Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4564/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X3, iddiaçının nümayəndəsi X4, Cavabdeh1 və onun vəkili X5 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-252/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobu park 7 saylı evin 50 saylı mənzilinə köçürülməklə həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 252/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində salınmış Qobu Park yaşayış kompleksindəki 7 saylı evin 50 saylı 3 otaqlı mənzilinə köçürülməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili X8 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi və vəkili X6 və iddiaçının nümayəndəsi X9 isə apellyasiya şikayətinə etiraz etdilər. Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində salınmış Qobu Park yaşayış kompleksindəki 7 saylı evin 50 saylı 3 otaqlı mənzili Dövlət mülkiyyətində olan xüsusi təyinatlı mənzil olmaqla, xx xxxxxx 2018-ci il tarixli 7/50 saylı kirayə müqaviləsi əsasında yaşamaq üçün Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh1, X1, Cavabdeh2 və İddiaçı verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(002)-1556/2019 saylı qətnaməsi ilə Cavabdeh2 ilə İddiaçı arasındakı nikah pozulmuşdur. İddiaçı bildirir ki, artıq bir ilə yaxındır ki, cavabdehlər onu hüququ olduğu mənzildən çıxarmışlar. O, hazırda müvəqqəti olaraq qohumlarının evində yaşayır. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, iddiaçı uzun müddətdir ki, könüllü və daimi olaraq mənzildən gedib və hal-hazırda onların ailə üzvü hesab edilmir. Onların bir evdə yaşamağı qeyri-mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mənzil Məcəlləsinin 98-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 102.1-ci maddəsinin tələblərinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il 65 saylı qərarının 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi xüsusi təyinatlı yaşayış sahələriməcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən onların müvəqqəti istifadəsinə verilir və yalnız kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə dövlət orqanının tələbi ilə həmin mənzildən çıxarıla bilərlər. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı da cavabdehlər kimi məcburi köçkün olmaqla, dövlət tərəfindən xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunaraq oraya köçürülmüş və cavabdehlərlə bərabər hüquqlar, o cümlədən mənzildən istifadə etmək hüququ əldə etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, işin halları ilə bağlı apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-252/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-4564/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4564/2020
16.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver