Məhkəmə qərarları › İş №2(103)-4583/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4583/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4583/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona olan borcunun ödənilməsi məqsədi ilə 7.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 90 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh iddiaçıdan 7.000 manat məbləğində borc almışdır. Borcun verilməsi zamanı iddiaçı ilə cavabdeh arasında yazılı qaydada “Borc müqaviləsi” bağlanmamışdır. Bir müddət sonra iddiaçı borcun qaytarımasını cavabdehdən xahiş etsə də, cavabdeh borcu qaytara bilməmişdir. Çıxış yolu kimi onlar razılığa gəlmişlər ki, onların arasında “Mövcud borcun etirafı haqqında” notarial qaydada müqavilə bağlansın. Bu məqsəd ilə iddiaçı ilə cavabdeh xx.xx.2024-cü il tarixdə birlikdə Bakı Şəhəri 52 saylı Notariat Ofisinə getmiş və həmin müqaviləni bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 7.000 manat məbləğində borcunun olmasını etiraf etmiş və üzərinə öhdəlik götürmüşdür ki, borcu xx.xx.2025-ci il tarixədək iddiaçıya qaytaracaq. Buna baxmayaraq həmin tarixdə və sonra cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 90 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan və notarial qaydada təsdiq edilmiş “Mövcud borcun etirafı haqqında” müqavilədən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 7.000 manat məbləğində borcunun olmasını etiraf etmiş və üzərinə öhdəlik götürmüşdür ki, borcu xx.xx.2025-ci il tarixədək iddiaçıya qaytaracaq. Odur ki, həmin məbləğdə borcun qaytarılması ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh borcun qaytarılmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də, iddia tələbi əsaslı hesab edilərək, təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh ilə iddiaçı 2016-cı ildə tanış olmuş və qeyri-rəsmi olaraq ər-arvad münasibətlərinə daxil olmuşlar. 2022-ci ildən isə iddiaçı övladları ilə birlikdə cavabdehin anasına məxsus evdə yaşamağa başlamışdır. Təxminən 2022-ci ilin payız aylarında cavabdeh iddiaçıdan əvvəlcə 4.000 manat, daha sonra 1.200 manat və daha sonra da müəyyən məbləğlər olmaqla ümumilikdə 8.000 manat məbləğində borc almışdır. Daha sonra, yəni 2023-cü ildə cavabdeh anasına məxsus mənzili satmış və xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığındakı mağazadan “mpay” vasitəsi ilə borcunu iddiaçıya məxsus məxsus 3388****7208 kart hesabına (hesabın dəqiq nömrəsi işdə var) 4 dəfə olmaqla, 2.000 manatdan, cəmi 8.000 manat məbləğində pul otuzdurmuş, sonra isə iddiaçıya zəng edərək, pul məbləğinin iddiaçının kart hesabına mədaxil olubolmamasını soruşmuş, iddiaçı da təsdiq etmişdir ki, pul onun kart hesabına mədaxil olunmuşdur (qəbzlər apellyasiya şikayətinə əlavə edilmişdir). Göründüyü kimi, cavabdeh, iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Lakin iddiaçı cavabdehin barəsində Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə şikayət edərək, cavabdehin onu aldadaraq ondan “tır” almaq adı ilə 10.000 manat pul almasını və qaytarmaqdan imtina etməsini bildirmişdir. Həmin şikayət əsasında aparılmış araşdırılma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının cavabdehin barəsində yazdığı şikayət yalandır. Buna görə də, toplanmış materiallar əsasında “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuşdur. Bir müddət sonra, iddiaçı cavabdehə müraciət edərək, polisə yalan məlumat verdiyinə görə onun barəsində cinayət işinin başlanacağını bildirmiş və cavabdehdən xahiş etmişdir ki, cavabdeh onunla notariusa gedərək ona 7.000 manat məbləğində borcun olmasını təsdiq edən müqavilə bağlasın. Cavabdeh bundan imtina etdikdə isə iddiaçı cavabdehə hədə-qorxu gəlməyə, ona qarşı şər-böhtan atmağa başlamışdır. Cavabdeh də, problemlər ilə üzləşməsin deyə, iddiaçı ilə birlikdə xx.xx.2024-cü il tarixdə 52 saylı Notariat Ofisinə getmiş və iddiaçıya olan 7.000 manat məbləğində borcu xx.xx.2025-ci il tarixədək iddiaçıya qaytaracağı barədə müqavilə bağlamışdır. Həmin vaxt iddiaçı qeyd edilən müqavilənin formal olaraq, yəni polis orqanına göstərmək məqsədi ilə rəsmiləşdirildiyini bildirsə də, sonradan cavabdeh xəbər tutmuşdur ki, iddiaçı, həmin müqaviləyə əsaslanaraq ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən müqavilə aldatma və hədə-qorxu ilə bağlanıldığından etibarsız hesab edilməli, iddia isə təmin edilməməlidir. e) iş üzrə tərəflərin apellyasiya baxışında verdikləri izahatlar barədə məlumat

8. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış və 52 saylı Notariat Ofisi tərəfindən həmin tarixdə rəsmiləşdirilərək, reyestrdə 3M-1260 nömrə altında qeydə alınmış “Mövcud borcun etirafı haqqında” müqavilədən görünür ki, cavabdeh etiraf etmişdir ki, iddiaçıya 7.000 manat məbləğində borcu var və üzərinə öhdəlik götürmüşdür ki, borcu xx.xx.2025-ci il tarixədək iddiaçıya qaytaracaq.

11. Cavabdeh bildirir ki, həmin müqavilə bağlanmamışdan daha əvvəl onun iddiaçıya 8.000 manat məbləğində borcu olmuş və o, həmin borcu cavabdehə xx.xx.2023cü il tarixdə “mpay” vasitəsi ilə qaytarmışdır. Bundan sonra o, iddiaçıdan borc almamışdır. Müqavilədə qeyd edilən hallar isə həqiqəti əks etdirmir. Müqavilə, onun iddiaçı tərəfindən aldadılması və iddiaçının ona etdiyi hədə-qorxunun nəticəsində rəsmiləşdirilmişdir.

12. Cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə “mpay” vasitəsi ilə 8.000 manat məbləğində pulun mədaxil edilməsi cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi 4 ədəd “Ödəniş qəbzi” ilə təsdiq edilir.

13. Cavabdehin dəlillərinin əsaslılığı ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (maddə 339.4.). Yuxarıda qeyd edilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 339.6.).

14. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən cavabdehin bildirdiyi dəlillərə yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflər arasında notarial qayda müqavilə bağlanıbsa, həmin müqavilənin cavabdehin bildirdiyi əsaslar ilə etibarsız hesab edilməsi üçün cavabdeh bildirdiyi dəlilləri təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməlidir. Lakin o, bu kimi sübutları məhkəmələrə təqdim edə bilmir. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Mövcud borcun etirafı haqqında” müqavilə etibarsız deyil.

16. iddiaçı ilə cavabdeh arasında bağlanmış “Mövcud borcun etirafı haqqında” müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmadığından Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (maddə 882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (maddə 882.2.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.).

17. Qeyd edilən maddi hüquq normalarının tələblərindən iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, yuxarıda qeyd edilən “Mövcud borcun etirafı haqqında” müqavilə üzrə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və həmin öhdəliyin icra edilməməsinə görə cavabdeh mülki məsuliyyət daşıyır. Buna görə də, cavabdeh, müqavilədə qeyd edilən pul məbləğini iddiaçıya ödəməlidir. Başqa sözlə, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

18. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

19. Buna görə də MPM-in 385.2-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.

20. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iş üzrə cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

21. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

22. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar