Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4560/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Səma” fərdi firmasının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4560/2023 (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “Səma” fərdi firmasının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(008)-5172/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 19 iyul 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “Səma” fərdi firması ilə Cavabdeh mərhum əri X7 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqviləyə əsasən X7 2013-2015-ci illər ərzində nisyə olaraq iddiaçıdan aldığı un məmulatlarına görə 165.000 manat məbləğində yaranmış borcu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş üzrləşmə aktına əsasən onun şirkətə 15507,60 manat məbləğində borcu qalmışdır. Sonradan həmin borc məbləği azalmış və daha sonra 26532,80 manatadək artmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “Səma” fərdi firması cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26532,80 manat məbləğində borcun və ödənilmiş 169,6 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, “Səma” fərdi firması ilə X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən X5 iddiaçıya 165.000 manat məbləğində borcu vardır. Həmin borc məbləği 2013-2015-ci illər ərzində X5 iddiaçıdan nisy aldığı un məmulatlarına görə yaranmışdır. Sonuncu həmin borcunu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin o, öhdəliklərini qismiən icra etmiş, 138467,20 manat borcu ödəmiş, 26532,80 manat borcu qalmışdır. X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun vərəsəsi – həyat yoldaşı Cavabdeh mirası qəbul edərək, mərhuma məxsus nəqliyyat vasitəsini öz adına sənədəlşdirmişdir
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5172/2022 nömrəli 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın qismən təmin edilməsi, Cavabdeh 10.500 manat məbləğində borc və ödənilmiş 67,11 manat dövlət rüsumu iddiaçı “Səma” fərdi firmasının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.3, 375.1, 375.2, 377.1, 380.1, 380.2 385.1, 386.1, 389.1,433.1, 442, 448.1, 448.2, 739.1, 739.2, 1151.1, 1243.3, 1306.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun onunla əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh tərəfindən mərhum ərinin 12.000 manat borcu xx.xx.2022-ci il tarixdə digər kreditora ödənildiyi üçün cavabdeh vərəsə kimi tək iddiaçı şirkət qarşısında deyil, bütün kreditorlar qarşında aldığı aktiv dəyərində məsuliyyət daşıyır. Cavabdeh təqdim etdiyi və məhkəmənin sübut kimi qəbul etdiyi “Hazartürk LTD”-nin kassa mədaxil orderinin tarixi xx.xx.2022-ci ildir. Cavabdeh xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında ərinin vərəsəsi kimi tanınmış və adıçəkilən avtomobildən miras əmlak kimi irs almışdır. Cavabdeh özünün etirafına görə xx.xx.2022-ci il tarixdə həmin avtomobili 22.500 manata X2 etibarnamə əsasında satmışdır. Bu faktın özü sübut edir ki, Cavabdeh qıznın "Hazartürk LTD"-yə ödədiyi 12.000 manat pul, miras əmlak olan avtomobilin satışından əldə edilən pul deyildir.
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə çıxararaq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə mərhum əri arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən borcun xx.xx.2018-ci il tarixə kimi qaytarilması öhdəliyi götürülür. Belə olduqda bu tarixdən keçən 3 il ərzində iddia qaldırıla bilərdi. İddia müddəti 12.2021-ci il tarixdə bitib. İşdə üzləşmə aktıda var ki, xx.xx.2020-ci ilə 165 mindən 15507 manat 60 qəpik borcu qalıb. Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. O ki qaldı yoldaşının 2018-ci ildən sonrada mal götürməsinə bunu təstiq edən heç bir qanuni və ya qanunsuz sübut yoxdur. İddiaçının jurnalında birtərəfli qaydada nə vaxtsa hansısa qeydlər yazması sübut hesab edilə bilməz. Bu jurnala mərhum erinin imza etməsinə ekspertiza keçirilməmişdir. Mal buraxılmasına qaimə yoxdur. 2018-ci ildən sonra hansısa malı hansı şərtlərlə götürməsinə notariusda təstiq edilmiş müqavilədə yoxdur. 2018-ci ildən sonra götürülməsi iddia edilən mallara dedikləri düz olsa belə işdə olan 2015-ci ilin müqaviləsi tətbiq edilə bilməz. Bu müqavilə mərhumun 165 min borcunun olmasının etirafı və borcu ödəməsinə öhdəliyi barədədir. Ona hansısa şərtlərlə mal verilməsinə dair deyil. Bu müqavilədə gələcəkdə mal götürməsinin şərtləri mövcud deyil. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən sənədləri, borcun etiraf müqaviləsindən sonra borcun yaranmasına, öhdəliyin olub-olmamasına, maşının nikah dövründə alınmasını, 50 faizinin onun mülkü olmasını, iddia tələbinin miras payından artıq hissəyə verilməsini araşdırmamışdır. Bundan əlavə işdə mərhumla 30 11.1994-cü il tarixdə rəsmi nigaha daxil olmağına və evlənməklərinə dair rəsmi sənəd var. Göründüyü kimi mübahisələndirilən miras əmlak birgə nigah dövründə əldə edildiyindən Ailə Məcəlləsi və Mülki qanunvericiliyin tələbləri baxımından 50 faizi onundur. Qalan 50 faiz isə vərəsəlik yolu ilə keçmişdir ki, bu səbəbdən iddiaçının istinad etdiyi qanunlara görə belə satışdan adə edilən pulun 50 faizi tələb oluna bilərdi.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.
12. Məhkəmə baxışı zamanı cavabdeh və onun nümayəndəsi-vəkili onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini etiraz edərək, onun təmin olunmamasını xahiş etmişlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
14. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
15. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
16. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
17. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hünuqunun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.
20. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
21. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır, fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
25. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.
28. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
29. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər
30. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
32. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
40. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Səma” fərdi firması ilə cavabdehin mərhum əri X7 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqviləyə əsasən X7 2013-2015-ci illər ərzində nisyə olaraq iddiaçıdan aldığı un məmulatlarına görə 165000 manat məbləğində yaranmış borcu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş üzrləşmə aktına əsasən onun şirkətə 15507,60 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən təqdim edilmiş jurnalda da xx.xx.2020-ci il tarixə olan 15507,60 manat məbləğində borc öz əksini tapmışdır. Sonradan həmin borc məbləği azalmış və daha sonra 26532,80 manatadək artmışdır. X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X5 öldüyü günə mülkiyyətində 99SZ059 dövlət qeydiyyat nişanlı GMC TERRAİN minik markalı avtomobil olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 4 saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisinə müraciət edərək həçmin avtomobilə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Digər vərəsələr onun xeyrinə miras əmlakdan imtina etmişdilər. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Cavabdeh ərinin vərəsəsi kimi tanınmış və adıçəkilən avtomobildən miras əmlak kimi irs almışdır. xx.xx.2022-ci il tarixli BA165398 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında avtomobil Cavabdeh sahibliyinə keçmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə həmin avtomobilə dair X2 etibarnamə vermişdir (özünün izahatına əsasən etibarnamə əsasında 22500 manata satmışdır).
42. Hazırda isə iddiaçı X5 borcunu onun varisi kimi Cavabdeh tələb edir.
43. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən vərəsə miras qoyanın kreditorları qarşısında yalnız miras qalmız əmlak həddində məsuliyyət daşıyır.
44. X1 isə yalnız 99SZ059 dövlət qeydiyyat nişanlı GMC TERRAİN minik markalı avtomobil miras qalmışdır.
45. İş materiallarından müəyyən olunur ki, X7 ilə hazırki Cavabdeh xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Qeyd edlən avtomobil isə birgə nikah dövründə əldə olunmuşdur.
46. Ailə qanunvericiliyin və mülki qanunvericiyin tələbinə əsasən birgə nikah dövründə əldə olunmuş əmlak ər və arvadın birgə mülkiyyəti hesab olunur.
47. İş materiallarından müəyyən olunur ki, avtomobil 22.500 manata satılmışdır. Avtomobilin qitmətini və bu qiymətə satılmasını iddiaçı tərəf də mübahisələndirmir.
48. Qeyd olunalara əsasən kollegiya hesab edir ki, avtomobil birgə nikah dövründə əldə olduğundan və həmin əmlakın satışından əldə olunan gəlir birgə əmlak olduğundan 22.500 manatın 11250 manata Cavabdeh öz şəxsi mülkiyyəti hesab olunur.
49. Belə olan halda, Cavabdeh mərhum ərinin kreditorları qarşısında miras əmlakının satışından əldə olunan gəlirin onun ərinin payına düşən 11250 manat hissəsində məsuliyyət daşıyır.
50. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
51. İş materiallarında olan «Hazartürk LTD» tərfindən verilmiş xx.xx.2022-ci il tarixli 25 №-li arayışa əsasən Cavabdeh adıçəkilən avtomobilin satışından əldə edilmiş vəsaitdən 12000 manat məbləği mərhumun varisi kimi şirkətə ödəmişdir.
52. Məhkəmənin sorğusuna əsasən «Hazartürk LTD» tərfindən verilmiş İRV № 014938 xx.xx.2022-ci il tarixli kassa mədaxil orderində də, həmin məbləğin Cavabdeh tərəfindən X5 öhdəliyinin təmin edilməsi məqsədilə ödənildiyi qeyd olunmuşdur.
53. Göründüyü kimi Cavabdeh ərinin kreditoru qarşısında olan 12000 manat öhdəliyinin əvəzi olaraq, birgə mülkiyyət hesab olunan avtomobilin satışından əldə olmuş gəlirdən X5 payına düşən 11250 manatdan artıq olaraq 12000 manat ödəniş etmişdir.
54. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə X4 başqa miras əmlakı qalmadığı üçün Cavabdeh ərinin kreditorları qarşısında hər hansı məsuliyyəti yoxdur.
55. Cavabdehin apellyasiya şikayətinin iddia müddətinin tətbiqi barədə dəlillərinə qiymət verən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlmişdir.
56. Belə ki, mərhum X5 öhdəliyini xx.xx.2018-ci il tarixədək icra etməli olsa da, o, ölümünə qədər ödənişlər etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ƏHH seriyalı 149083 №-li kassa mədaxil orderindən görünür ki, X7 tərəfindən sonuncu 1600 manat ödənişin xx.xx.2021-ci il tarixdə etmişdir. Odur ki, hazırki münasibətlərdə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı “Səma” fərdi firmasının apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5172/2022 saylı iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “Səma” fərdi firmasının Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova