Məhkəmə qərarları › İş №2(103)-4574/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4574/2022

04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4574/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1440/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-5309/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 15 iyul 2010-cu il təvəllüdlü X4 və 01 dekabr 2011 -ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ilə 19 iyun 2010-cı il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuş, birgə nikahından 15 iyul 2010-cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X12 adlı iki uşağı anadan olmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da sonradan ailədə baş vermiş narazılıqlar, xasiyyətlərinin uyğun gəlməməsi üzündən evdə tez-tez söz-söhbət olmuşdur və nikahları pozulmuşdur. O, cavabdehlə ayrıldıqdan sonra azyaşlı uşaqları iddiaçının himayəsində qalmış və uşaqların saxlanması üçün Suraxanı rayon məhkəməsinin 2(010)-5309/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 15 iyul 2010-cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X12 adlı uşaqlarının saxlanılması üşün hər uşağa görə 160 manat cəmi 320 manat aliment tutulması qət edilmişdir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşaqların saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. İddiaçı hər ay uşağın saxlanması üçün 700 manata qədər xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə iddiaçı kommunal ödənişlər etmək, bir sıra əlavə xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazimatları tələb olunur. Bütün bunları uşaqları üçün təşkil etmək təkbaşına iddiaçıya olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında iddiaçıya hər hansı bir köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hissə edərsə bu zaman uşaqlarının daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1440/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-5309/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 15 iyul 2010-cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və təyin olunmuş aliment məbləğinin 193 manat təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətin onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən şəxsin himayəsində olan iki uşağın ehtiyacları, təhsini və normal saxlanması nəzər alınmamışdır. Həmçinin cavabdehin təyin olunmuş alimenti ödəməyə imkanın olmaması məhkəmədə sübuta yetirilmişdir. Cəmi 170 manat aliment bir uşağın saxlanması üçün yeterli deyil. Eyni zamanda qanunla bir uşaq üçün 193 manat nıəzərdə tutulmuşdur. Bundan başqa iddiaçının maddi imkanı acınacaqlıdır. Uşaqların saxlanmasında əziyyət çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirdi ki, uşaqların maddi tələbatları artmaqda davam edir, lakin iddiaçının maddi imkan yaxşı olmadığından uşaqlara baxmasında çətinliklər yaranmışdır. Birinci instansiya məhkəməsi isə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-5309/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il il təvəllüdlü X4 və xx.xx.2011ci il il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat sabit məbləğdə alimentin alınaraq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 15 iyul 2010-cu ildə anadan olmuş və valideynləri Cavabdeh və X7r. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X12 01 dekabr 2011-ci ildə anadan olmuş və valideynləri Cavabdeh və X7r. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə X10 arasında nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan X11 xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışından müəyyən olunur ki, İddiaçı və Cavabdeh (bundan sonra birlikdə - “Tərəflər” adlandırılacaq) xx.xx.2022 tarixində, 1 l:00-dan 11:30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, xx.xx.2010-cu il il təvəllüdlü X4 və xx.xx.2011-ci il il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat sabit məbləğdə alimentin alınaraq X6 verilməsi müəyyən edilmiş, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün artırılaraq 193 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı olması barədə düzgün nəticəyə gəlsə də, alimentin məbləğini müəyyən edərkən, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin iddiaçı Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)5309/2019 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsinə dair də hər hansı bir sübutu məhkəməyə təqdim etməməsinə istinad etməsi düzgün olmamışdır, belə ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 5309/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə artırılmış alimentin məbləği hazırda əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması kim qəbul edilməsi yanlışdır, çünki uşağın iddiaçının himayəsində olmasını, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının məhz iddiaçı tərəfindən çəkildiyini nəzərə alınmaqla alimentin məbləği hər ay hər uşaq üçün 193 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apellyasiya şikayətinin əsaslı olmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, yəni alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-5309/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmaqla, 15 iyul 2010-cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə cavabdehdən 193 (bir yüz doxan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də alimentin məbləği 160 manatdan artırılaraq 193 manat müəyyən edilmişdir ki, aradakı fərq 33 manat təşkil edir və həmin məbləğin bir il ərzində ödəmə məcmusu 396 manat təşkil edir. Göründüyü kimi iddianın qiyməti beş min manatdan az, yəni 396 manat təşkil edir ki, istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1440/2022 saylı, 04 aprel 2022-ci il tarixli qətnaməsi - apellyasiya baxışının predmeti olan hissədə, yəni alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilsin. Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin 2(010)-5309/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 15 iyul 2010cu il təvəllüdlü X9 və 01 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar