Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4581/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) zərərin əvəzinin ödənilməsi barədə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(008)-370/2025 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “AUDİ Q7” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir və nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən onun tərəfindən X4 idarə etmək səlahiyyəti vermişdir.
2. “Chevrolet Malıbu” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh 11 iyul 2024-cü il tarixdə, saat 08:45-də Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti ərazisində yolayrıcını keçmə qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “AUDİ Q7” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur.
3. Cavabdeh barəsində Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, 12 iyul 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərarla inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 80 manat miqdarında cərimə olunmuşdur.
4. Müstəqil sığorta eksperti X5 tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli qüsur aktına əsasən “AUDİ Q7” minik markalı, ** XA *** dövlət qeydiyat nişanlı avtomobilə 5240 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən geriyə dönmə manevr qaydalarını pozaraq ona məxsus ** XA *** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 minik markalı, 2007-ci il buraxılışlı avtomobilinə dəymiş 5240 manat maddi zərərin əvəzinin, həmçinin 72,40 manat dövlət rüsumunun sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, İddiaçı avtomobilə vurulmuş ziyanın əvəzinin ödənilməsini cavabdehdən tələb etsə də, müraciətin təmin olunmasınadan imtina edilmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2025-ci il tarixli, 9/8672 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 01 avqust 2024-cü il tarixli qüsur aktında 2007-ci il buraxılışlı “Audi Q7 markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 4900,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Digər 1 adda ehtiyyat hissəsi (ön sol kulak) barədə məlumat olmadığından həmin ehtiyyat hissəsi üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(008)- 370/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq maddi zərərin əvəzi olaraq 5150 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Qətnamə onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında protokoldan və inzibati tənbeh haqqında qərardan da göründüyü kimi Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi (dönmə manevr qaydalarını pozması) nəticəsində iddiaçıya məxsus “AUDİ Q7” minik markalı, ** XA *** dövlət qeydiyat nişanlı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza rəyinə əsasən 2007-ci il buraxılışlı “Audi Q7 markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 4900 manat məbləğində olduğu, digər 1 adda ehtiyyat hissəsi olan (ön sol kulak) barədə məlumat olmadığından həmin ehtiyyat hissəsi üzrə qiymətləndirmə aparılmasının mümkün olmaması bildirirlmişdir. Dəymiş ziyan məbləğinin müəyyən edilməsi zamanı ekspert rəyində göstərilən 4900 manat və iş materiallarında olan 01 avqust 2024-cü il tarixli qüsur aktında (ön sol kulak) barədə qeyd olunan 250 manat olması nəzərə alınaraq 5150 manat dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1097, 1108-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, o, 11 iyun 2024-cü il tarixdə. saat 08:45-də radələrində evdən işə gedərkən Gəncə prospekti 39 ünvanında, işıqforda geriyə dönmə əməliyyatına icazə verilən yerdən geriyə dönərək yolun İİ xəttində dayanaraq işıqforda gözləmiş, sarı işıqda keçərkən iddiaçının oğlu Çingizin idarə etdiyi “AUDİ 07” avtomaşını sürətlə onun idarə etdiyi avtomaşının üstünə gəldiyini görmüşdür. “AUDİ 07” avtomaşının sürücüsü maşını sürətlə sürürdü, o, təhlükəni hiss etdiyinə görə maşını sola, Çingiz isə saga çəkdi. Bu zaman “AUDİ 07” maşını sürətlə yoluna davam etdi. Çingizin idarə etdiyi avtomaşın sürətlə magazanın həyətində səkiyə dəyib dayandı, təkərləri partlamışdı, bir də qabag buferi düşmüşdü. O, maşını boş əraziyə çəkib maşında sakit oturmuşdu, Çingiz özü sürət həddini aşıb qəza vəzıyyəti törətdiyi halda maşınından çıxıb onun tərəfə gəldi, əsəbi halda qışqırdı ki, səbəbkar sənsən sənə görə mənim maşınıma ziyan dəydi. Əgər o, cəld hərəkət etməsəydi, onu vurub öldürəcək, ya da əlil edəcəkdi. Sonra polis işçiləri gəlmiş, sarı işıqda keçdiyinə görə protokol tərtib olunmuş, 80 manat cərimə yazılmışdır. Ekspertin rəyini də düzgün hesab etmir, o maşına 5000 manatlıq ziyan dəyməyib. Hadisə gününün axşamı ona bir kişi zəng edərək dedi ki, ya maşına vurduğun ziyanı ödəməlisən, ya da səni məhkəməyə verəcəyik, mən Çingizin atasıyam, Ali Məhkəmədə işləyirəm, o pulu verəcəksən.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdeh və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Apellyasiya şikayəti 2 dəlillə əsaslandırılmışdır: - hadisənin baş verməsində cavabdehin təqsirinin olmaması; - zərərin məbləğinin düzgün hesablanmaması.
21. Birinci dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh yolayrıcını keçmə qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati tənbeh vermə haqqında qərarla inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 80 manat miqdarında cərimə olunmuşdur. Protokol və qərar mübahisələndirilməmiş və cərimə ödənilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu dəlil qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
22. İkinci dəlil - zərərin məbləğinin düzgün hesablanmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan xüsusat cavabdeh tərəfindən mübahisələndirilsə də, zərərin məbləğinin hansı hissədə mübahisələndirilməsi əsaslandırılmamışdır. Yəni, cavabdehin bu dəlilə münasibətdə sübutetmə yükü ilə bağlı üzərinə düşən vəzifə ondan ibarət idi ki, aktda və ekspert rəyindən göstərilən hər hansı bir ehtiyat hissəsinin zədələnmədiyini və ya dəyərinin göstərilən həddə olmasını əsaslandırsın və bununla bağlı sübut təqdim etsin. Lakin cavabdeh tərəfindən qeyd olunan hallar əsaslandırılmamış, sübut təqdim olunmamışdır.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Büna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(008)-370/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(008)-370/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.