Məhkəmə qərarları › İş №2(103)-4559/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4559/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4559/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5281/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X3” ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 30107.17 AZN əsas, 147.3 AZN faiz, 216.92 AZN cərimə, cəmi 3471.12 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxxxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30% ödəmək şərtilə 500 AZN məbləğində kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.16-cı bəndinə əsasən “Bu Müqavilə üzrə “Borcverən” kredit xəttinin limitini 20000 AZN-ədək artıra bilər”. Bu müqavilənin 1.3-cü bəndinə əsasən “Bu halda borcalanın razılığı tələb olunmur”. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə «xxxxxxx» KB ASC-yə 3107.17 AZN əsas, 147,03 AZN faiz, 216,92 AZN cərimə, cəmi 3471,12 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı iddia tələbinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 284.1, “Dövlət eüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 74, 284-1, 284-3-cü maddələrinə istinad etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5281/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli №3401nkBANK/18 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixi üçün 3107.17 AZN əsas, 147.03 AZN faiz, 8 manat dəbbə pulu olmaqla, ümumilikdə 3262.2 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5281/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxxxxx KB ASC"-yə müqavilə əsasında aylıq ödənişini həmişə müqavilədə göstərilən tarixdən əvvəl, vaxtlıvaxtında ödəmiş və bankdan aldığı məbləğin iki qatını banka qaytarmışdır. 2018-ci ilin iyul ayında "xxxxxxx KB ASC"-nin Nərimanov filialından iddiaçıya xarici valyuta ilə qeyd edilmiş müqavilənin milli pul vahidi manatla hesablanmış müqaviləyə keçirilməsi tövsiyə olunmuş və iddiaçı bu təkliflə razılaşmışdı. xx.xx.2018-ci il tarixdə "xxxxxxx KB ASC"-nin Nərimanov filialında iddiaçı yeni müqaviləyə imza atmış və həmin müqaviləyə əsasən aylıq ödənişlərini milli pul vahidi manatla həyata keçirməyə başlamışdır. xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər iddiaçı “xxxxxxx” KB ASC-yə 1272 (bir min iki yüz yetmiş iki) manat pul ödəmişdir. xx xxxxxx 2019-cu il tarixdə ölkə başçısı cənab prezidentin problemli kreditlərlə bağlı fərmanı imzalandı. 2019-cu ilin mart ayında iddiaçının mobil telefonuna X2 Palatasından - Problemli kreditlərin kompensasiyasına dair sənəd şəklində mesaj daxil olmuşdur. Həmin sənəddə iddiaçıya aid bütün məlumatlar qeyd olunub. Bu sənədə əsasən - kompensasiyanın köçürüldüyü ödəniş kartının əldə olunacağı kredit təşkilatı "xxxxxxx KB ASC"-dən iddiaçı 3449 (üç min dörd yüz qırx doqquz) manat kompensasiya almalı və xx.xx.2019-cu il tarixdə həmin məbləği "xxxxxxx KB ASC"-nin Bakıxanov filialından əldə etmişdir. X2 Palatasından mobil telefonuna daxil olan mesajlı sənəddə - ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissə (izahlı) - bölməsində - xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) - hər hansı bir məbləğdə borcun olması qeyd olunmamışdır. Lakin "xxxxxxx KB ASC" iddiaçının banka borcu olması barədə Suraxanı rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı hesab edir ki, onun “xxxxxxx KB” ASCyə heç bir borcu qalmamışdır. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş, lakin məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № 3401nkBANK/18 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxxx» KB ASC tərəfindən Cavabdeh illik 12 faiz olmaqla, 24 ay müddətinə qaytarmaq şərti ilə 4484 (dörd min dörd yüz səksən dörd) manat məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli və kredit müqaviləsinin əlavəsi olan xx.xx.2018-ci il tarixli sənədindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 212 manat olmaqla xx.xx.2020-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli saylı № 3401nkBANK/18 kredit üzrə bank hesabı müqaviləsinə əsasən xx xxxxxxxx 2019-cu il tarixinə 3107,17 manat əsas borc, 147,03 manat faiz borcu və 216,92 manat cərimə borcu olmaqla ümumilikdə 3471,12 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “xxxxxxx” KB ASC tərəfindən göndərilən bildirişə əsasən, xx.xx.2018-cı il tarixli, 3401nkBANK/18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka xx xxxx 2019-cu il tarixinə 3107,-17 AZN əsas, 99,10 AZN faiz, 81,95 AZN cərimə, cəmi 3288,22 AZN borcu yaranmışdır. Cavabdeh borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edifməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası mülki hüquq qanunvericiliyinin müddəlaları baxımından «xxxxxxx» KB ASC ilə cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunun qaytarılması ilə bağlı tələbləri də məhz qanunverici tərəfindən müqavilədən əmələn gələn öhləliklər üçün nəzərdə tutulmuş hüquq normalarının çərçivəsində dəyərləndirilməlidir. Cavabdeh ilə iddiaçı «xxxxxxx» KB ASC arasında xx.xx.2018-cı il tarixdə kredit müqaviləsi bağlanması (i.v. 9-11) və həmin müqaviləyə əsasən cavabdehin bankdan götürdüyü 4484 (dörd min dörd yüz səksən dörd) manat krediti, 12 faiz olmaqla, 24 ay müddətinə qaytarmağı öhdəsinə götürməsi işin mübahisələndirməyən halına aiddir. Kollegiya cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi səbəbindən 3107.17 manat əsas, 147.03 manat faiz, 08 manat dəbbə pulu olmaqla, ümumilikdə 3262.20 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı mövqeyini qeyd olunan maddələrin tələblərinə uyğun hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddia olunan məbləğin ödənilməsinə dair hər hansı sübutun məhkəməyə təqdim etməsi iş materiallarında aşkar olunmamışdır. Halkbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, Kollegiya birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə dəbbə pulunun 08 manat məbləğində müəyyən etməsi ilə bağlı mövqeyini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, Kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulu qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi səbəbindən 3107.17 manat əsas, 147.03 manat faiz, 08 manat dəbbə pulu olmaqla, ümumilikdə 3262.20 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5281/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar