Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4587/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh2 mülkiyyətində olan minik avtomobilin yarasız vəziyyətə salınması ilə bağlı ona dəymiş maddi ziyanın əvəzi olaraq 19480 manat, hüquqi xidmətə çəkdiyim xərcin əvəzi olaraq 211 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, 19721 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 17582 manat, hüquqi xidmətə çəkilmiş xərcin əvəzi olaraq 211 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq, İddiaçı, ekspertiza tədqiqatının dəyəri 100 manatın isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2, apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin olunması hissəsində ləğv edilməsi, iddianın tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iş materillarına əlavə edilmiş foto şəkillərdən və ekspert rəyindən görünür ki, avtoqəza nəticəsində “VOLKSWGEN POLO” markalı, **-PS- *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilinə yalnız sağ tərəfindən ziyan dəymişdir. Cavabdeh2, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Lakin iddiaçı, aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə verilməsi üçün formal olaraq cavabdeh kimi “xxxx” ASC-ni cavabdeh kimi qoymuş və ilk iclasda iddia tələbinə dəqiqləşmə verərək onu cavabdehlər siyahısından çıxarmışdır. Bundan sonra Cavabdeh2 işin Yevlax Rayon Məhkəməsinə göndərilməsi və iş üzrə əlavə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətlər verilmiş, lakin təmin edilməmişdir. İşdə olan ekspert rəyindən görünür ki, avtomobilin ziyan dəyməmiş hissələri də qiymətləndirilmişdir. Ekspert əvvəllər alınmış mütəxəsis rəyini öz ekspertiza rəyinə köçürməklə kifayətlənmiş və guya avtomoblin sol stop-dəyəri 190 manat, sol fara- dəyəri 400 manat, ön sol oturacaq korpusunun dəyəri 1100 manat olmaqla ziyan dəyməsi qənəatinə gəlmiş və beləliklə, ziyanın məbləği şişirdilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Dilarə İsmayılova (hazırda Akyüz) ilə “xxxx” MMM arasında bağlanmış 13.06.2018-ci il tarixli, 37 №-li Daxili Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, MMM, “Volkswagen Polo” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə, illik 22 %-lə cəmi 25.700 manata D.İsmayılovanın sahibliyinə və istifadəsinə verilmişdir. “xxxx” MMM tərəfindən verilmiş 08.01.2020-ci il tarixli, E/1369 saylı etibarnaməyə əsasən, sözügedən avtomobilin idarə edilməsi səlahiyyəti 18.04.2020-ci il tarixədək Dilarə İsmayılovaya (sürücülük vəsiqəsi AC 351015); Akyuez Korkmaza (sürürcülük vəasiqəsi AC 091208); Hüseyn Səlimliyə (sürücülük vəsiqəsi AD 095203) verilmişdir. AD 251233 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMM-ə məxsusdur. 20.03.2020-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 barəsində həmin tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati xəta haqqında ******* №-li Protokol tərtib olunmuş və o, 20.03.2020-ci il tarixli, TP ******* №-li qərarla təqsiri bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. “Evro Style” LTD tərəfindən tərtib edilmiş 16.04.2020-ci il tarixli qüsur aktından görünür ki, “Volkswagen Polo” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomaşının cəmi təmir xərcləri 19480 manat təşkil edir. “xxxx” ASC tərəfindən “xxxx” MMM-ə və Cavabdeh2 ünvanlanmış 1207/20 nömrəli, 09.04.2020-ci il tarixli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, 20.031.2020-ci il tarixdə “xxxx” MMM-yə məxsus olan “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermişdir. Müvafiq yol nəqliyyat hadisəsi üzrə araşdırılma aparılmış və cəmiyyət tərəfindən ona sığorta ödənişinin verilməsindən imtina olunmasına dair qərar qəbul edilmişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ YPX-nin baş inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş ******* saylı inzibati xəta haqqında protokolda Cavabdeh2 müvafiq nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi qeyd olunmuşdur. Həmçinin, Cavabdeh2 öz izahatında yol nəqliyyat hadisəsi baş vermədən öncə spirtli içki qəbul etdiyini bildirmişdir. Beləliklə, qeyd olunanlara əsasən, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı onlara hər hansı bir sığorta ödənişinin verilməsi mümkün deyildir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30.11.2020-ci il tarixli, 9/4060 saylı rəyə əsasən, “Evro Style” LTD tərəfindən təqdim edilmiş 16.04.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alıqmaqla 2018-ci il buraxılışlı “Volkswagen Polo” minik markalı, 90-PS264 dövlət qeydiyyat nişanlı avtomobili təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 17582,0 manat müəyyən edilmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, cavabdehdən iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi qətnamədə göstərilən məbləğdə pulun tutulması qanuni və əsaslı olmuşdur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Hazırda cavabdeh, apellyasiya şikayətində işin ərazi aidiyyəti üzrə düzgün baxılmadığını və avtomobilə dəymiş maddi ziyanın məbləğinin düzgün müəyyən olunmadığını bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya, ilk növbədə bildirir ki, Mülki Poresessual Məcəllənin 44.1.-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Bu işdən görünür ki, iddiaçı ilk dəfə iddia ərizəsi ilə müraciət edərkən “xxxx” ASC-ni də cavabdeh kimi qeyd etmiş və iddianı onun qeydiyyat ünvanı üzrə vermiş və məhkəmə tərəfindən düzgün olaraq icraata qəbul olunmuşdur. Sonradan onun cavbdehlər sırasından çıxması isə yuxarıdakı normanın tələbi baxımından ərazi aidiyyətinin dəyişməsinə dəyişməsinə səbəb olmur. Kollegiya, apellyasiya şikayətinin avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı dəlillərinə münasibətdə isə vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Baxılan işdən görünür ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.11.2020-cu il tarixli rəyi ilə yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 17582 manat maddi zərər dəyməsi müəyyən olunmuş və bu halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən rəy mötəbər hesab edilərək, ona uyğun maddi ziyan müəyyən edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-100/2021 saylı iş üzrə 25 fevral 2021-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4587/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4587/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver