Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4558/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Mahir Əliyevin, Cavabdeh1 MMC-nin nümayəndəsi Ziyabi Hacıyevin və cavabdeh Azərbaycan Avtomobil X2 nümayəndəsi Taleh Rüstəmovun iştirakı ilə, iddiaçı “xxxx” Bank Olmayan Kredit Təşkilatı QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Azərbaycan X5 Agentliyi və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” BOKT QSC və cavabdeh Azərbaycan X5 Agentliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 3.388.993 manat, faiz borcu kimi 1.095.582,58 manat məbləğində pul cavabdeh (kredit alan) Cavabdeh1 MMC-dən və cavabdeh (zamin) Azərbaycan Avtomobil Yollarə Dövlət Agentliyindən iddiaçının xeyrinə tutulsun, tutma Cavabdeh3 (ipoteka qoyana) məxsus, ipoteka predmeti olan, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolunun 9-cu km, 10 ünvanında yerləşən əmlak kompleksinə (“Qızıl Balıq” X1) yönəlsilsin, əmlakın satışından əldə edilən pul borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ kredit alan və zamindən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 2.295.404,07 manat məbləğində pul Cavabdeh1 MMC (kredit alan) və Azərbaycan X5 Agentliyindən (zamindən) müştərək qaydada tutularaq iddiaçıya verilsin və tutma ipoteka predmeti olan, Cavabdeh3 (ipoteka qoyana) məxsus olan əmlaka yönədilsin, əmlakın ilkin satış qiyməti 5.800.000 manat müəyyən edilsin, əmlakın satışından əldə edilən pul borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ kredit alan və zamindən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin olunmasın. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdeh Azərbaycan Avtomobil X2 apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, iddia Agentliyə aid hissədə rədd edilsin. Cavabdeh3 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Mahir Əliyev iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh1 MMC-nin nümayəndəsi Ziyabi Hacıyev iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu, cavabdeh Azərbaycan Avtomobil X2 nümayəndəsi X4 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamənin 2 hissəsi yoxlanılır: 1) kredit müqaviləsi üzrə faiz borcunun tutulması barədə tələbin rədd edilməsinə aid hissəsi; 2) kredit müqaviləsi üzrə borcun zamindən tutulmasına aid hissəsi. Belə ki, bundan əvvəl işə apellyasiya qaydasında baxılmış, Bakı Apellyasiya Məhkəməsinin 11.02.2020-ci il tarixli qətnaməsi ilə qət olunmuşdur ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin, cavabdeh Azərbaycan Avtomobil X2 apellyasiya şikayəti təmin edilsin, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin, qətnamə qismən – faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində və cavabdeh Azərbaycan Avtomobil X3 aid hissədə ləğv edilsin, 965.174,24 manat faiz borcu Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya verilsin, iddia cavabdeh Avtomobil X3 aid hissədə rədd edilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ali Məhkəmənin 18.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi 2 hissədə - faiz borcunun tutulması və zaminliyə xitam verilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə 3 apellyasiya şikayəti var, onlardan biri – Cavabdeh3 (ipoteka qoyanın) apellyasiya şikayəti qətnamənin hazırda yoxlanılan hissələrinə aid deyil. Ona görə də hazırda 2 apellyasiya şikayətinə - iddiaçının apellyasiya şikayətinə və cavabdeh Azərbaycan Avtomobil X2 apellyasiya şikayətinə baxılır. Qətnamənin yoxlanılan hissələri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Faiz borcu barədə Kredit verən İddiaçı ASC olub, o, tələb hüququnu “xxxx” ASC-yə güzəşt edib, bununla da kredit münasibətində hüquq varisliyi baş verib, yəni əvvəlki kreditor İddiaçı ASC-ni yeni kreditor “xxxx” ASC əvəz edib. 01.04.2011-ci il tarixli kredit müqaviləsinə əsasən kredit verən tərəfindən kredit alan Cavabdeh1 MMC-yə illik 16 faiz dərəcəsi ilə 5.770.000 manat məbləğində kredit verilmiş, kredit müddəti 36 ay, yəni 01.04.2014-cü il tarixədək müəyyən edilmişdir. Daha sonra kredit verən ilə kredit alan arasında kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 09.04.2014-cü il tarixli razılaşma (1 saylı əlavə) əldə olunmuş və müqavilənin müddəti 36 ay uzadılmaqla kredit vəsaitindən istifadə müddətinin 11.04.2017-ci il tarixdə bitməsi razılaşdırılmışdır (cild 1, iş v. 84). Məhkəmə-mühasibat ekspertizasının 25.07.2019-cu il tarixli 30468 nömrəli rəyinə görə müqavilə müddətinin bitdiyi 11.04.2017-ci il tarixə faiz borcu 965.174,24 manat təşkil edir. Birinci instansiya məhkəməsi faiz borcunun tutulması barədə tələbi ona görə rədd etmişdir ki, müqavilənin müddəti uzadılarkən 01.04.2014-cü il tarixdən sonra faizlərin ödənilməsi müəyyənləşdirilməmiş, yeni ödəniş cədvəli əlavə edilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, Mülki Məcəllənin 397.3-cü maddəsinə görə bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. Kredit müqaviləsi əvəzli müqavilədir: müqavilədə göstərilən faiz başqasının pul vəsaitindən istifadəyə görə ödənilməli olan əvəzdir, yəni istifadə haqqıdır. Kredit müqaviləsinin müddətinin uzadılması barədə razılaşma (1 saylı əlavə) kredit müqaviləsinin tərkib hissəsi hesab olunur. Həmin razılaşmanın məzmunundan və ya mahiyyətindən ayrı qayda irəli gəlmədiyinə görə 397.3-cü maddənin tələbi baxımından belə hesab olunur ki, razılaşma pul vəsaitindən istifadəyə görə əvəz (istifadə haqqı) ödənilməli olduğunu ehtiva edir. Həmçinin nəzərə alınmalıdır ki, kredit verən kommersiya hüquqi şəxsidir. Mülki Məcəllənin 43.5-ci maddəsindən görünür ki, kommersiya hüquqi şəxslərinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir. Ona görə də kredit verənin həmin razılaşma (1 saylı əlavə) ilə pul vəsaitinin heç bir əvəz (istifadə haqqı) ödənilmədən 36 ay müddətində başqa şəxsdə qalmasına razılıq verməsi ağlabatan deyil. Beləliklə, məhkəmə Mülki Məcəllnin 425, 739 və 741-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə tələb qismən təmin edilməli, faiz borcu kimi 965.174,24 manat Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulması barədə tələbin qalan hissəsi təmin edilməməlidir. Zaminlik barədə: Kredit müqaviləsinin təminatı kimi kredit verən ilə “xxxx” ASC arasında 01.04.2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Sonradan “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmış, daha sonra “xxxx” ASC “Azərbaycan X5 Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Kredit verən ilə kredit alanın arasında kredit müqaviləsinin müddətinin 36 ay artırılması barədə 09.04.2014-cü il tarixli razılaşma (1 saylı əlavə) əldə edilərkən zaminin buna razılığı alınmamışdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə görə zaminin razılığı olmadan zaminliyin təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminlik xitam olunur. Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli qərarından görünür ki, kredit müddətinin zaminin razılığı olmadan artırılması 477.0.1-ci maddənin təsiri altına düşür. Ona görə də zaminlik xitam olunub. Beləliklə, qətnamə zamin Azərbaycan Avtomobil X3 aid hissədə ləğv edilməli və ona qarşı yönəlmiş tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “xxxx” BOKT QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Avtomobil X2 apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində və cavabdeh Azərbaycan Avtomobil X3 aid hissədə ləğv edilsin. Faiz borcunun tutulması barədə tələb qismən təmin edilsin. Faiz borcu kimi 965.174,24 (doqquz yüz altmış beş min yüz yetmiş dörd tam yüzdə iyirmi dörd) manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “xxxx” Bank Olmayan Kredit Təşkilatı QSC-yə ödənilsin. Faiz borcunun tutulması barədə tələbin qalan hissəsi rədd edilsin. İddia Azərbaycan Avtomobil X3 aid hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4558/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4558/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver