Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4608/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 570,51 manat, faiz borcuna görə 224,80 manat, cərimə borcuna görə 252,46 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinə görə 84,24 manat olmaqla ümumilikdə 1132,01 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.10.2015-ci il tarixli 70026516 ssuda hesablı kredit verilməsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Müqavilənin bitmə tarixi 28.10.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 15.09.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 570,51 manat əsas, 224,80 manat faiz, 252,46 manat cərimə borcu, 84,24 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə 1132,01 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Yeni güzəştli kredit müqaviləsi bağlamaq üçün cavabdeh iddiaçıya müraciət etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 28.10.2015-ci il tarixli 70026516 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 570,51 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 600,51 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Səadət Səlimova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 28.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir. Bank öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “Fond” adlanacaq) “kredit borcunun qaytarılması” tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 570,51 manat əsas, müqavilə müddətinin sonuna hesablanmış 224,80 manat faiz borcu, 252,46 manat cərimə, 84,24 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 1132,01 manat borcun tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Qətnamə faiz, cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 84.24 AZN faiz məbləği təmin edilməməsi hissəsində qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, işdə olan problemli kreditlər məlumatlarının sorğulanmasına dair elektron informasiya sistemindən çıxarılmış portaldan çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə onun İddiaçı ASC-yə 570.51 manat borcu qalmışdır. Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərini həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında X2 Palatası tərəfindən müəyyən olunmuş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Göründüyü kimi, cavabdehin borcu milli valyutada olduğundan borcunun yalnız restruktruzasiya olması mümkün olmuşdur, lakin güzəştli kredit müqaviləsinin bağlanması üçün müəyyən olunmuş müddət sona çatsa da Cavabdeh bununla bağlı Banka müraciət etməmişdir. Cavabdehin müraciəti olmadan nə bankın, nə məhkəmənin cavabdehin faiz və cərimə borclarını silməyə səlahiyyəti yoxdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbitəinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsnin vaxtını tənzimədiyi halda, kredit müddəti kredit müqaviləsinə müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsi vaxtını tənzimləyir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış fayda) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Cavabdehə kredit 10.09.2014-cü tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə iddiaçının bu hüququnu əsassız yerə təmin etməyərək, onun mənafeyini pozmuşdur. Tərəflərin izahatları: İşə baxılasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 28.10.2015-ci il tarixli 70026516 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə qaytarmaq illik 14 % ödəmək şərti ilə şəxsi istehlak məqsədilə 4000 manat kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin 28.10.2015-ci il tarixli 70026516 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 28.10.2015-ci il tarixdən 28.10.2017-ci il tarixədək olan dövr ərzində əsas borca görə 4000 manat, faiz borcuna görə 609,75 manat olmaqla cəmi 4609,75 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC-nin 14.10.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 28.10.2015-ci il tarixli 70026516 saylı kredit müqaviləsi üzrə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə əsas borca görə 570,51 manat, faiz borcuna görə 224,80 manat, cəriməyə görə 252,46 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinə görə 84,24 manat olmaqla, cəmi 1132,01 manat borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 14.09.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 17.02.2021-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışından müəyyən olunur ki, Cavabdeh LPO İddiaçı ASC-yə restruktrizasiya olması təklif olunan əsas kredit borcu 570,51 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan 28.10.2015-ci il tarixli 70026516 saylı kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşdüyündən Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın borcverənə olan 570,51 manat əsas borcunun restrukturizasiya edilməsi nəzərdə tutulsa da borcverən borcalanla, istinad olunan Fərmanın tələblərinə əsasən, güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda–kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1- dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019- cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X4 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Kollegiya iddiaçının faiz, cərimə, 5% tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib cavabdehlə güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda cavabdehə qarşı faiz, cərimə, 5% tələbi irəli sürməsi hüquqdan sui-stifadə olduğundan iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, restrukturizasiya ilə bağlı Cavabdeh Banka müraciət etməmişdir. Cavabdehin müraciəti olmadan nə bankın, nə məhkəmənin cavabdehin faiz və cərimə borclarını silməyə səlahiyyəti yoxdur. Kollegiya iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında bankın cavabdehi (borc alanı) yuxarıda qeyd olunan Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı məlumatlandırmamış, yəni yazılı və ya elektron formada elektron poçt, SMS vasitəsilə bildiriş göndərməmişdir. Bununla bağlı hər hansı məlumat iş materiallarında mövcud olmadığından, iddiaçının apellyasiya şikayətinin dəlili qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edilən hüquq normalarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbinin faiz və cərimə borcu hissəsində təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1166/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4608/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4608/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver