Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-461/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1078/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1078/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddəti tətbiq edilərək, rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11513/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfin Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1405/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi N.Əliyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırkı mülki mübahisə üzrə iddiaçı qismində “xxxx” QSC-nin çıxış etməsinə baxmayaraq, iş üzrə iddia ərizəsi “xxxx” QSC tərəfindən deyil, İddiaçı MMC-nin nümayəndəsi – icraçı direktor Süleyman Bəkirov tərəfindən imzalanmışdır (i/v 6). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Məcəllənin 259.0.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılmasında birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmadığından, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardad, kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardad hesab olunmadığından ondan şikayət verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.01.1, 152, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1078/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan kassasiya şikayəti verilə bilməz Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-461/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-461/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver