Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4608/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi kimi 3331 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(008)-4207/20) iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Mersedes Benz E200” markalı WC785CW dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat cərimə edilmişdir. Hadisədə zərərçəkmiş şəxsdir. Hadisə zamanı onun idarə etdiyi “Toyota Prado” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən xarici əzinti almışdır. Qiymətləndirmə aktına əsasən avtomobildə görülmüş təmir işləri 3331, 68 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, onun məhkəmə iclasında iştirakı təmin edilməyib, hadisə vaxtı iddiaçıya yaxınlıqda avtomobil təmir olunan yerə getməyi, öz hesabına avtomobili təmir etməyi təklif edib, lakin iddiaçı razılaşmayıb, iddiaçı avtomobili özünün təmir edəcəyini bidirmişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş, maddi zərər 100-120 manat olduğundan tərəflərə məsələnin sülh yolu ilə həll olunması təklif edilmiş, iddiaçı şikayət edəcəyini bildirmişdir. Zərər şişirdilib, halbuki avtomobilə cüzi zərər dəyib. Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:20-də Bakı-Quba yolunun 10km-də cavabdeh “Mersedes Benz E200” markalı WC785CW dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 40 manat cərimə edilmişdir. “X2” MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə cədvəlindən görünür ki, avtomobilin təmiri və ehtiyat hissələri üçün cəmi 3331,68 manat vəsait sərf olunmuşdur. İddiaçının tələbi cavabdehdən yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 3331 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədədir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1108, 1115-ci və s. maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Məhkəmə maddi ziyanın məbləğini “X2” MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə cədvəlinə əsasən müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi ziyanin tutulması barədə qanuni və əsaslı qənaətə gəlsə də, tutulmalı olan məbləğlə bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 9/4889 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə avtomobilin təmir-bərpa xərci təxminən 2372,61 manat (dəyişilməli hissələrin qiyməti – 1572,61 manat, təmir-bərpa işlərinin qiyməti – 800 manat) müəyyən edilmişdir. Məhkəmə vurulmuş maddi zərərin məbləğinə münasibətdə iddiaçının təqdim etdiyi sübutları və ekspert rəyini birgə tədqiq edərək, ekspert rəyini daha mötəbər sübut kimi qiymətləndirir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilməli, avtomobilə dəymiş zərərin məbləği 2372,61 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-in 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Dəymiş maddi zərərə görə 2372,61 (iki min üç yüz yetmiş iki manat, altmış bir) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin qismində 100 manat məbləğində pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4608/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4608/2022
26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver