Məhkəmə qərarları › İş №2(103)-4579/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4579/2021

04.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4579/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Sübhi qızına qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 fevral 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, tərəflərin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun sahibliyində olan “Volkswagen Passat” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – avtomobil) cavabdeh tərəfindən qəsdən cızılması nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 700 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının qonşusu olan cavabdeh, iddiaçının etibarnamə əsasında idarə etdiyi avtomobili dəmir parçası ilə hər tərəfdən qəsdən cızmışdır. İddiaçı bu hadisənin baş verməsinin bilavasitə şahidi olmasa da, qonşuları X2 və X3 bu hadisənin şahidi olmuşlar. Qeyd olunan məsələ Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsininin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12.10.2020-ci il tarixli qərarında öz əksini tapmışdır. Gəncə Şəhər Avtoservis Müəssisəsinin 9090 nömrəli “ziyan aktında” qeyd edilir ki, iddiaçının sahibliyində olan avtomobildə yaranmış cızıqların aradan qaldırılması üçün 700 manat məbləğində vəsaitin tələb olunur. Odur ki, iddiaçı, qeyd edilən məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 18.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh iddiaçıya maddi ziyan vurmamışdır. İddiaçının istinad etdiyi və Rayon Məhkəməsinin sübut kimi qəbul etdiyi Gəncə Şəhər Nizami RPİ-nin TB-nin qəbul etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12.10.2020-ci il tarixli qərar ləğv edilmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh iddiaçı dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd edilməlidir. Belə ki, 11.03.2019-cu il tarixli, ƏN-Vİİ seriyalı, 143294 saylı etibarnamənin surətindən görünür ki, iddia ərizəsində qeyd edilən avtomobilin mülkiyyətçisi olan X4 həmin avtomobilə dair səlahiyyətlərini hazırki iş üzrə iddiaçıya etibar etmişdir. Gəncə Şəhər Avtoservis müəssisəsinin 9090 saylı “ziyan aktından” görünür ki, iddiaçının sahibliyində olan avtomobildə aşkar edilmiş cızıqların aradan qaldırılması üçün 700 manat məbləğində vəsait tələb olunur. Qeyd edilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə iş üzrə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Cavabdehə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddia irəli sürmüş iddiaçı bildirir ki, cavabdeh, onun istifadəsində olan avtomobili dəmir parçası ilə hər tərəfdən qəsdən cızmışdır. İddia tələbinin əsası kimi iddiaçı Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsininin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 12.10.2020-ci il tarixli qərarına istinad edir. Həmin qərarından görünür ki, İddiaçı 05.10.2020-ci il tarixdə RPİ-yə etdiyi müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 05.10.2020-ci il tarixdə saat 23:00 radələrində Cavabdeh qonşusu olan iddiaçının sahibliyində olan və küçədə dayanmış avtomobili bərk cisimlə cızmaqla sonuncuya 700 manat dəyərində maddi ziyan vurmuşdur. Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi yaranmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan materiallar həmin RPİ-nin X1 göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş Gəncə Şəhəri Nizami RPİ-nin TB-nin 30.05.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından isə görünür ki, əvvəlcə, yəni 12.10.2020-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar Gəncə Şəhər Prokurorluğunun 20.05.2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və təkrar araşdırmanın aparılması üçün materiallar Nizami RPİ-yə göndərilmişdir. Təkrar araşdırma zamanı Cavabdeh hərəkətlərində nə cinayətin nə də ki, inzibati xətanın əlamətləri aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması sübuta yetmir. Bu baxımdan hesab edilməlidir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Apellyasiya şikayətinin dəlili əsaslıdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Şərh olunanlara və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin, Rayon Məhkəməsinin qətnaməsi isə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Sübhi qızının apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 fevral 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Sübhi qızına qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar