Azərbaycan) ASC onun istifadəsində və ixtiyarında olan sahədə daş karxanası (yer-mədən) fəaliyyət göstərdiyi əraziyə qanunsuz və xəbəri olmadan soxularaq fiziki və mexaniki partlayış keçirmiş, nəticədə daş istehsalı üçün və ümumiyyətlə yer-mədən fəaliyyəti üçün ərazini yararsız hala salmışdır. "xxxx" (Azərbaycan) ASC ona məxsus yer-mədən fəaliyyəti üçün nəzərdə tutulmuş ərazidən xammal kimi istifadə etmiş və faydalanmış, külli miqdarda maddi gəlir əldə etmişdir. Beləliklə, "xxxx" (Azərbaycan) ASC-nin qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində ona ilkin hesablamalara görə 1.200.000 manat dəyərində maddi ziyan vurulmuşdur. "xxxx" (Azərbaycan) ASC-yə rəsmi qaydada pretenziya ilə müraciət edərək, ona vurduğu 1.200.000 manat miqdarında ziyanı ödəməsini istəmiş və əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin "xxxx" (Azərbaycan) ASC 14 iyun 2020ci il tarixli, L4822/20 saylı sənədi ilə ona rədd cavabı vermiş və bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 8.Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh "xxxx" (Azərbaycan) ASC məhkəməyə iddiaya etiraz göndərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 9.Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, balistik və trasoloji ekspertizalar şöbəsinin ekspertidir. Apardıqları tədqiqat nəticəsində Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2005-ci il tarixli, 387 saylı sərəncamı ilə iddiaçı X8 ayrılmış Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 7 hektar torpaq sahəsində partlayışlar keçirilmişdir. 10.Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid X16 ifadəsində bildirmişdir ki, balistik və trasoloji ekspertizalar şöbəsinin ekspertidir. Hadisə yerinə baxış digər ekspert X7 tərəfindən aparılmışdır. Oradan gətirilən nümunələrə əsasən o, kimyəvi ekspertiza apararkən həmin ərazidə partlayışın aparılmasını müəyyən etmişdir. Məhkəmənin qərardadda göstərdiyi 2005-2020-ci illərdə partlayışın tarixini müəyyən etmək mümkün olmamışdır. Çünki, bunu dəqiq müəyyən etmək mümkün deyil. 11.Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, iqtisad ekspertizaları şöbəsinin aparıcı ekspertidir. Qeyd olunan mülki iş icraatına daxil olmuşdur. Mütəxəssis rəyinə əsaslanaraq əmtəəşünas kimi rəy vermişdir. «X9» MMC-in direktoru Şükür Hüseynovun mütəxəssis rəyinə əsaslanıb rəy vermişdir. 12.Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid X17 ifadəsində bildirmişdir ki, iş üzrə iddiaçı X8 məxsus, "xxxx" ASC ilə həmsərhəd olan 7 hektar torpaq sahəsində GPS vasitəsi ilə apardıqları tədqiqat nəticəsində partlayışın törədilməsi müəyyən olunmuşdur. Aktla da müəyyən etmişlər ki, iddiaçıya 4.900.000 manat ziyan dəymişdir. X24 2005-2020-ci illərdə partlayışın olmasını müəyyən edə bilməməsi doğrudur. İxtisasları olduğundan onlar bunu müəyyən edə bilərlər. Məbləği isə iddiaçının yerin altında olan faydalı qazıntısına dəymiş ziyan əsasında müəyyən etmişlər. 13.Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə tərəfindən təyin edilmiş xx.xx.2022-ci il tarixli baxış zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, «X9» MMC-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Milli Geoloji Kəşfiyyat Xidməti»nin əməkdaşları tərəfindən tərtib edilmiş baxış aktında ərazidə həmsərhəd ərazidə aparılmış partlayış zamanı mübahisələndirilən 7,0 ha torpaq sahəsində əhəngdaşının gözlə görünən hissəsində çatların dərinliyinin 3,0 m. olduğu müəyyən edilmişdir. Ekspertlər və mütəxəssislər tərəfindən çatlar aşkar edilmiş dərinliyin 1,0 m üst qatını torpaq qarışıq əhəngdaşı olduğunu nəzərə alaraq, dəymiş ziyan ərazi üzrə 2,0 m dərinlikdə hesablanmışdır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmiş 7,0 ha torpaq sahəsinə dəymiş ziyan aşağıdakı kimi müəyyən edilmişdir: V əhəngdaşının həcmi = S ha x H dərinlik = 7,0 ha (70.000 m3 ) x 2,0 m = 140.000 m3 . İddiaçıya dəymiş ziyanın hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər»ə istinad edilmiş, hər 1,0 m3 əhəngdaşına görə müəyyən edilmiş ziyan 35 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya dəymiş ziyanın məbləği 4.900.000 (140000 m3 x 35 manat) manat müəyyən edilir. 14.Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli, 3/2092 saylı rəyində qeyd olunmuşdur ki, dağıntıların formalarına, əhatə sahəsinin miqyasına, yaranma intensivliyinə, kimyəvi tədqiqatların nəticələrinə əsasən, Abşeron rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2005-ci il tarixli, 387 saylı sərəncamı ilə iddiaçı X8 ayrılmış Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən 7 hektar torpaq sahəsində partlayışlar keçirilmişdir. Hadisə yerindən götürülmüş nümunələrdən aşkar edilmiş hissəciklərin tərkib elementləri nitrobirləşmələrdən (NO3; NO2) ibarətdir. Həmin kənar hissəciklərin tərkibində olan kimyəvi maddələr və ion qrupları isə, kimya sənayesində istifadə edilən partlayıcıların və onların hissələrinin komponentlərini təşkil edir. Müvafiq elmi metodika olmadığından partlayışların 29 dekabr 2005-ci ildən 29 dekabr 2020-ci ilədək olan dövrdə keçirilməsini müəyyən etmək mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. 15.Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli, 9/9357 saylı rəyində qeyd olunmuşdur ki, hər 1.0 m3 əhəngdaşına görə müəyyən edilmiş ziyanın 35,0 manat təşkil etməsi nəzərə alınmaqla, iddiaçıya dəymiş ziyanın məbləği 4.900.000 (140000 m3 x 35 manat) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 16.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-68/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbi rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş müxtəlif instansiyaların məktublarından, sorğuya cavablarından heç birində cavabdehlərin iddiaçıya icarəyə verilməsi qeyd olunan torpaq sahəsində partlayışlar həyata keçirdiyini təsdiq etmir, ərazidə partlayışlar həyata keçirildiyi göstərilir, lakin partlayışların məhz cavabdehlər tərəfindən həyata keçirilməsi təsbit olunmur. Digər tərəfdən, həmin partlayışların məhz hansı dövrdə həyata keçirildiyi bəlli deyil, zaman kəsiyi baxımından partlayışların torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə sərəncam verilməsindən əvvələ, yaxud sonraya təsadüf etdiyini müəyyən etmək üçün elmi metodika yoxdur. İddiaçı tərəfindən icarəyə götürülməsi qeyd olunan torpaq sahəsi təyinatı üzrə istifadə edilməmişdir, iddiaçı bununla bağlı sübutları (fəaliyyət göstərərək, gəlir əldə etməsi və vergilərin ödənilməsi, mişar daşı istehsalı üçün avadanlıqların, maşın-mexanizmlərin alınması, cəlb edilmiş işçi qüvvəsi ilə bağlanmış əmək müqavilələri və s.); həmçinin, istifadəsində və ixtiyarında olduğunu qeyd etdiyi sahədə daş karxanasında (yer-mədən) fəaliyyəti göstərərək istehsalatla məşğul olmasına müvafiq razılıqlar almasına dair sübutları məhkəməyə təqdim etməmişdir; iddiaçının iddia ərizəsində istinad etdiyi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-184/2018 saylı qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir, həmin iş üzrə mübahisə başqa səpkili olmaqla, hazırda baxılan mübahisə ilə əlaqəsi yoxdur, həmin qərar sərəncamlarla ayrılmış torpaq sahələrinin üst-üstə düşməsi ilə əlaqədar yaranmış mübahisə ilə bağlıdır; cavabdehin ərazidə qanunsuz və xəbərsiz daxil olaraq fiziki və mexaniki partlayış keçirməsi, ərazini yararsız hala salmasına dair sübutlar təqdim edilməmişdir; iddiaçı tərəf cavabdehin həmin sahəyə nə vaxt, hansı tarixlərdə, hansı qaydada müdaxilə etdiyini, hansı tarixlərdə qazıntı və partlayışlar həyata keçirildiyini aydınlaşdırmır, ərazinin yararsız hala düşməsi və bunun məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi ilə bağlı sübutlar iş materiallarına əlavə olunmamışdır. Məhkəmə eyni zamanda təqdim edilmiş ekspert rəylərinə tənqidi yanaşmışdır. Digər tərəfdən, iddiaçı tərəf, əgər 2005-2020-ci illər ərzində ərazidə partlayışlar törədilmişdirsə, nə üçün uzun illər ərzində aidiyyəti orqanlara və məhkəməyə müraciət etməməsini məhkəmədə izah edə bilməmişdir. Halbuki, iddiaçı doğrudan da ərazidə mişar daşı istehsalı ilə məşğul olmuşdursa və partlayış həyata keçirilmişdirsə, elə ilk partlayış həyata keçirilərkən bunu bilməyə məcbur idi, bununla bağlı müvafiq qurumlara və nəhayət məhkəməyə vaxtında müraciət etməli idi. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı uzun müddət ərzində baş verməsini bildirdiyi partlayışlara heç bir reaksiya göstərməmiş, səssiz qalmış, hər hansı orqana 2005-ci ildən sonra uzun illər ərzində müraciət etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı birinci instansiya məhkəməsinin qəbul etdiyi 16 mart 2023-cü il tarixli qərardadla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-68/2022 saylı, 21 iyul 2022ci il tarixli qətnaməsində və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2063/2021 saylı, 23 iyul 2021-ci il tarixli, 2(002)-2063/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli, 2(002)- 68/2022 saylı, 24 noyabr 2021-ci il tarixli, 2(002)-68/2022 saylı, 20 aprel 2022-ci il tarixli, 2(002)-68/2022 saylı, 16 iyun 2022-ci il tarixli və 2(002)-68/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərardadlarında buraxılmış yanlışlıqların düzəldilməsi, qətnamənin və qeyd edilən qərardadların giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsində göstərilmiş “X15” adının “İddiaçı” kimi oxunması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, icarəyə verilmiş torpaq barəsində Sərəncam və Müqavilənin 15 illik müddəti (xx.xx.2005-xx.xx.2020) bitmişdir. İşə əlavə olunmuş sənədlərdən və iddia ərizəsindən göründüyü kimi, onun "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətindən və “X6 və X1 Quarry” Tam Ortaqlı müəssisəsinə qarşı məhz xx.xx.2005-xx.xx.2020-ci il müddət ərzində ona vurduğu ziyana görə irəli sürülüb. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərinə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığlna görə onun həmin torpaqlara guya subyektiv hüququ yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti daşınmaz əmlaka hüquq verən yox - hüququ dövlət qeydiyyatına alan orqandır. Həmin torpaq sahəsinə hüququ Abşeron Rayon İcra Hakimiyyəti verə bilər və vermişdir. Abşeron rayon İcra hakimiyyəti ilə aralarında bağlanmış 387 saylı xx.xx.2005-ci il tarixli Torpaq İcarə müqaviləsi və müvafiq hüquqi sənədlər əsasında hal-hazırda Bakı şəhəri Qaradağ rayon ərazisində yerləşən 7 (yeddi) hektar “Sahə” adlanan ərazi ona uzun müddətə icarəyə verilmişdir (Sərəncam və müqavilə işə əlavə edilib). O ki, qaldı “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbayacan Respublikasının Qanunlarının tələblərinə əsasən xüsusi lisenziyanın alınması səbəbi məhz həmin torpaq sahəsinin yararsız hala salınması səbəbindən dağ mədən işlərinin mümkünsüzlüyü və bu uzunmüddətli məhkəmə çəkişməsidir. Təbii ki, həmin torpaq sahəsi cavabdehlər tərəfindən yararsız hala salınmasa idi istehsal üçün müvafiq icazələr alınacaqdı. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə görə cavabdehlərin icarəsində olan həmin torpaq sahəsində partlayışların apardığı, istismarı faktı təsdiqini tapmışdır və eləcə də dəymiş ziyanın miqdarı müəyyən edilmişdir. Məhkəmənin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks keçirdiyi və 6 mütəxəssis və ekspertin imzaladığı rəyi nəzərə almaması başa düşülən deyil və faktiki olaraq ekspert rəyini əsasız rədd etməsi qanuna ziddir. Digər tərəfdən iş üzrə məhkəmənin öz təşəbbüsü ilə dəvət etdiyi və dindirdiyi şahidlər birmənalı olaraq bildirmişlər ki, partlayışlar iddiaçıya ayrılmış Bakı şəhəri, Qaradağ rayon ərazisində yerləşən həmin 7 hektar torpaq sahəsində aparılmışdır və iddiaçıya ******* (dörd milyon doqquz yüz min) manat ziyan dəymişdir. Məhkəmə heç bir tutarlı əsas və səbəb gətirmədən iddiaçının xeyrinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi yoxlama və müayinə nəticəsində ərazinin yarasız hala düşməsinin səbəbi kimi iş üzrə cavabdehlərin keçirdiyi partlayış və istismarı haqqında arayışlarını, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyini, şahidlərin ifadələrini əsaslandırmadan, qanunsuz olaraq rədd etmişdir. Qeyd olunanlardan göründüyü kimi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticə işin hallarına uyğun gəlmir, əsassız və qanunsuz olduğu üçün ləğv edilmədir.

b) Apellyasiya şikayətinə qarşı "xxxx" (Azərbaycan) açıq səhmdar cəmiyyəti tərəfindən yazılı etiraz təqdim olundu.

20. Etirazda yekun olaraq cavabdehin iddiaçıya ziyan vurması barədə iddia əsaslı sübut və sənədlərlə sübut olunmadığından, məhkəmənin işin hallarını düzgün araşdırdığı, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi və qanuni qətnamə çıxardığı üçün apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

21. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

22. Məhkəmə iclasında cavabdeh "xxxx" (Azərbaycan) açıq səhmdar cəmiyyətinin nümayəndəsi X20 apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin rədd olunmasını xahiş etdi.

23. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

24.Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

27. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

29. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

30. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

31. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

32. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. Ancaq iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

33. Belə ki, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının ona ayrılmış torpaq sahəsinə cavabdehin qanunsuz daxil olaraq orada partlayışlar törətməsini bəyan etməsi həqiqətən də cavabdeh tərəfindən ona zərər vurulduğu qənaətinə gəlmək üçün əsas vermir. Çünki, iddiaçıya zərər vurulduğu həqiqi olsa belə cavabdeh tərəfin hərəkətləri yaxud hərəkətsizliyi ilə zərər arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır.

34. Belə ki, iddiaçıya həqiqətən də qanuni əsaslarla torpaq sahəsi ayrılmışdırsa və icarə müqaviləsi bağlanmışdırsa buna dair hüquqlar Mülki Məcəllənin 139.1-ci, Torpaq Məcəlləsinin 66.2-ci, 67.3-cü, 68-ci maddələrinin imperativ tələbinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və çıxarışla rəsmiləşdirilməli idi. Çünki, torpaq sahəsi üzərində yaranan hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Lakin xx.xx.2005-ci ildən xx.xx.2020-ci ildək, 15 il müddətinə bağlanmış icarə müqaviləsi üzrə torpaq sahəsi üzərindəki icarə hüququ dövlət qeydiyyatına alınmamış və icarə müqaviləsi qüvvəyə minməmişdir.

35. “Lisenziyalar və icazələr haqqında” Qanuna, “Yerin təki haqqında” Qanunun 7,8, 10, 27-ci maddələrinə, Nazirlər Kabinetinin 1999-cu il tarixli 9 yanvar tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğular tikmək və istismar etmək məqsədilə “Dağ mədən ayırması” statusunun verilməsi Qaydaları”na əsasən yerin təkindən faydalı qazıntıların çıxarılması üçün dağ-mədən ayırma aktı və lisenziya alınmalıdır, dövlət qeydiyyatı alınmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır. Yerin təkindən istifadə hüququ qanuna əsasən icazə alındığı andan yaranır. Lakin iddiaçıya ayrılmış sahədə faydalı qazıntı çıxarılması üçün ona dağ-mədən ayırma aktı verilməmişdir. Ən azından iddiaçı tərəfindən həmin icazə və lisenziya sənədləri təqdim olunmur. Ona görə də iddiaçının həmin sahədə yer-mədən fəaliyyəti göstərməyə qanuni əsaslarla hüquqi yaranmadığına görə ona hər-hansı formada zərər də vurula bilməzdi.

36. X10 Görülməsi və Dağ-mədən X5 xx.xx.2020-ci il tarixli məktubunda partlayış işlərinin iddiaçıya ayrılmış sahədə yox, həmsərhəd ərazidə aparıldığı qeyd olunmuşdur, lakin onun hansı illərdə aparıldığı və məhz həmsərhəd ərazidə aparılan partlayışlar nəticəsində iddiaçıya ziyan vurulduğu qeyd olunmamışdır. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional idarəsinin xx.xx.2020-ci il tarixli məktubunda həmin ünvanda 300 hektara yaxın sahənin metal torla hasara alındığı, partlayış işlərinin əvvəlki illərdə aparıldığı və iddiaçıya ayrılmış 7 ha torpaq sahəsinin hasara alınmış həmin ərazinin daxilində olduğu qeyd olunsa da həmin məktubda bu torpaq sahəsində və həmsərhəd ərazidə partlayış işlərinin kim tərəfindən və hansı dövrdə aparıldığı, partlayış nəticəsində cavabdeh tərəfindən iddiaçıya ziyan vurulduğu qeyd olunmur. Ona görə də həmin məktublar mötəbər sübut kimi qəbul edilə bilməzdi.

37. xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilir ki, partlayışların xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək olan dövrdə keçirilməsini müəyyən etmək mümkün deyil, ona görə də ziyanın vurulması barədə ekspert rəyinin olması barədə şikayətin dəlilləri də qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz..

38. Bundan əlavə, iddiaçı cavabdehin ona ayrılmış torpaq sahəsinə qanunsuz daxil olaraq partlayış törədərək ona ziyan vurduğunu göstərsə də, hansı vaxtda və tarixdə , hansı qaydada müdaxilə etdiyini, hansı tarixdə qazıntı və partlayışlar həyata keçirdiyini, ərazinin yararsız hala düşməsi və bunun cavabdehin hərəkətləri nəticəsində baş verməsi, tələb etdiyi ziyanın hansı əsaslarla və düsturlara görə hesablandığı, ona ayrılmış sahədə 15 illik müddətdə hansı fəaliyyəti həyata keçirdiyi, hansı dövriyyədə işlər gördüyü, nə qədər həcmdə və məbləğdə mişar daşı istehsal etdiyi, bu işlərlə bağlı gəlir və xərcləri göstərən sənəd və sübutları təqdim etməmişdir. Başqa sözlə, ona ayrılmış sahədə 15 illik müddətdə hansı fəaliyyəti həyata keçirdiyinə, hansı dövriyyədə işlər gördüyü, nə qədər həcmdə və məbləğdə mişar daşı istehsal etdiyi, bu işlərlə bağlı gəlir və xərcləri göstərən sənəd və sübutları təqdim etmir, ancaq cavabdehlərin ona “vurduğu zərəri” konkret rəqəmlərlə göstərir. Bu işdə də ona açıq-aşkar əsassız olan ekspert və mütəxəsis rəyləri də “yardımçı” olur. Buna görə də cavabdehlər tərəfindən iddiaçıya ziyan vurulması barədə dəlillər əsassız sayılır.

39. Bundan başqa, iddiaçı qeyd edib ki, cavabdehə qarşı iddia tələbi təmin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-184/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı qüvvəyə minmişdi. Ancaq hazırki iş üzrə cavabdeh, həmin işdə cavabdeh yox, üçüncü şəxs olmuş, qərar cavabdeh Qaradağ rayon İcra Hakimiyyətinə qarşı çıxarılmışdır. Həmin qərarda iddiaçıya ayrılmış torpaq sahəsində cavabdehin hər-hansı işləri aparılması barədə heç bir qeyd yoxdur və ona qarşı hər hansı öhdəlik müəyyən edilməmişdir. Buna baxmayaraq, cavabdehin etiraza əlavə etdiyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-15/2022 saylı qərarından görünür ki, hazırki iş üzrə cavabdehin şikayət təmin edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-184/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçının iddiası rədd edilmişdir. Demək ki, iddiasını “əsaslı” hesab etmək üçün iddiaçının istinad etdiyi məhkəmə qərarı artıq ləğv edildiyindən şikayətin əsaslılığı bu hissədə də əhəmiyyətini itirmiş olur.

40. Ən nəhayət "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2145/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, həmin sərəncam etibarsız hesab edilmişdir. Sərəncamın etibarsız hesab edilməsinin əsası kimi Bakı İnzibati Məhkəməsi 2-1(112)-2145/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında mövqeyini belə əsaslandırmışdır ki, yay və qış otlaqları, örüş və biçənək sahələri yalnız kənd təsərrüfatı məqsədilə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə ayrıla bilər, həmin torpaq sahələri digər məqsədlə ayrıla və istifadə edilə bilməz. Kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı yalnız Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilə bilər və təyinatı dəyişdirildikdən sonra digər məqsədlə ayrıla və istifadə edilə bilər. Cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti müvafiq səlahiyyəti olmadan özünün sərəncamında qeyd etdiyi kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsini sənaye məqsədləri üçün istifadə edilməsindən ötrü İddiaçı ayırmışdır. Beləliklə, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı məhkəmənin qərarı əsasında etibarsız hesab edildiyi üçün iddiaçının həmin torpaq sahəsi üzərində qanuni olaraq hər hansı bir hüququ yoxdur və cavabdehin ona ziyan vurması barədə istinad etdiyi arqumentlər də tam əsassız hesab edilməlidir.

41. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-68/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-68/2022 saylı, 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar