Məhkəmə qərarları › İş №2(103)-461/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-461/2025

18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-461/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən vurulmuş maddi ziyana görə 25.559,9 manat pul vəsaitinin və ödənilmiş 167 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Qeyd edir ki, cavabdeh “İnvest.M Construction'’ Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçının evinin yerləşdiyi ərazidə yeni tikili binaları inşa etmək üçün bir sıra qonşularla danışıqlar apararaq, onların evini alaraq söküntü işlərini həyata keçirdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı ilə “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bununla əlaqədar heç bir razılıq əldə edilməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə işdən evə qayıdan zaman Cavabdeh tərəfindən evinə külli miqdarda maddi ziyan vurulduğunun, divar və dam örtüyünün dağıdıldığının, eyni zamanda evdə olan televizorun, kondisionerin, notbukun, masanın, stulun, şkafın, 2 tikiş maşınının, qabların, 2 ütünün, nərdivanın, pəncərənin, barmaqlıqların, pəncərə altı mərmərlərin, pərdələrin, tülün, karnizin və çılçırağın yararsız vəziyyətə düşdüyünün şahidi olmuşdur. “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin İctimai Televiziyaya verdiyi müsahibəsində həmin işlərin guya onunla razılığı əsasında aparıldığını qeyd edərək həmin işlərin “İnvest.M Construction’’ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparıldığını etiraf etmişdir. Təkrarən qeyd edir ki, iddiaçı ilə “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti bununla əlaqədar heç bir razılıq əldə edilməmişdir. O, ailəsilə birlikdə hal-hazırda da həmin ünvanda yaşamağa davam edir. Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli rəyə əsasən “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 25.559,9 manat təşkil edir (avadanlıq və əşyalara görə 12.630 manat+evin təmirinə görə 12.929,9 manat).

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia qismən təmin edilmiş, Cavabdehndən dəymiş maddi ziyana görə 5870 (beş min səkkiz yüz yetmiş) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 78,70 (yetmiş səkkiz manat yetmiş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, qənamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, həmçinin rayon məhkəməsi cavabdehin təqdim etdiyi rəyə istinad etməkdə haqlı olmamışdır. Belə ki, əgər avadanlıqların bazar qiymətini müəyyən etmək lazım idisə, rayon məhkəməsi öz təşəbbüsü ilə ekspertiza təyin etməli idi. Bunu etmək əvəzinə rayon məhkəməsi cavabdehin təqdim etdiyi qiymətləndirmə hesabatına əsaslanaraq əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, eləcə də yeni ekspertizanın keçirilməsini xahiş etdi .

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin də izahatında göstərdi ki, iddiaçıya məxsus evin artıq mövcud deyildir, həmin uçurulması ilə bağlı Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə Nəsimi rayon prokurorluğunda cinayət işi başlanılmış və istintaq olunur, həmin cinayət işi üzrə ekspertiza keçirilmiş və iddiaçının evinin uçurulması ilə bağlı ona dəyən ziyan 201.000 manat müəyyən edilmiş və həmin vəsait depozi hesabına köçürülmüşdür, onlar iddiaçı ilə ümumi olaraq barışıq əldə etmək istəyirlər, danışıqlar gedir, rayon məhkəməsi iddianın evin təmir xərci hissəsində düzgün nəticəyə gəlib, avadanlıqlara aid hissədə isə hazırkı rəylə əvvəlki rəy arasında elə bir fərq olmadığından, apellyasiya şikayətinin təmin edilməməsi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Sübutların tədqiqi:

9. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən 60 nömrəli ümumi sahəsi 83,8 m2 olan mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

10. Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli hesabatdan görünür ki, “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 25.559,9 manat təşkil edir (avadanlıq və əşyalara görə 12.630 manat + evin təmirinə görə 12.929,9 manat).

11. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanması haqqında» qərarından görünür ki, İddiaçı müraciətləri əsasında toplanmış 502-C-23 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi istintaqın aparılması üçün aidiyyəti üzrə Nəsim RPİ-nin İŞ-ə göndərilmişdir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli Bakı şəhər icra Hakimiyyətinin sərəncamında qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC-yə icarəyə verilsin. Həmin qərarda daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyət haqqında rəydən görünür ki, qeyd edilən ünvanda yerləşən yaşayış evlərinin mövcud tikinti norma və qaydalarına cavab verilmir, fasadlarda, ümumi sahələrdə və mənzillərdə qalınlığı 3-5 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmış, binanın kommunikasiya sistemləri yararsız vəziyyətdədir, mənzillərin əksəriyyətində döşəmə hissləri deformasiyaya uğramışdır. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin mövcud vəziyyəti haqqında təsdiq edilmiş xx.xx.2020-ci il tarixli rəyinə əsasən qeyd edilən ünvanda yerləşən yaşayış evlərinin mövcud tikinti norma və qaydalarına cavab verilmədiyi, yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu, qüvvədə olan seysmik normaların tələblərinə cavab verilmədiyi qeyd olunmuşdur. Cavabdeh MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “söküntü, qazıntı və daşınma xidməti müqaviləsin”dən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yeni tikiləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü, qazıntı və daşınma işlərinin görülməsi fərdi sahibkar kimi fəaliyyət göstərən X1 həvalə olunmuşdur. Həmçinin müqavilənin 6-cı bəndində qeyd olunmuşdur ki, görüləcək işlər zamanı üçüncü şəxslərə dəymiş zərərə və ziyana ya da hər hansı bədən xəsarətinin yetirilməsinə və ya ölüm hadisəsinə icraçı, yəni Ceyhun Məmmədov cavabdehdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ümumi sahəsi 83,80 kv.metr olan İddiaçı Murad oğluna məxsus mənzilin hazırki orta bazar qiyməti təqribən 201.000,0 (2400x83,80) manat məbləğində müəyyən olunmuşdur.

12. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası barədə qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tədqiqat obyektinə baxışın nəticələrinə dair aktdan görünür ki, ekspertlər iddiaçının oğlunun və cavabdehin vəkilinin iştirakı ilə tədqiq olunan ünvanda olmuşlar və tədqiqat obyekti olan mənzil tikilisinin tamamilə söküldüyü, yerində çoxmərtəbəli yaşayış binası inşa olunması üçün özül qazıldığı müəyyən olunmuşdur.

13. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024cü il tarixli UNİ/A-80-505/2024 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “İnvest.M Construction" Məhdud Məsuliyyətli tərəfindən siyahı üzrə təqdim edilmiş əmlakların- məişət avadanlıqlarının ədalətli bazar dəyəri 5.870 manat təşkil edir.

14. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən ziyan dəymiş avadanlıqların xx.xx.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 6197 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Republikasının Mülki Məcəlləsi:

15. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

22. Azərbaycan Republikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən iddiaçı tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

25. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Hazırkı halda iddia tələbindən isə görünür ki, vurulmuş ziyanın ümumi məbləği olan 25.559,9 manat puldan evin təmirinə görə 12.929,9 manat tutulması xahiş edilir.

27. Məhkəmə kollegiyası iddia tələbinin həmin hissəsi ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun 08 aprel 2024-cü il tarixli «cinayət işinin başlanması haqqında» qərarında göstərilənləri və mövcud real vəziyyəti nəzərə alınaraq iddianın evin təmirinə görə 12.929,9 manat tutulması hissəsi əsaslı sayıla bilməz. Belə ki, qeyd olunduğu kimi ev artıq mövcud olmadığından onun təmiri də mümkünsüzdür. Tələbin bu hissəsi üzrə ziyan tələbi isə məhz evin təmirinə görədir. Bu qənaətə gəlinərkən prokurorluqda araşdırma zamanı iddiaçıya dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün material üzrə təyin edilmiş məhkəmənin müvafiq ekspertizasının 29 mart 2024-cü il tarixli saylı rəyi ilə mənzilin hazırkı orta bazar qiymətinin təqribən 201.000,0 (2400x83,80) manat məbləğində müəyyən olunmasını, başqa sözlə, mənzillə bağlı dəymiş zərərin yekunda ona ödəniləcəyini nəzərə alır

28. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə həmin cinayət işi üzrə mənzillə bağlı zərərin əvəzi kimi 201.000 manatın depozitə ödənildiyini təsdiq etmişdir.

29. İddia tələbinin digər hissəsi – məişət avadanlıqları və əşyalara görə 12.630 manat tələbi ilə bağlı bildirilir ki, həmin əşyaların iddiaçıya mülkiyyət hüququ ilə məxsus olması mübahisələndirilmir, eləcə də müəyyən olunur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlakların yararsız hala salınması səbəbuindən iddiaçının onlardan istifadə hüquqları pozulmuşdur.

30. Rayon məhkəməsi həmin hissədə iddia tələbini qismən təmin edərkən cavabdehin təqdim etdiyi qiymətləndirmə hesabatına istinad edərək, maddi ziyana görə tutulmalı məbləği 5870 manat müəyyən etmişdir.

31. İddiaçı apellyasiya şikayətində rayon məhkəməsinin cavabdehin təqdim etdiyi qiymətləndirmə hesabatına istinad etməsi ilə razılaşmamış, qeyd etmişdir ki, məhkəmə onların təqdim etdiyi hesabatla razı olmadığı halda iki rəy arasında ziddiyyəti aradan qaldırmaq məqsədi ilə ekspertiza təyin etməli idi.

32. Məhkəmə kollegiyasının məhz həmin dəlilin yoxlanılması məqsədi ilə 17 dekabr 2024-cü il tarixli qərardadına əsasən, hazırkı iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

33. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən ziyan dəymiş avadanlıqların xx.xx.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 6197 manat təşkil edir.

34. Avadanlıqların dəyəri Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli hesabatda 12.630 manat, cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli UNİ/A- 80-505/2024 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatda 5.870 manat, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, xx.xx.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 6197 manat təşkil edir.

35. Məhkəmə kollegiyası hər üç hesabatı nəzərdən keçirib hesab edir ki, avadanlıqların bazar dəyəri ilə bağlı "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmiş 6197 manat inandırıcı, daha real və ağılabatan olduğundan, cavabdehdən avadanlıqlara vurulan ziyana görə tutulmalı məbləğ 6197 manat müəyyən edilməlidir.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Nəticə:

38. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, cavabdehdən maddi ziyana görə tutulmalı məbləğ 6197 manat müəyyən edilməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.

41. Şərh edilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin, Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı məbləğ 6197 manat (altı min yüz doxsan yeddi) manat müəyyən edilsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-dən ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat alınaraq "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar