Məhkəmə qərarları › İş №2(103)-4564/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4564/2023

17.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4564/2023 17.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-833/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. AZ-İ 975706 nömrəli, 31 avqust 2007-ci il tarixli və AZ-İİ 437683 nömrəli, 08 aprel 2010-cu il tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı övladları var.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1308/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3233/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanmaları üçün hər ay qazancının (başa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Lakin aliment məbləğinin ödənilməsində çətinliklər yaranmışdır. Hesab edir ki, hazırki hal uşaqların hüquqlarını kobud surətdə pozur və onların yaxşı şəraitdə böyümələrinə və xərclərinin qarşılanmasına mane olur. Hesab edir ki, aliment məbləği dəyişdirilməli, uşaqlar yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, 2 uşağa görə 500 manat məbləğində aliment cavabdehdən onun xeyrinə tutulmalıdır.

5. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-833/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər biri üçün 250 manat olmaqla, ümumilikdə 500 manat aliment tutulmasını xahiş etsə də, hər hansı bir meyara istinad etməklə bu mövqeyini əsaslandırmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı aylıq əmək haqqısı 1086.67 manat təşkil edir, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1308/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində göstərilmişdir ki, Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı CÇM-də baş inspektor vəzifəsində işləyir və (əlavələrlə birlikdə) 1159,95 manat əmək haqqı alır. Məhkəmə qanunvericiliyin tələbini, eləcə də valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq, aliment məbləğinin artırılaraq - dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab etmir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1, 76.1.2, 78.1, 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli Qərarının 8.14-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-833/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3233/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başa gəlirlərinin) 1/3 hissəsimiqdarında alimentin tutularaq alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Lakin aliment məbləğinin ödənilməsində çətinliklər yaranmışdır. Hesab edir ki, hazırki hal uşaqların hüquqlarını kobud surətdə pozur və onların yaxşı şəraitdə böyümələrinə və xərclərinin qarşılanmasına mane olur. Hesab edir ki, aliment məbləği dəyişdirilməli, uşaqlar yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, 2 uşağa görə 500 manat məbləğində aliment cavabdehdən onun xeyrinə tutulmalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulmalı olduğu halda nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, o müəllimə işləyir və 1086 manat maaş almır. O, 42 saylı məktəbdə işləyir, dərs saatı azdır və heç vaxt o qədər maaş almayıb. Maaşdan da elə çıxdı ki, hərəsinə 3-5 manat artım oldu. İndi o iki uşağa bir yerdə 326 manat alır, ondan da əvvəl 320 manat alırdı. Hazırda çatdıra bilmir, böyük övladı artıq on birinci sinifdə oxuyur. Universitetə hazırlaşır, repititor yanına getməlidir. Atanın köməyi də yoxdur, köməyi olsa o istəməz. Kömək istəyəndə o, yaxın durmur. Uşaq nəsə istəyəndə deyir ki, onun pulu yoxdur, ona görə də minimum nə qədər artıbsa, onu istəyir. Onun başqa bir ailəsi, uşağı da yoxdur ki, ona xərcləsin. O məcbur olmasa, məhkəməyə müraciət etməz. Cavabdeh ona bir mülk, ev verməyib ki, ondan pul istəməsin. Ancaq maaşdan 326 manat ödəyib. İki ildir cavabdeh uşaqları dənizə də aparmır, adi bir şeyi də etmir. Uşaqlar stressə düşürlər. Bu il xərcləri çox olacaq. Ona elə gəlir ki, maaşından tutulmur o özü ödəyir. O 326 manat aliment alır, əvvəl 320 manat alırdı. Barışıq istəmir, indiyə qədər uşaqların əziyyətini o çəkib.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, ona rəsmi məktub gəldi ki, əlavə gəlirdən də tutulacaq. O uşaqlara əlavə pul da verib, onları gəzdirir. Yüksək maaş da almır. 900 manat alır. Əlavə də uşaqları görəndə verir. İddiaçı da maaşını gizlədir. 440 manat aliment ödəməyə razıdır. 7 X5 rəisin köməkçisi işləyir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində qeyd edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. (Maddə 84.1)

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

18. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

23. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1308/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3233/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

24. İddiaçı hazırkı iddiasında aliment məbləğinin hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, iddiaçı hər hansı bir meyara istinad etməklə iddia tələbi ilə bağlı mövqeyini əsaslandırmamışdır.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı CÇM-də baş inspektor vəzifəsində işləyir və (əlavələrlə birlikdə) 1159,95 manat əmək haqqı alır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.

29. Bu mənada kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.

30. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

31. Göstərilənlər onu deməyə əsas verir ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalı, müəyyən edilən aliment məbləği qanunvericilik aktlarında göstərilən minimum dolanacaq həddində olmalıdır.

32. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

33. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 220 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini qanunauyğun hesab edir.

34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 833/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1308/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.

36. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti (alimentin artırılması tələb edilən hissəsi) beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

39. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-833/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1308/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliimentin tutulma müddəti xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar