Məhkəmə qərarları › İş №2(103)-4596/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4596/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4596/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-497/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 2019-cu il 16 dekabr tarixli borcun etirafı haqqında müqaviləyə əsasən cavabdeh iddiaçıya 50.000 manat borcunun olduğunu etiraf etmiş, həmin borcu isə 16 mart 2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət cavabdehdən 46.350 AZN məbləğində borc pulun, məhkəmədə iddianın verilməsinə görə 229 AZN məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcun qaytarılması üçün razılaşdırılmış 16 mart 2020-ci il tarixindən 2 il 7 ay keçsə də, cavabdeh ümumilikdə hissə-hissə 3.650 manat ödəniş etmişdir. Hazırda cavabdehin 46.350 manat borcu qalmışdır. Cavabdehdən borcu tələb etdikdə, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan boyun qaçırmış və bu səbəbdən hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-497/2023 saylı qətnaməsi (hakim Ramin Xəlilov) iddia tələbi təmin edilmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

5. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

6. Apellyasiya şikayətində qeyd edilmişdir ki, həmin borc üzrə iddiaçıya 3.650 manat yox, 8.500 manat məbləğində pul qaytarmışdır. Məhkəmə işə baxarkən bunu nəzərə almamış düzgün araşdırma aparmamışdır. Məhkəmə işə baxarkən onun iştirakını lazımi qaydada təmin etməmişdir.

c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı:

8. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

9. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apelyasiya baxışının hədləri.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

14. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

15. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

20. Maddə 882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

25. İddiaçı iddia edir ki, cavabdehə 5000 manat borc vermiş, cavabdeh həmin məbləğdən hissə-hissə 3.650 manat qaytarmış, 46.350 manat borcu qalmışdır.

26. Cavabdeh isə 8.500 manat borc qaytardığını bildirərək iddiaya etiraz etmişdir.

27. Birinci instansiya məhkəməsi isə cavabdehin borcun olduğunu etiraf etdiyini, habelə onun tərəfindən borcun ödənilməsi barədə qəbz və s. sübutlar təqdim olunmadığı üçün iddianı təmin etmişdir.

28. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (maddə 882.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1).

30. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı cavabdehə 50000 manat borc vermiş və borcun verildiyi cavabdeh tərəfindən də etiraf edilmiş, mübahisələndirilməmişdir. İddiaçı cavabdehin həmin məbləğdən 3650 manat qaytardığını, cavabdeh isə 8.500 manat qaytardığını, bildirir. Lakin haızki halda sözügedən məbləğdən cavabdeh tərəf 8500 manat məbləğində pul qaytardığını qeyd etsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

31. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.

32. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı borc verən kimi cavabdehə 2019-cu ildə 50.000 manat pul verdiyini sübut etmişdir. Eyni zamanda iddiaçı həmin pulun 3650 manatının cavabdeh tərəfindən ona qaytarıldığını etiraf etmişdir. Lakin cavabdeh iddiaçıya daha artıq məbləğ qaytarması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

35. Eyni zamanda apellyasiya şikayətininməhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki,məhkəmə bildirişləri cavabdehin məhkəməyə məlum olan qeydiyyat ünvanı üzrə göndərilmiş, lakin “köçüb” qeydi ilə geri qaytarılmışdır. Həmçinin, cavabdehin mobil nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə sms-bildiriş də göndərilmişdir.

36. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.

40. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-497/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar