Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4605/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3612/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün verilmiş pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.2, 151.1, 152.1.2, 152.2, 152.3, 284-3.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı ASC-ni təmsil etmək üçün Kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə xx.xx.2024-cü il tarixdə 1 il müddətinə etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, Nümayəndə xx.xx.2016-cı il tarixdə Məhkəmələrlə iş şöbəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, əmri isə xx.xx.2017-ci il tarixdə verilmişdir. Lakin hüquqi şəxs İddiaçı ASC-ni təmsil edən işçisi Nümayəndə əsas iş yerinin həmin hüquqi şəxs olmasını təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi kimi iddia ərizəsini imzalayan Nümayəndə əsas iş yerinin İddiaçı ASC olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən məhkəməyə onun hüquqi şəxsi təmsil etmək səlahiyyətinin olub-olmaması aydın olmadığına görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: İddiaçı şikayət vermiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli e- 2(004)-3612/2024 saylı qərardadının ləğv edilməsini, əks təqdirdə 7 gün müddətində şikayətin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268.1, 269.2, 269.3, 396.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hakim tərəfindən işə düzgün qiymət verilməmiş, ərizə əsassız səbəbə görə geri qaytarılmışdır. Qanunun tələbinə görə bütün sənədlər iş materialına əlavə edilmişdir. Məhkəmə Elektron sisteminə əlavə edilmiş sənədlərə nəzər yetirilsə, oradan tam aydın olunur ki, ərizəyə əlavə edilmiş, bankın möhürü ilə təsdiq edilmiş əmək kitabçasından görünür ki, Nümayəndə İddiaçı ASC-nin Kreditlərin Hüquqi Təqibi Departamentinin Məhkəmələrlə iş şəbəsinin müdiri vəzifəsində işləyir. Bundan başqa, iş materiallarına əlavə edilmiş bankın möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 15/00343 saylı etibarnamə ilə də bu tam subut olunur. Elektron sistemdə nümayəndənin şəxsiyyətini müəyyən edən zaman həmin bölməyə daxil olduqda tam aydın şəkildə görünür ki, ərizənin imzalayan nümayəndənin iş yeri haradır. Hakim tərəfindən qeyd olunan əsas ərizənin geri qaytarılması üçün əsas ola bilməz, sadəcə olaraq işin aydın olmayan səbəbdən uzadılmasıdır. Hər hansı bir prosessual pozuntuya iddiaçı tərəfindən yol verilməmişdir, hakim tərəfindən qəbul edilmiş qərardad tam əsassızdır və ləğv olunmalıdır. Məhkəmə bankın hüquqlarını pozmaqla yanaşı, məsələnin həllinin lüzumsuz uzadılmasına gətirib çıxarmışdır. Belə ki, ərizə əsassız geri qaytarıldığından, həm iddiaçı tərəfin, həm də məhkəmənin iş yükünü artmasına gətirib çıxarmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3612/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir; 150.1.3. İddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir; 151.1.İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2. İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 7. 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 43. 2. Əmək müqaviləsində mütləq ( h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd) əsas şərtlər və məlumatlar göstərilməlidir. 49. 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal və aidiyyəti olmayan mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, iddiaçının çatışmazlıqları aradan qaldırmaqla müraciət (məhkəmə müdafiəsi) hüquqları mövcuddur. Qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şikayətin dəlillərinə dair isə qeyd edilməlidir ki, elektron məhkəmə sistemi vasitəsilə şəxsin iş yerini müəyyən etmək mümkün olsa da, şəxsin əsas iş yerinə dair elektron arayışı əldə etmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Əməak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair arayışı məhkəməyə təqdim etmək iddiaçının tərəfindən təqdim edilməlidir. Qeyd edilməlidir ki, məhz həmin arayışdan şəxsin əsas iş yeri, vəzifəsinin adı, əmək müqaviləsinin müddəti, arayışın təyinatını müəyyən etmək mümkündür. Prosessual qanunvericilik də məhz müvafiq qaydada səlahiyyət verilmiş şəxsin əsas iş yerinin həmin hüquqi şəxs olmasını (elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasını) təsdiq edən sənədin digər sənədlərlə birgə təqdim edilməsini nümayəndənin səlahiyyətli olması baxımından şərtləndirir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3612/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-4605/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4605/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver