Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-46/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «pul tələbi, məhkəmənin ittiham hökmünün hazırki iş üzrə preyudisiallığı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4401/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cavabdeh2 2019-2020-ci illər ərzində müxtəlif şəxslərə Azərbaycan Reysublikası Mənzil X7 sifarişi əsasında tikilən sosial evlərin satışı müsabiqəsində qalib gələcəklərini, bundan başqa ünvanlı sosial yardımın ayrılmasını vəd edərək qarşılığında müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş müraciətlər əsasında barəsində 7 sentyabr 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün cinayət işi məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18500 (on səkkiz min beş yüz) manatın qətnamənin çıxarıldığı tarix üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizləri ilə birlikdə və ödənilmiş dövlət rüsumu əvəzi kimi 30 (otuz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiada göstərilir ki, 2019-cu ilin sentyabr ayında özünü MİDA əməkdaşı kimi təqdim etmiş Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan və keçmiş qonşusu, olan Cavabdeh1 o və qardaşı üçün MİDA-nın sərəncamında olan 2 ədəd 3 otaqlı mənzil vəd edərək ilkin ödəniş olaraq 24.000 (iyirmi dörd min) AZN pul vəsaitini ondan almışdır. Ən qısa zamanda evlərin satışı olacağını bildirmiş və onlara vəd olunan evləri ipoteka qaydasında güzəştli şərtlərlə əldə edəcəkdilər. Daha sonra ona və yoldaşına ünvanlı sosial yardım təşkil etmək adı ilə iddiaçıdan hər biri üçün 6000 AZN olmaqla, ümumilikdə 12.000 (on iki min) AZN (7.000$ və 200 AZN) pul vəsaiti almışdır. Bütün bu proseslərin qanun çərçivəsində olduğunu bildirmişdir. Sosial yardım üçün öncə bankda debet kart əldə etməyi gərəkliyini, 3 aydan sonra isə DSMF tərəfindən rəsmi olaraq kart ayrılacağını söyləmişdir. Ünvanlı sosial yardımın təşkili üçün ona müvafiq nazirliyin nazir müavini köməklik edəcək deyə dəfələrlə bildirmişdir. Kartlar hazır olduqdan sonra 5 ay (arada 1 -2 ay fasilələrlə) hər karta 500 AZN (toplam 5000 AZN) ödəniş olunmuşdur. Daha sonra ümumi gedişatda olan pozğunluqlar, prosesin vəd edildiyi şəkildə getməməsindən şübhələnərək bu işin qanunsuz, cinayət tərkibli iş olduğu qənaətinə gəlmiş və həm ev, həm yardım üçün verdiyi pulu geri tələb etmişdir. Nəticədə verdiyi ümumi 36.000 manatın 17.500 manatı geri verilmiş və 18.500 manat pul vəsaiti isə geri qaytarılmamışdır. Bu işdə Cavabdeh1 Nazim qızına Cavabdeh2 adlı xanım da köməklik etmişdir. Natavan xanım 18500 manat məbləğin onda deyil, Günay xanımda olduğunu iddia edərək ödəməkdən boyun qaçırmışdır. Günay xanım da pul məbləğinin Natavan xanım tərəfindən geri qaytarılmalı olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlarla bağlı Cavabdeh1 ilə yazışmalar mövcuddur və iddia ərizəsinə disk şəklində əlavə edilmişdir. Qeyd edir ki, işlə bağlı daha öncə müvafiq polis bölməsinə, daha sonra da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. İş üzrə uzun müddətdir ki, istintaq gedir. Maddi çətinlikləri mövcud olduğundan və kirayədə qaldığı üçün cavabdehlər tərəfindən ondan alınan pul məbləğlərinin tez bir zamanda ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 4.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4401/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 18500 (on səkkiz min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu əvəzi tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında yaranmış mübahisə Cavabdeh1 münasibətdə təmin edlməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi X6 şahidin dindirilməsi haqqında 17 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, Cavabdeh1 vermiş olduğu ifadəsində İddiaçı 24000 manat məbləğində pul aldığını etiraf etmişdir. Bundan əlavə ifadəsində həmin puldan 12000 manat məbləğində vəsaiti Cavabdeh2 verdiyini bildirmişdir. 5.1.Məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə təmin edilməsi qənaətinə gəlir. Belə ki, Cavabdeh1 ifadəsində İddiaçı 24000 manat məbləğində pul vəsaiti aldığını etiraf etmişdir. Məhkəmə göstərilən faktı işin mübahisəsiz halı kimi qiymətləndirir. Cavabdeh2 12000 manat məbləğində pulun verilməsinə gəldikdə isə Cavabdeh1 bu halı məhkəmədə sübuta yetirməmişdir. Bu səbəbdən Cavabdeh2 nisbətdə iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 5.2.Məhkəmə iddia tələbinin qətnamənin çıxacağı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlərin tutulmasına münasibətdə qeyd edib ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından iddia tələbinin 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti əsas götürülməklə qətnamənin çıxacağı gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlərin tutulması hissəsi də əsassızdır və rədd olunmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edib şikayətdə göstərir ki, iddiaçı ilə qonşu olmuş, 24 min manat pulu iddiaçı ev almaq məqsədilə ona vermiş, o, isə həmin pulu özü Cavabdeh2 vermişdir. Bu barədə İddiaçı şəxsən məlumatlı olmuş və bu barədə dəfələrlə özü şəxsən Cavabdeh2 ilə görüşüb əlaqə saxlamışdır. Vəd versə də Cavabdeh2 onu da, Mirəzizi də və bir çox digər insanı da dələduzluq edərək aldatmışdır. 24 min manat pulun hamısını Günaya verməyinə baxmayaraq, həmin puldan təxminən 15 min manatı özü Mirəzizə qaytarmışdır. İddiaçının tələb etdiyi 18.500 manat pul vəsaitini özü Cavabdeh2 vermiş, buna görə də həmin pul iş üzrə digər Cavabdeh2 tutulmalıdır. Məhkəmənin özünün istinad etdiyi sübutlardan da göründüyü kimi o, hüquqi əsas olmadan heç kimin, o cümlədən İddiaçı hesabına əmlak əldə etməmiş, hüquqi əsas olmadan varlanmamış, iddiaçının isə məhrum olan vəsaiti Cavabdeh2dır. Əsl əsassız varlanan və iddiaçının tələbi ilə əmlakı qaytarmalı olan cababdeh Cavabdeh2dır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hüquqi baxımdan adını və mahiyyətini müəyyənləşdirə bilməmiş, bunun məntiqi nəticəsi olaraq bu iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını düzgün müəyyən edə bilməmişdir.
b)Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c)Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək ona münasibətdə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını edilməsini xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın şikayət verən cavabdehə aid təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından cavabdehdən alınmalı olan pulun miqdarı istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
17. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün, mübahisələndirilən hissədə cavabdehdən alınmalı olan pulun miqdarı istisna olmaqla iddia haqlı sayılırdı.
18. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
19. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
20. Hazırki işdə də, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etmişdir. Cavabdeh1 isə iddia tələbinə özünəməxsus qaydada etiraz etsə də, həm iddia ərizəsinin, həm də apellyasiya şikayətinin dəlilləri, eləcə də apellyasiya baxışı zamanı tərəflərin izahatı ilə təsdiq olunur ki, əslində o, iddiaçıdan ümumilikdə 36000 manat almış və bu fakt işin mübahisəsiz halına çevrilmişdir. Qeyd olunan məbləğin 24000 manat hissəsini iddiaçı və qardaşı üçün Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən “X9”ndə inşa edilmiş sosial binalardan 2 ədəd, hər biri 96 kv.m ölçüdə olmaqla, 2 otaqlı mənzillərin verilməsinin təmin edilməsinə görə, 12000 manatı isə iddiaçı və arvadı üçün ünvanlı sosial yardımı təşkil etmək üçün almışdır.
21. Cavabdeh1 birinci instansiya məhkəməsində və apellyasiya şikayətində 24000 manatı iddiaçının ona verdiyini, o, isə həmin məbləği Cavabdeh2 verdiyini, bu barədə iddiaçının da məlumatı olduğunu, Cavabdeh2 onu və iddiaçını aldadaraq dələduzluq etdiyini bildirib. Apellyasiya baxışının birinci iclasında Günay tərəfindən 36000 manatın 17000-18000 manatını qaytardığını, ikinci iclasında isə alınmış məbləğin 15000 manatını özünün qaytardığını, 5000 manat isə Günay tərəfindən iddiaçının adına açılmış karta köçürüldüyünü, 2000 manatı isə Günel adlı şəxs tərəfindən qaytarıldığını bildirmişdir. Həmin iclasda iddiaçı da 15000 manatın Cavabdeh1 tərəfindən qaytarıldığını, 2000 manatın Günel adlı şəxs, 500 manatın isə Cavabdeh2 tərəfindən qaytarıldığını, sonuncu məhkəmə iclasında isə 5000 manat məbləğin də Cavabdeh2 tərəfindən kart hesabına köçürüldüyünü təsdiq etdi. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan məqsədlərlə Cavabdeh1 verdiyi 36000 manatdan 22500 manat qaytarıldığını təsdiq etdi və hər iki tərəfin izahatı ilə bu fakt işin mübahisəsiz halına çevrildi. Ona görə də cavabdehdən alınmalı olan məbləğ azaldılaraq 13500 manat müəyyən edilməlidir.
22. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-249/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh2 CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1(bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatı sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə ona 10(on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə himayəsində olan on dörd yaşına çatmamış 30 sentyabr 2012-ci il təvəllüdlü oğlu X11 on dörd yaşına çatanadək təyin olunan cəzanın çəkilməsi təxirə salınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)- 649/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək, hökmdən Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunmasına dair müddəalar çıxarılaraq, Cavabdeh2 CM-in 178.4-cü maddəsi ilə təyin olunan 10(on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün dərhal məhkəmə iclas zalında həbs edilib, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbs etmənin əvvəlinin xx.xx.2023-cü ildən hesablanması qərara alınıb, himayəsində olan on dörd yaşına çatmamış 30 sentyabr 2012-ci il təvəllüdlü oğlu X8 aidiyyəti üzrə himayəyə verilməsi məsələsinin həll edilməsi Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
24. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-249/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2... eyni niyyətlə, 2019-cu ilin sentyabr ayında özünə qeyd edilən məqsədlə tanışı Cavabdeh1 vasitəsi ilə müraciət etmiş İddiaçı və onun qardaşı X4 Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən “X9”ndə 2 ədəd olmaqla, hər biri 96 kv.m ölçüdə, 2 otaqlı mənzillərin verilməsinin təmin edilməsinə görə, həmin Agentlikdə işləyən özünün yaxın münasibətdə olduğu məsul vəzifəli şəxsə xidməti vəzifəsinin(səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi bilə-bilə eyni xarakterli qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 24000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, şəxsən və əlbir olduğu şəxs vasitəsilə İddiaçı razılığını almaqla sövdələşərək, həmin niyyətlə, 2019-cu ilin sentyabr ayında ünvan 4 ünvanında yerləşən K.Fərəcova adına X1 qarşısında Cavabdeh1 vasitəsilə İddiaçı 24000(iyirmi dörd min) manat pul vəsaitini alıb, əlbir olduğu şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cəmi 24000(iyirmi dörd min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək 62 nəfər şəxsə, o cümlədən iddiaçıya qarşı xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 25.Bu hökmlə Cavabdeh2 Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədyinə görə bəraət verilmişdir. Göründüyü kimi, hökmlə İddiaçı Cavabdeh1 vasitəsilə 24000(iyirmi dörd min) manat alındığı təsdiq olunmuşdur. Hətta təqsirləndirilən şəxs qismində Cavabdeh2 ifadəsində idiaçının verdiyi 12000 manat məbləği birbaşa Cavabdeh1 deyil, anası X5 aldığını, sonuncunun isə 12000 manatı özü üçün götürdüyünü, aldığı 12000 manatı problemlərinə görə müxtəlif şəxslərin pensiya və ünvanlı sosial yardımları adına özlərinə açdırdıqları kartlarına köçürdüyünü, sonradan bu məsələlərin üstü açıldığı təqdirdə aldığı 12000 manatı da Zərifə Hümbətovaya geri qaytardığını göstərmişdir. Cinayət işi üzrə şahid qismində ifadə verən Cavabdeh1 da iddiaçıdan aldığı 24000 manatın 12000 manatını Cavabdeh2 verdiyini, 12000 manatını isə özünə götürdüyünü, lakin özünə götürdüyü 12000 manatı da İddiaçı iki nəfər qohumu üçün mənzil ayrılmasına görə Cavabdeh2 verdiyini göstərmişdir. Ancaq Cavabdeh2 Cavabdeh1 iddiaçıdan aldığı cəmi 12000 manatı ona verdiyini, qeyd olunan məbləği də qaytardığını bildirib. Göründüyü kimi, hətta Cavabdeh1 iddiaçıdan birbaşa aldığı 36000 manatın, ünvanlı sosial yardım düzəldilməsini təmin etmək məqsədilə alınmış 12000 manat hissəsi üzrə də Cavabdeh2 ittiham verilməmiş və bu epizod üzrə o, təqsirli bilinməmişdir. Cinayət işində ifadə verərkən də iddiaçı Cavabdeh1 pul verəndə və 2020-ci ilin avqust ayınadək, yəni hüquq mühafizə orqanlarına məlumat verənədək Cavabdeh2 tanımadığını və görmədiyini bildirmişdir. Bu cür vəziyyətdə iddiaçı birbaşa Cavabdeh1 yuxarıda qeyd olunan məqsədlərlə verdiyi məbləğləri tələb etməkdə haqsız olmamışdır.
26. Cavabdeh1 iddiaçının ondan tələb etdiyi qalan məbləği Cavabdeh2 verdiyini və bu məbləğin sonuncuda olduğunu bildirməsi həqiqi olsa belə bu hal şikayətin mübahisələndirilən hissədə əsaslı olduğuna və iddianın isə əsassız olduğuna dəlalət etmir. Çünki, hökmlə də Cavabdeh1 iddiaçıdan aldığı məbləğlərin birbaşa onun tərəfindən alınması təsdiq olunur. Əlbətdə ki, Cavabdeh1 hesab edirsə ki, iddiaçıdan alıb Cavabdeh2 verdiyi məbləğin hansısa hissəsini sonuncu ona qaytarmayıb, bu halda Cavabdeh2 qarşı məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ mövcuddur.
27. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-649/2023 nömrəli qərarında Cavabdeh2 dələduzluq etdiyi şəxslər, o cümlədən İddiaçı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarının tələblərinə əsasən zərərçəkmiş şəxs qismindəə tanınmaları üçün məhkəmə iclasına çağırılmışlar. Əmlak zərəri dəymiş şahidlərin məhkəmə iclasına gəlib-gəlməmələrindən asılı olmayaraq onların zərərçəkmiş şəxs kimi tanınmaları mümkün hesab edilərək zərərçəkmiş şəxs kimi tanınmışlar. Deməli, hazırki iş üzrə iddiaçı Cavabdeh2 barəsində olan cinayət işi üzrə birinci instansiya məhkəməsində prosessual statutusu şahid olsa da, apellyasiya instansiyası məhkəməsində bu status dəyişdirilərək zərərçəkmiş şəxs kimi tanınmışdır. Bu faktların da hazırki iddianın əsassızlığına və Cavabdeh1 şikayətinin əsaslılığına heç bir təsiri yoxdur. Lakin hazırki iddianın qanuni əsasının müəyyən edilməsində əhəmiyyəti ola bilər.
28. Belə ki, mülki işi apellyasiya baxışında olarakən dəfələrlə, yəni 20 aprel 2022-ci il tarixdə, 31 oktyabr 2022-ci il tarixdə və 08 iyun 2023-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilərək mülki iş üzrə yaranmış zərurət ilə əlaqədar qeyd olunan cinayət işi üzrə İddiaçı və Cavabdeh1 barəsində hər hansı bir prosessual qərar qərar qəbul edilib-edilməməsi(o cümlədən CM-nin 312.2-ci maddəsi ilə) edilmişdirsə həmin qərarın təsdiq edilmiş surətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilsə də ümumiyyətlə məhkəmənin sorğularına heç bir cavab verilməmişdir. Əlbətdə ki, cinayət işinə əlavə edilmiş Cavabdeh2 barəsində tərtib edilmiş ittiham aktının, haqqında çıxarılmış ittiham hökmünün və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-649/2023 nömrəli qərarının məzmunundan belə qənaətə gəlmək olar ki, Cavabdeh2 qabaqcadan əlbir olduğu şəxslər, o cümlədən Cavabdeh1 barəsindədə cinayət təqibi aparıla bilər yaxud onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilə bilər. Məhz buna görə də hazırki mülki iş üzrə idianın qanuni əsasının düzgün müəyyən edilməsi üçün qeyd edilən halların aydınlaşdırılması zəruri idi. Çünki, birinci instansiya məhkəməsi iddianın qanuni əsası kimi əsassız varlanma normalarına istinad etmişdir. Yəni, Cavabdeh1 qanuni əsas olmadan iddiaçının hesabına əsassız varlandığı qənaətinə gəlmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi istintaq orqanından cinayət təqibi üzrə yuxarıda göstərilən faktlarla bağlı Cavabdeh1 barəsində hansı qərarın qəbul edildiyini yaxud edilə biləcəyini öyrənməyə dəfələrlə cəhd etmişdir. Ancaq qeyd olunduğu kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Apellyasiya Məhkəməsinin dəfələrlə etdiyi müraciətinə heç bir səbəb göstərmədən cavab vermədi. Bir daha qeyd olunur ki, qeyd olunan məsələlərin dəqiqləşdirilməsi hazırki mülki iş üzrə Cavabdeh1 iddiaçı qarşısında öhdəliyinin əsassız varlanmadan yaxud zərərvurmadan əmələ gəlib-gəlməməsini müəyyən etmək məqsədilə olmuşdur. Başqa sözlə, Cavabdeh1 barəsində cinayət təqibinin aparılacağı yaxud bəraətverici əsaslar olmadan xitam veriləcəyi halda hazırki iş üzrə iddianın qanuni əsası dəyişə, yəni öhdəliyin əsassız varlanma nəticəsində deyil, zərər vurma nəticəsində əmələ gəlib-gəlmədiyi dəqiq müəyyənləşə bilərdi. Göstərilənlərə baxmayaraq, istər əsassız varlanma, istərsə də zərər vurma nəticəsində əmələ gəlsin, hər bir halda cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və bu öhdəlik də könüllü icra olunmadığı üçün məhkəmə aktına əsasən məcburi icra olunmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin, şikayətin isə qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdn yaxud əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
30. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4401/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdehdən alınmalı olan pulun miqdarı hissəsində dəyişdirilməli və cavabdehdən alınmalı məbləğ azaldılaraq 13500 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4401/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdehdən alınmalı olan pulun miqdarı hissəsində dəyişdirilsin və alınmalı məbləğ azaldılaraq 13500(on üç min, beş yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.