Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4561/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi (anası) Mütəllimova X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-1444/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının 2020-ci il tarixdən artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1444/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh hal-hazırda işləyir və aylıq qazancı 320 manatdır. Övladı böyüdükcə maddi tələbatları artır və qət edilən 154 manat məbləğində aliment onun maddi ehtiyaclarını ödəmir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh apelyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, o, ayda 320 manat əmək haqqı alır. Hal-hazırda ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan da onun bir qız övladı var. O, ailənin yeganə qazanc gətirənidir. Onkoloji xəstə olan anası da onun himayəsində yaşayır. İddiaçı isə ikinci dəfə ərə gedərək hal-hazırda Türkiyədə yaşayır. Məhkəmə qətnaməsinə əsasən onun azyaşlı qızı Nurayla ünsiyyət hüququnun təmin edilməsi qət olunsa da, İddiaçı uşağı da özü ilə birlikdə Türkiyəyə apararaq onun uşaqla ünsiyyət saxlamasına mane olur. Hesab edir ki, alimentin artırılması barədə İddiaçı iddiası əsassızdır. Buna görə də apelyasiya şikayətinin təmin olunmamasını, qətnamənin qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsininizahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1444/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin birgə nikahından xx xxxxx 2011-ci il təvəllüdlü X5 doğulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin x xxxx 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, X5 anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 110 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-4367/2018 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 154 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 119 №-li arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən N nömrəli hərbi hissədə yanğınsöndürən vəzifəsində işləyir və orta aylıq əmək haqqı 320 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin qəbul olunduğu vaxtdan ötən dövrdə cavabdehin maddi vəziyyətində müsbətə doğru hər hansı dəyişiklik olması barədə iddiaçı tərəf məhkəməyə tutarlı sübut təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin 320 manat məbləğində əmək haqqı ilə işə daxil olması onun maddi vəziyyətində alimentin miqdarının artırılmasına səbəb olan dəyişiklik kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı halda iddianın qiyməti iki min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1444/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4561/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4561/2020
04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver