Məhkəmə qərarları › İş №2(103)-4598/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4598/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4598/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1486/2022 saylı, 08 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 100821-125035/10 nömrəli kredit müqaviləsi üzrə 2280,52 (iki min iki yüz səksən manat 52 qəpik) manat əsas borc, 30,42 (otuz manat 42 qəpik) manat faiz borcu olmaqla cəmi 2310,94 (iki min üç yüz on manat 94 qəpik) manat borcun və 43,51 (qırx üç manat 51 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100821-125035/10 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2437,44 (iki min dörd yüz otuz yeddi manat 44 qəpik) manat olan kredit verilmişdir. Eyni zamanda bank ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100821-125035/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borcu ödəməmişlər. xx.xx.2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 2280,52 (iki min iki yüz səksən manat 52 qəpik) manat əsas borc, 30,42 (otuz manat 42 qəpik) manat faiz borcu olmaqla cəmi 2310,94 (iki min üç yüz on manat 94 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1486/2022 saylı, 08 aprel 2022ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il taixli, 100821-125035/10 nömrəli Kredit Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərərək qaydada 2280,52 (iki min iki yüz səksən manat 52 qəpik) manat əsas borc, 30,42 (otuz manat 42 qəpik) manat faiz borcu olmaqla cəmi 2310,94 (iki min üç yüz on manat 94 qəpik) manat məbləğində pul və 43,51 (qırx üç manat 51 qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi hüququnu pozmaqla qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Həmçinin borc məbləği düzgün hesablanmamışdır. Belə ki, banka ödənişləri olmuşdur. Tələb olunan məbləğ isə çoxdur. Apellyasiya baxışı zamanı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti verdiyindən eləcə də qətnamə digər cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə Cavabdeh1 münasibətdə yoxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100821-125035/10 nömrəli istehlak krediti müqaviləsindən və ödəniş cədvəlindən müəyyən edilir ki, “Bank” borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2437,44 (iki min dörd yüz otuz yeddi manat 44 qəpik) manat olan kredit vermişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100821-125035/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış kredit güzəştli restrukturizasiyası üçün ərizənin surətindən görünür ki, borclu restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2437,44 (iki min dörd yüz otuz yeddi manat 44 qəpik) manat məbləğində güzəştli kreditin verilməsini bankdan xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xəbərdarlıqdan görünür ki, borclu xx.xx.2019-cu il tarixli, 100821- 125035/10 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün yaranmış borcu ödəmələri tələb olunur. - xx.xx.2022-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 2280,52 (iki min iki yüz səksən manat 52 qəpik) manat əsas borc, 30,42 (otuz manat 42 qəpik) manat faiz borcu olmaqla cəmi 2310,94 (iki min üç yüz on manat 94 qəpik) manat borcu var. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43,51 (qırx üç manat 51 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılmasıvə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 100821-125035/10 nömrəli istehlak krediti müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunu İddiaçı ASC-yə ödəməlidir. Cavabdeh apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu eləcə də tərəfindən edilmiş ödənişlər barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehin birinci instansiya məhkəməsi tərəfindən onun ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi hüququnub pozulması barədə dəlilinə gəlincə məhkəmə kollegiyasg qeyd edir ki, birinci instansiya məhkəməsi tərərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, bildiriş Cavabdeh1 çatdırılmış, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 2310,94 (iki min üç yüz on manat, doxsan dörd qəpik) manat olmaqla beş min manatdan az olduğundan, istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1486/2022 saylı, 08 aprel 2022ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar