Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4577/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Məmmədova Aygül Oruc qızının iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh İbadov Arif Hamlet oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 66/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdeh İbadov Arif Hamlet oğluna qarşı iddia ərizəsi ilə (22 noyabr 2019-cu il tarixdə) məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 323,49 manat, faiz borcuna görə 516,42 manat, dəbbə puluna görə 178 manat olmaqla cəmi 1017,91 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin 05 fevral 2014-cü il tarixdə (iddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl) vəfat etdiyi müəyyən olunmuş, buna görə də məhkəmənin 19 dekabr 2019-cu il tarixli qərardadı ilə işin icraatı cavabdehin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. 08 fevral 2021-ci il tarixində işin icraatı məhkəmənin təşəbbüsü ilə təzələnmiş, 24 fevral 2021-ci il tarixli qərardadla isə cavabdehin, iddia ərizəsinin məhkəməyə verilməsindən əvvəl ölmüş olması və tərəf statusu qazanmadığından onun prosessual hüquq varisinin cəlb edilməsinin ümumiyyətlə yolverilməzliyi əsası ilə işin icraatına xitam verilmişdir. Qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək onun ləğv olunmasını və işin icraatının təzələnməsini xahiş etmiş, şikayətini məhkəmənin prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi arqumenti ilə əsaslandırmışdır. Həmin şikayət məhkəmənin 07 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, cavabdehin hüquqi varisi müəyyən edilənədək işi icraatının dayandırılmasını xahiş etmişdir. Kollegiya şikayəti müdafiə edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından İbadov Arif Hamlet oğlunun birinci instansiya məhkəməsində müvafiq icraat başlamamışdan əvvəl vəfat etdiyi aydın olur; vəfat etmiş şəxsin isə işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması mümkün deyildir. Bu mənada kollegiyanın qənaətinə görə, həmin hal müəyyən olunduqdan, yəni iddiaçının vəfat etmiş şəxsə qarşı iddia qaldırdığı bilinəndən sonra, birinci instansiya məhkəməsi əslində icraata xitam verməli və iddiaçıya mərhumun vərəsələrini müəyyən edərək onlara qarşı iddia irəli sürmək hüququnun olduğunu izah etməli idi; lakin görünür məhkəmə, prosessual qənaət prinsipini nəzərə almaqla işin icraatını cavabdehin hüquqi varisləri müəyyən edilənədək dayandırmağa üstünlük vermişdir. Bununla yanaşı iş materiallarından aydın olur ki, işin icraatı 19 dekabr 2019-cu il tarixində dayandırılmasına baxmayaraq iddiaçı, ölmüş kredit borclusunun varislərinin müəyyən edilməsi üçün heç bir hərəkət etməmiş, işin icraatı məhkəmənin (hakimin) təşəbbüsü ilə təzələndikdən sonra da buna cəhd göstərməmişdir, əksinə bunun məhkəmənin vəzifəsi olduğunu irəli sürmüşdür. Kollegiya qeyd edir ki, mülki mühakimə icraatının əsas prinsipləri Konstitusiyanın 125 və 127-ci maddələrində öz əksini tapmış, həmin konstitusion təminata uyğun olaraq, Mülki Prosessual Məcəllənin (MPM) 9.1-ci maddəsində məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi təsbit edilmiş, 14-cü maddəsində məhkəmənin üzərinə həqiqətə nail olmaq məqsədilə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi qoyulmuşdur. Bunun üçün məhkəmə, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Çəkişmə prinsipi isə “tərəflərin prosesdə hökmranlığı” və bundan irəli gələn “dispozitivlik”, habelə “formal həqiqət” prinsiplərini zəruri edir. Tərəflərin prosesdə “hökmranlığı” prinsipinə görə, hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmeti və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir, prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verirlər. Yəni proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu kontekstdə Azərbaycan Mülki Prosessual qanunvericiliyi mülki prosesin yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlandığını (MPM-in 5.1-5.3-cü maddələri), iddiaçının iddiadan imtina və cavabdehin iddianı etiraf edə biləcəyini, tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlama imkanlarına sahib olduqlarını nəzərdə tutmuşdur (MPM-in 5.4, 52.1-51.3-cü maddələri). Dispozitivlik prinsipi də çəkişmə prinsipi ilə sıx əlaqədar olmaqla işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Bunun məntiqi davamı olaraq iddiaçı tələbinin, yəni məhkəmə müdafiəsinin həcmini sərbəst müəyyən edir. Formal həqiqət prinsipinə görə isə, bir tərəfdən hakim yalnız tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır; başqa yandan isə hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Formal həqiqət prinsipi belə əsaslandırılır ki, kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (publik) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür. Həmin prinsip, nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir: yalnız tərəflər faktları (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən nəticəyə gəlir. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sübutların toplanması və sübutetmə vəzifəsi məhkəmənin deyil, tərəflərin üzərindədir və iddiaçının iddiasına cavab verməli olan şəxs(lər)in məhkəmə tərəfindən müəyyənləşdirilməsində hər hansı bir ictimai (publik) maraq yoxdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-66/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4577/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4577/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver