Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4573/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun və gecikdirilmiş faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(005)-1038/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun və gecikdirilmiş faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2015-ci il tarixli 509 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 11880 manat məbləğində əsas borc, 7696,16 manat məbləğində faiz borcu, 3536,82 manat məbləğində cərimə borcu, 1770,45 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 24883,43 manat məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsümunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 509 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 18 faiz ödənilməsi şərti ilə 30 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 11880 manat məbləğində əsas borc, 7696,16 manat məbləğində faiz borcu, 3536,82 manat məbləğində cərimə borcu, 1770,45 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 24883,43 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(005)- 1038/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin olunmuş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-ci il tarixli 509 nömrəli kredit müqaviləsi üzrə 11880 manat məbləğində əsas borc, 7696,16 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə borcu, 1770,45 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 21846,61 (iyirmi bir min səkkiz yüz qırx altı manat altmış bir qəpik) manat məbləğində borc vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, əsas borcun ödənilməsi hissəsi ilə razı olması, lakin faizlərin çox hesablanması, cərimə borcunun və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin ondan tutulması hissəsi ilə də razı olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, qətnamədən əsas borcla bağlı hissədə razı olduqlarını, cərimənin və faizlərin həddindən artıq çox hesablanmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamədən qismən (faizlər və cərimə hissədə) narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlara əsasən – tərəflər arasında 01 iyul 2015-ci il tarixli 509 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 18 faiz ödənilməsi şərti ilə 30 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda işdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit borcunu ödəməmişdir (cavabdehin özü də bu halı mübahisələndirmir). Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə faizlərin düzgün hesablanmamasını göstərsə də, bunun nədə ifadə olunması, ödənişlərinin məbləği ilə tələb olunan borc məbləği arasında uyğunsuzluğun olması və s. bu kimi zəruri halları əsaslandırmamış, etirazının əsası kimi məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində bütün dövr üzrə faizləri 18 faiz kimi hesablayaraq, ümumi ifadələrlə faizlərin daha az olmasını əsaslandırmağa çalışmışdır. Halbuki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən faizlər illik 18 faiz hesablansa da, vaxtı keçmiş kredit faizi kimi 36 faiz müəyyən olunmuşdur. Göründüyü kimi, tərəflər razılaşması ilə öhdəliklərin lazımınca icra olunmaması durumunda vaxtı keçmiş kredit faizi kimi 36 faiz şərtləndirilmişdir. Belə olan halda, yəni işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Bu səbəbdən də, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması barədə apellyasiya şikayətinin dəlili ilə razılaşa bilməz (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində qətnaməni cərimənin tutulması hissəsində də mübahisələndirmiş, lakin işdən görünür ki, məhkəmə tələb olunan cərimənin məbləğini MM-nin 467-ci maddəsinə əsasən azaldaraq, 500 manat həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Belə olan halda məhkəmə kollegiyası cərimənin məbləğinin daha da azaldılmasını məqsədə müvafiq hesab etmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddianı - 1770,45 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği hissədə təmin etməkdə haqlı olmuşdur. Çünki, işdə olan sübutlara əsasən müqavilənin müddəti 01 yanvar 2018-ci il tarixdə bitmiş və həmin tarixdən sonra da cavabdeh kredit öhdəliklərini yerinə yetirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, işini faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyindən göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyini icra etmədiyindən iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının qeyd edilən tələb hüququ bilavasitə qanundan irəli gəldiyindən, kredit müqaviləsində belə bir şərtin nəzərdə tutulması imperativ xarakter daşımır. Eyni zamanda, cavabdeh tərəf kredit müqaviləsi üzrə öhdəliyini pozmaqla, bunun qanundan (MM-nin 445.7-ci maddəsi) irəli gələn nəticəsi ilə də razılaşmış olur. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin, cavabdehin maddi vəziyyətinin pisləşməsi ilə bağlı krediti ödəməyə bilməməsi barədə dəlilləri də sonuncunu kredit müqaviləsi üzrə öhdəliklərindən azad etməmişdir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun və gecikdirilmiş faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(005)-1038/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(005)-1038/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4573/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4573/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver