Məhkəmə qərarları › İş №2(103)-4596/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4596/2022

16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4596/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 36 saylı evin 14 saylı mənzilinə dəymiş 1149 manat məbləğində maddi ziyanın və 32 manat ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2480/2022 saylı qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə 2(004)-6994/2021 nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Yasamal rayonunun ərazisinə aid olmadığından mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz və mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin yerləşdiyi yer üzrə məhkəməyə göndərilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı ilə ərazi aidiyyatı ilə bağlı məsələ mübahisələndirilərək, həll edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş üzrə mübahisəyə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya ilk olaraq qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən prosessual pozuntu hallarına da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Göründüyü kimi, Prosessual Qanunvericilikdə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxılarkən, ərazi aidiyyətinin pozulması hallarında iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsi deyil, iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə iddiaçıya qaytarılması müəyyən edilmişdir. Hansıki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Prosessual Qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, tələb zərərlə bağlı olduğundan, hazırki iddia ərizəsi ilə bağlı mülki işə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Kollegiya həmçinin bu qənaətə gələrkən, MPM-nin 151.3-cü maddəsinin tələblərini və prosessual qənaət prinsipini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar