Məhkəmə qərarları › İş №2(103)-4568/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4568/2024

02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4568/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1342/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli 2(011)- 3279/2013 nömrəli qətnaməsi ilə 12 avqust 2013-cü il tarixdən hesablanmaqla Cavabdeh 28 fevral 2010-cu il tarixdə anadan olmuş X4 və 16 iyun 2011-ci il tarixdə anadan olmuş X7 18 yaşına çatanadək saxlanmları üçün hər ay hər bir uşağa görə 93 manat, cəmi 186 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

2. “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, nə Cavabdeh, nə də İddiaçı rəsmi iş yerləri yoxdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirərək, 28 fevral 2010-cu il təvəllüdlü X10 və 16 iyun 2011-ci il təvəllüdlü X7 18 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1342/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli 2(011)-3279/2013 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, 28 fevral 2010-cu il təvəllüdlü X10 və 16 iyun 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat, ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində sabit pul şəklində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 50,48 (əlli manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-75.4, 78.1-78.3, 100, 112.1, 112.2-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və hər uşaq üçün hər ay 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun 28 fevral 2010-cu il təvəllüdlü X8 və 16 iyun 2011-ci il təvəllüdlü X5 başqa ikinci evliliyimdən 12 sentyabr 2015ci il təvəllüdlü X13 anadan olmuşdur. Həyat yoldaşı X12 da Qaradağ rayon məhkəməsinə aliment tələbi ilə bağlı müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-772/2024 saylı, 12 mart 2024-cü il tarixli qətnaməsinə əsasən məhkəmə 12 sentyabr 2015-ci il təvəllüdlü X2 üçün 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul etmişdir. Bundan əlavə İddiaçı Xətai rayon məhkəməsinə müraciət edərək alimentin artırılmasının tələb etmiş və Xətai Rayon Məhkəməsinin 2 (011)-1342/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Səhhətində ciddi problemləri olduğu üçün cavabdeh işləyə bilmir, hazırda heç bir rəsmi iş yeri yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3279/2013 saylı, 12 avqust 2013-cü il tarxli qətnaməsinə əsasən 28 fevral 2010-cu il təvəllüdlü X8 və 16 iyun 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 93 manat, cəmi 186 manat sabit pul məbləğində aliment tutulmuşdur və bugünədək həmin alimenti cavabdeh ödəyir. Bundan əlavə İddiaçı özü başqa nikaha daxil olmuş həmin nikahdan başqa övladı olmuşdur və Türkiyə Respublikasında yaşayır. Odur ki, Xətai rayon məhkəməsinin 2 (011)- 1342/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı qətnaməsinin tam ləğv edilərək 28 fevral 2010-cu il təvəllüdlü X10 və 16 iyun 2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 (bir yüzəlli)cəmi 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilsin.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

11. 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

12. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

13. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

15. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

18. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

19. Maddə 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

20. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

21. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

22. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1342/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Kollegiya ilkin olaraq qeyd edir ki, alimentin müəyyən olunması ilə bağlı qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları da artmışdır. Tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır.

32. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, işsizdir, digər nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan övladına münasəbtədə də alimnet öhdəliyi mövcuddur. Məhkəmə tərəfindən alimentin hər uşaq üçün 220 manat məbləğədək artırılması əsassız olmuşdur, hər uşağa aylıq 150 manat olmaqla, cəmi 300 manat aliment ödəyə bilər.

33. Kollegiya qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).

35. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

36. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

37. Nəzərə alınmalıdır ki, 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaq iddia tələbinə uyğun olaraq hər bir uşaq üçün 220 manat aliment müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

38. Kollegiya apellyasiya şikayətinin alimentə dair dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması halları alimentin miqdarının artırılmaması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşaqları ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, cavabdehin həmin uşaqlar qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqların maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

40. Belə ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

41. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

42. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1342/2024 nömrəli, 28 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar