Məhkəmə qərarları › İş №2(103)-4593/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4593/2021

17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4593/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-946/2021 nömrəli saylı işi üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 2000 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 2000 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyən edilir ki: 2001-ci il buraxılışlı Nissan Sunny minik markalı **-CD-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir (səh.9); Nəsimi RPİ-nin İŞ-nin 19.09.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən, İddiaçı Nəsimi RPİ-ə ərizə ilə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh izahatında ünvan 1 ünvanında yerləşən avtotəmir sexində elektrik ustası işləməsini, əvvəllər tanımadığı İddiaçı 2019-cu il oktyabr ayının 19da Nissan Sunny markalı **-CD-*** dövlət nömrə nişanlı avtomobilini təmir üçün onun işlədiyi yerə gətirdiyini, avtomobilin beyninin nasaz vəziyyətdə olmasını, ona qeyd olunan avtomobilə uyğun olan beyni tapıb gətirə bilsə, o halda avtomobili təmir edə biləcəyini deməsini, bir neçə gün sonra Elgün yenə gələrək ona beynin tapılmasında kömək etməsini istədiyini, o, Rusiya Federasiyasından sifariş verə biləcəklərini Elgünə bildirdiyini, sonuncunun hazırda pulunun olmadığını dediyini, bir müddət sonra Elgün bir ədəd beyin gətirərək ona verdiyini, beynin avtomobilə uyğunlaşması üçün çip lazım olmasını Elgünə dediyini, Elgün isə çipin lazım olmadığını, beynin dərhal çipsiz işə düşəcəyini dediyini, beyni yerləşdirib avtomobili işə salmaq istədikdə beynin yandığını, Elgünün 200 manata aldığı beynin yandırmasına görə ondan 200 manatı tələb etməsini, o, 100 manatı qaytara biləcəyini, 100 manatı isə çəkdiyi əmək haqqından çıxmasını, deməsini, bir neçə müddət sonra Elgün yenə 1 beyin taparaq yanına gəldiyini, lakin o, bu beynin işə yaramadığını dediyini, Elgün beyni aparıb geri qaytardığını, bu beyni alınan mağazaya geri qaytarılmasında Elgünə kömək etdiyini, Elgünün isə onun köməkliyi ilə beyinə verdiyi 500 manat pulu mağazadan özünə geri qaytardığını, hazırda Elgünə borcunun olmadığını, əksinə avtomobilin uzun müddət dayanacaqda saxlanmasına görə Elgünün ona borclu olmasını, Elgünün iki dəfə alıb gətirdiyi beyinlərin qeyd olunan avtomobilə aid olmadığını, Elgündən 2000 manat istəmədiyini göstərmişdir. (səh.32). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-946/2021 saylı işi üzrə 10.02.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 60, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 216-220-ci maddələrinə istinad edərək qeyd edilmişdir ki, iddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 2000 manat maddi ziyan vurulmasını iddia etsə də, iddia tələbində istinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübutunu, yəni ehtiyyat hissələrini hansı qiymətə almasını, əlavə xərclər çəkməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı öz seçiminə əsasən ehtiyat hissələrini almış, uyğun olmayan ehtiyyat hissəsini geri qaytarmış, yenə öz iradəsinə uyğun olaraq nəqliyyat vasitəsini cavabdehə deyil, başqa ustaya təmir etdirmək barədə qərar vermiş, təmirdən sonra nəqliyyat vasitəsini satmışdir. İddiaçı apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(001)-946/2021 nömrəli qətnaməsinin ləğv olunması, ədalətli qiymətləndirilərək yeni qətnamənin ona dəymiş 2000 (iki min) manatın Cavabdeh alınaraq ona dəymiş zərərə görə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 216-220-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 742.1, 743, 745-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, 2019-cu il oktyabr ayının 19-da mülkiyyətçisi olduğu avtomobil, markası «Nissan Sanny» dövlət qeydiyyatı ** CD ***, buraxılış, 2001-ci ildən olan nəqliyyat vasitəsinin «Elektrik sistemi nasaz vəziyyətdə olduğu üçün Babək prospektində yerləşən Diaqnostika Mərkəzinə aparmış, daha sonra ona avtomobilinin probleminin həlli üçün elektrik ustasına aparmış, orada ona bu problemin aradan qaldırılması üçün Nəsimi rayon ərazisində yerləşən İnqilab küçəsi-17 ünvanında yerləşən avtomobil təmirxanasında çalışan Cavabdeh adlı elektrik ustasının yanına göndərmişdirlər. Ona verilən məsləhəti qəbul edərək öz avtomobili ilə həmin deyilən ünvana, elektrik ustası Cavabdeh yanına gəlmiş, orada mülkiyyətində olan həmin avtomobilinə baxmış, avtomobilin elektrik hissəsində olan nasazlığın aradan qaldırılması üçün ona iki gün vaxt müddətinə düzəldəcəyini və 130 manat xərci olacağını ona bildirmişdir. Bundan sonra onunla razılaşdıqdan sonra o, avtomobilini usta Əliyə təhvil vermiş və evə gəldi. Daha sonra ustanın dediyi kimi iki gündən sonra o, yenidən yuxarıda göstərilən ünvanda yerləşən təmirxanaya gəldi, usta Cavabdeh avtomobilinin hazır olub-olmaması barədə soruşdu, ustanın ona verdiyi cavabında avtomobilin ehtiyat hissəsi olan «Beyninin» yanmasını ona bildirmişdir. Eyni zamanda həmin ehtiyyat hissəsinin yalnız yenisi ilə əvəz olunmasın bildirmişdir. Bundan sonra o, avtomobili üçün eyni Kodlu, Beyin taparaq usta Əliyə apardı, eyni olaraq usta Əlinin ona dediyinə görə iki günə avtomobilini ona işlək vəziyyətdə təhvil verəcəyini bildirmişdir. İki gündən sonra yenə də o, həmin təmirxanaya, usta Əlinin yanına gəlmiş, yenə də avtomobilinin hazır olmadığını ona dedikdə, ondan soruşdu səbəbi nədir? Onun yenə də ona verdiyi cavab isə ona aldığı Beyinin işləmədiyini, bu avtomobilə aid olmadığını bildirmişdir. Bundan başqa 2020-ci ilin əvvəllərində onun atası X3 ustanın ona dediyi ehtiyat hissəsini, Bakı şəhərində tapa bilmədiyindən, Gürcüstan Respublikasına gedərək oradan alıb gətirmişdir. Lakin yenə də usta Cavabdeh bu ehtiyat hissəsi olan «Beyin» bu avtomobilə aid olmadığını bildirmişdir. Daha sonra Gürcüstandan aldığı «Beyini» 500 manata geri qaytarmış, əvəzində pulunu almışdı. Cavabdeh usta Əlinin müxtəlif vaxtlarda ona aldırdığı ehtiyat hissələrinin dəyəri 1165 manat məbləğində olmuşdur. Bu ehtiyat hissələrini mağazalara qaytara bilməməsinin səbəbi isə mağaza işçilərinin qəbul etməmələri olubdur. Eyni zamanda atasının Gürcüstana gedib-gəlməsinə və Bakı şəhərində ehtiyat hissələrini alıb ustaya çatdırmağına görə, istifadə etdiyi Taksi xidmətlərinə görə cəmi 825 manat xərcləmiş olmuşdur. Ümumilikdə bütün bu müddət ərzində cavabdeh, usta Əlinin ona vurduğu maddi ziyan 2000 manat təşkil etmişdir. Bununla da o, avtomobilin usta Cavabdeh tərəfindən təmir edə bilməyəcəyini gördükdə ondan soruşdu, nə etmək lazımdır sualını versə də, onun yenə də ona verdiyi cavab belə oldu. Onun dediyinə görə iddiaçının təmir edə bilmədiyi avtomobilinə əlavə 2000 (iki min) manata tam saz vəziyyətə gətirə biləcəyini dedikdə, onunla razılaşmamış, avtomobilini bu dəfə öz xodu ilə yox, digər 156 saylı «Evakuator» xidmətindən yararlanaraq həmin təmirxananm yerləşdiyi ünvana sifariş vermiş, sonunda bu Evakuatorla ona məxsus avtomobili Bakı şəhəri, Fəhlə prospektində yerləşən «NN» adlı Avto Servisə, Təmirxanaya elektrikin yanına aparmışdı. Orada ona məxsus ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilinin təmiri üçün qoyduğu «Diaqnoz»da bu avtomobilinin tam vəziyyətə gətirilməsi üçün yeni ehtiyat hissəsinin alınması- üçün 1850 manat dəyərində yeni ehtiyat hissələrinin alınmalı olduğunu bildirmişdir. Bununla da yuxarıda adını qeyd etdiyi Avto servisdə razılığa gələrək avtomobilinin təmir edilməsi razılığını verdi. İki gün ərzində də tam təmir olunmuş vəziyyətdə avtomobilini götürmüş, ustaya zəhmət haqqı üçün də 150 manat ödəməklə bu problem aradan qaldırılmışdır. Bundan başqa ona məxsus olan «Nissan Sanny» markalı 44CD784 dövlət qeydiyyat nişanlı avtomobili 7500 manata satdı. Beliləklə, usta Cavabdeh ona vurduğu zərər ümumlikdə 4000 manat təşkilidir. O cavabdeh, usta Cavabdeh barəsində Nəsimi, rayon Polis İdarəsinə öz ərizə ilə müraciət etdi, iş Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi tərəfindən araşdırılmış, Azərbaycan Respublikası CPM-in 39.1.2, 85 və 212-ci maddələrini rəhbər tutaraq toplanmış material üzrə Cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də Cavabdeh dəymiş zərərə görə 2000 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh Məhkəmə iclasında iştirak etməmişdir. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etməyi vəzifə daşıyan, onun cavabdehə və onun dediklərinə güvənib, bir bilikli mütəxəssis olacağına (usta) inanmış və onun dedikləri ehtiyat hissələrini almış, nəticə etibarı ilə gərəksiz olmasını iddia etməsi, ona 2000 manat maddi ziyan vurulmasına gətirib çıxarmasına, sadəcə sözlə kifayət etmişdir. O təmirə dayanmadan öncə ona məxsus avtomobilini idarə edərək, öz xodu ilə ustanın yanma aparmasının özü bir əyani sübut kimi qiymətləndirilməli, eyni zamanda cavabdehin ona aldırdığı ehtiyat hissələrini, ona dediyi Kod əsasında almasını on bir ay çalışdığı təmirxananın önündə xarab vəziyyətə salaraq qalması da bir əyani sübut olaraq, onun özü də təsdiq etməsi, Məhkəmənin tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlməsi, iddiaçının istinad etdiyi halları sübut kimi qəbul etməməsi və şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq əsassız qət etməsi, iddianın təmin olunmaması qənaətinə gəlməsi ilə nəticələnməsinə səbəb olmuşdur. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385- 388, 1096, 1097, 1128-1132; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, şikayətin dəlilləri isə şübhələrdən kənar təkzibedilməz sübutlarla təsdiq edilmir, tərəflər arasında müqavilə və ya digər öhdəlik əsasları müəyyən edilmir, şikayət verən - qarşılıqlı iddia üzrə iddiaçı qarşı tərəflə mülki münasibətlər müstəvisində tələb etdiyi pulun geri tələb edilməsinin şübhələrdən kənar (dayanıqlı) hüquqi əsasları iddia və şikayətində təsbit (təfsir) etməmişdir. Ümumiyyətlə, iddiaçının zərərlə bağlı tələbi özünün əldə etdiyi (mənşəyi, istehlakı və istehsalı məlum olmayan) avonəqliyyat hissələrinin yararsızlığı ilə bağlıdır ki, bu mülki məsuliyyətin cavabdehə aidiyyəti müəyyən edilmir. Bundan əlavə, iddiaçının cavabdehlə mülki məsuliyyətini müəyyən edən müqavilə, təhviltəslim və sair sübutlar təqdim edilməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ödəyən şəxsə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-946/2021 nömrəli saylı işi üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar