Məhkəmə qərarları › İş №2(103)-4596/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4596/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4596/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutulmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1565/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutulmanın girov predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 16.02.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 3476,01 ABŞ dolları əsas borc, 221,99 ABŞ dolları faiz borc, 1943,25 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanan 507,84 ABŞ dolları, cəmi 6149,09 ABŞ dolları kredit borcunun müştərək qaydadada tutulması, Cavabdeh1 16.02.2015-ci il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 4712,98 ABŞ dolları əsas borc, 1893,43 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 687,70 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 8130,49 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Lexus GS 300” markalı, ağ met. rəngli, buraxılış ili 2007-ci il olan, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1565/2021 saylı, 11 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 16.02.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 3476,01 ABŞ dolları əsas borc, 221,99 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, 507,84 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 4305,84 ABŞ dollarının, 126 saylı kredit müqaviləsi üzrə 4712,99 ABŞ dolları əsas borc, 836,38 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, 687,70 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 6337,06 ABŞ dollarının (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) borc, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, 126 saylı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan “Lexus GS 300” markalı, ağ metal rəngli, buraxılış ili 2007-ci il olan, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, bank əsassız olaraq 28 fevral 2019-cu il tarixli Prezidentin Fərmanını ona şamil etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsin mübahisələndirdiyi hissədə yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir; çünkü o, şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirdiyi aydın olur. Xüsusən nəzərə alınmalıdır ki, iddiaçı tərəf qətnamə mübahisələndirməmişdir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq kollegiya aşağıdakı nəticəyə gəlir. İşin müəyyən edilmiş hallarına əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli 126 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 22 % olmaqla 5000 ABŞ dolları kredit verilmişdir. 16 fevral 2015-ci il tarixli ödəniş qrafikinə əsasən Cavabdeh1 4999,98 ABŞ dolları pulu və 1225,38 ABŞ dolları faiz məbləğini 16.02.2017-ci il tarixədək aylıq 259,39 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli 126 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan Lexus GS 300 markalı, **-DC-*** buraxılış ili 2007-ci il olan avtomobili İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. 16 fevral 2015-ci il tarixli 126 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 16 fevral 2015-ci il tarixli 126 saylı kredit müqaviləsinə əsasən verilmiş 5000 ABŞ dolları məbləğində kreditin illik faiz dərəcəsi 22%dən 16%-ə endirilmiş, 16 fevral 2015-ci il tarixli 126 saylı ipoteka müqaviləsinə 1 saylı əlavəyə əsasən girov müqaviləsinin 2.1 bəndinə dəyişiklik edilərək müqavilədə qeyd olunmuş illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 16 fevral 2015-ci il tarixli, AA seriyalı, 130121 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar danışar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Lexus GS 300 minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-nin “Uğur” filialı qarşısında ipoteka ilə yüklü edilməsinə dair müqavilə qeydiyyata alınmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli 127 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 22 % olmaqla 8000 ABŞ dolları kredit verilmişdir. 16 fevral 2015-ci il tarixli ödəniş qrafikinə əsasən Cavabdeh1 8000,11 ABŞ dolları pulu və 1960,61 ABŞ dolları faiz məbləğini 16.02.2017-ci il tarixədək aylıq 415,03 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli 127 saylı zaminlik müqaviləsinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 16 fevral 2015-ci il tarixli 127/1 saylı zaminlik müqaviləsinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 16 fevral 2015-ci il tarixli 127 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 16 fevral 2015-ci il tarixli 127 saylı kredit müqaviləsinə əsasən verilmiş 8000 ABŞ dolları məbləğində kreditin illik faiz dərəcəsi 22%dən 16%-ə endirilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş arayışlardan görünür ki, Cavabdeh1 10.01.2020-ci il tarixə 16 fevral 2015-ci il tarixli UGR**********6890001 saylı kredit müqaviləsi üzrə olan borcu əsas məbləğ üzrə 4712,98 ABŞ dolları faiz üzrə 836,38 ABŞ dolları, cərimə üzrə 1893,43 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 687,70 ABŞ dolları cəmi 8130,49 ABŞ dolları, 16 fevral 2015-ci il tarixli UGR**********6890002 saylı kredit müqaviləsi üzrə olan borcu əsas məbləğ üzrə 3476,01 ABŞ dolları, faiz üzrə 221,99 ABŞ dolları, cərimə üzrə 1943,25 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 507,84 ABŞ dolları cəmi 6149,09 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış 17.01.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Lexus GS 300 minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildiriş 24.01.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 15.01.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 3 gün müddətində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan oğlundan 16.02.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 3476,01 ABŞ dolları əsas borc, 221,99 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları dəbbə pulu, 126 saylı kredit müqaviləsi üzrə 4712,99 ABŞ dolları əsas borc, 836,38 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları dəbbə pulu tutmaqda haqlı olmuşdur. Kredit borcunun düzgün hesablanmadığı barədə apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi borc məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla belə kollegiya, qətnamənin mübahisələndirilən digər hissəsini, yəni apellyatordan “gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 16.02.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 507,84 ABŞ dolları və 126 saylı kredit müqaviləsi üzrə 687,70 ABŞ dolları tutulması” hissəsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi -müddəalarının şərh edilməsınə dair qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Mülki Məcəllənin 44.1.-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Müəyyən olunur ki, məhkəmənin 24.07.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Mübahisəli kredit müqavilələrinin müddətləri isə 16.02.2017-ci il tarixdə bitmişdir. Göründüyü kimi hazırki iş üzrə İddiaçı ASC ləğv prosesində olmaqla mülki hüquq qabliyyətli hüquqi şəxs kimi çıxış etmir. İddiaçı hazırki tələbində 16.02.2017-ci il tarixədək hesabladığı 16.02.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 507,84 ABŞ dolları və 126 saylı kredit müqaviləsi üzrə 687,70 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb edir ki, həmin dövr iddiaçının aktiv bank fəaliyyəti dövrünə aid edilmir. İddiaçı 24.07.2016-cı il tarixdən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdi, dolayısı ilə iddiaçı kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1 16.02.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 507,84 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər və 126 saylı kredit müqaviləsi üzrə 687,70 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin tutularaq İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1565/2021 saylı, 11 fevral 2021ci il tarixli qətnaməsi “Cavabdeh1 16.02.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 507,84 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər və 126 saylı kredit müqaviləsi üzrə 687,70 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin tutularaq İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar