Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4581/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia tələbi üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3631/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı BOKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 03 avqust 2022-ci il tarixli, 62İM nömrəli istehlak krediti verilməsi üçün kredit müqaviləsinə əsasən, Borcverən borcalan Cavabdeh1 2350 manat məbləğində 18 ay müddətinə istehlak krediti verir. Kreditin son ödəmə müddəti xx.xx.2024- cü il tarixidir.
2. 03 avqust 2022-ci il tarixli, 62İM nömrəli zaminlik müqaviləsinə əsasən, 03 avqust 2022-ci il tarixli, 62İM nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin borcalan Cavabdeh1 tərəfindən tamamilə icra edilməsi üçün zamin Cavabdeh2 borcalan Cavabdeh1 ilə birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir.
3. xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən, kredit 18 ay müddətinə verilmişdir və aylıq ödənişi 166,09 manat məbləğindədir.
4. 14.02.2024-cü il tarixli, 13/2024 nömrəli və xx.xx.2023-cü il tarixli, 29/2023 nömrəli bildirişlər və onun göndərilməsinə dair xx.xx.2023-cü il tarixli poçt qəbzinə əsasən, cavabdehə banka olan gecikdirilmiş borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir;
5. BOKT "xxxx" MMC tərəfindən verilmiş 24/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən, müştərinin təşkilata ödənilməmiş 1641,53 manat məbləğində əsas borcu, 137,91 manat hesablanmış faiz, 380,82 manat cərimə faizi, cəmi 2160,26 manat məbləğində borcu qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı BOKT "xxxx" MMC-in direktoru ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 62 İM saylı Kredit müqaviləsi və 62 saylı Zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 1 641.53 manat (bir min altı yüz qırx bir manat 53 qəpik) məbləğində əsas borcu, 137.91 AZN (bir yüz otuz yeddi manat 91 qəpik) hesablanmış faiz, 380.82 manat (üç yüz səksən manat 82 qəpik) cərimə faizi, cəmi 2 160.26 manat (iki min yüz altmış manat 26 qəpik) manat məbləğində pulun və ödənilmiş 41.61 manat dövlət rüsumunun alınaraq BOKT “AzFinans“ MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) BOKT "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT (bundan sonra təşkilat) arasında xx.xx.2022- ci il tarixli, 62 İM saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 3.4-cü bəndlərinə əsasən,“İstehlak” məqsədilə borcluya 18 ay müddətinə, illik 32 % olmaqla 2350.00 (iki min üç yüz əlli manat) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə 62 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 708.47 (yedi yüz səkkiz manat 47 qəpik) manat, kredit faizi üzrə 492.27 (dörd yüz doxsan iki manat 27 qəpik) manat, cərimə faizi üzrə 147.46 (bir yüz qırx yeddi manat 46 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh1 təşkilata ödənilməmiş 1 641.53 manat (min altı yüz qırx bir manat 53 qəpik) məbləğində əsas borcu, 137.91 manat (yüz otuz yeddi manat 91 qəpik) hesablanmış faiz, 380.82 manat (üç yüz səksən manat 82 qəpik) cərimə faizi, cəmi 2160.26 manat (iki min yüz altmış manat 26 qəpik) manat məbləğində borcu var.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3631/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1641,53 manat məbləğində əsas borcu, 137,91 manat hesablanmış faiz, 164,10 manat cərimə borcu olmaqla, ümumilikdə 1943,54 manat pul məbləğinin BOKT "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 470.1, 472.2, 739.1-739.3, 740.1-740.8, 742.1, 742.5, 742.5.2, 743.1, 743.2, 744.1, 745.5, 746.1, 746.3, 746-5.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 284-1, 284-5.3, 284- 6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, proses iştirakçılarının məhkəmə iclasında iştirakı
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı BOKT "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin yenidən düzgün hesablanmaqla təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə təşkilat arasında bağlanmış xx.xx.2022-ci il tarixli 62 İM saylı kredit müqaviləsinə əsasən, BOKT "xxxx" MMC-dən götürdüyü 2 350.00 (iki min üç yüz əlli manat 00 qəpik) məbləğində əsas borcdan 708.47 (yedi yüz səkkiz manat 47 qəpik) AZN, kredit faizi üzrə 492.27 (dörd yüz doxsan iki manat 27 qəpik) AZN, cərimə faizi üzrə 147.46 (bir yüz qırx yeddimanat 46 qəpik) AZN ödəniş etmişdir. Hal-hazırda Cavabdeh1 kredit ödənişi üzrə 438 gün gecikmə günü vardır. Hesab edirik ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbində göstərilən həməsas borcu, həm faiz borcunu, həm də cərimə borcunu kredit müqaviləsinin şərtlərinə uyğun olaraq dəqiq və hərtərəfli araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
17. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
19. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
22. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
23. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
24. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur.
25. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
26. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
27. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır.
28. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
29. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.
30. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.
31. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.
32. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:
33. 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);
34. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
35. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
36. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir.
37. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
38. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
39. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
40. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 119.2. iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunan hissədə cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3631/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.
49. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir.
50. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlərdən müştərək qaydada 1641,53 manat məbləğində əsas borc, 137,91 manat hesablanmış faiz, 164,10 manat cərimə borcu olmaqla, ümumilikdə 1943,54 manat pul məbləği BOKT "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. Hazırda iddiaçının mübahisələndirdiyi, tələbin təmin olunmayan hissəsi cərimə borcu ilə bağlıdır. Belə ki, iddiaçı 380.82 manat cərimə faizi tələb etdiyi halda, məhkəmə cərimə borcunun əsas borc məbləğinə mütənasib olaraq azaldılaraq 164,10 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir . Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cərimə borcunu düzgün olaraq azaltmışdır, bu səbəbdən apellyasiya şikayəti təmin oluna bilməz.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
52. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı BOKT "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3631/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.