Məhkəmə qərarları › İş №2(103)-4589/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4589/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4589/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(011)-4171/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 8615 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 106,15 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(011)-4171/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti və 115 (yüz on beş) manat məbləğində notariat və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun 56,15 (əlli altı manat, on beş qəpik) hissəsi olmaqla, cəmi 8671,15 (səkkiz min altı yüz yetmiş bir manat, on beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti təqdim edərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddia tələbi üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 106,15 manat olmaqla Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsi ilə ona aid hissədə pulun tutulması ilə razılaşmayaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Göründüyü kimi, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddia tələbi ilə bağlı dövlət rüsumunun ödənilməli olan məbləği 106,15 manat olmuşdur. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən kassasiya şikayəti verilməsinə görə 8.1-ci və 8.2-ci maddələrdə müəyyən edilmiş dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayətindən müəyyən olunur ki, cavabdeh qətnaməni tam mübahisələndirdiyindən 53.08 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, dövlət rüsumu kimi 28,08 manat ödəməklə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, apelyator tərəfindən dövlət rüsumu tam həcmdə ödənilməmiş, lakin buna baxmayaraq, birinci instansiyası məhkəməsi apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(011)-4171/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(011)-4171/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar