Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4612/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “icarə haqqının və dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3673/2024 nömrəli 02 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “icarə haqqının və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 51600 manat icarə haqqı borcuna, əlavə 5 faiz hesablanmaqla, 2580 manat pul, 5000 manat əldən çıxmış fayda, 5000 manat mənəvi zərər və iddia ərizəsinə görə ödənilmiş 282,54 manat dövlət rüsumu, ümumilikdə cəmi 64462,54 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3673/2024 nömrəli 02 iyul 2024cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə, yəni "xxxx" MMC-nin olduğu yerə görə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən qərardad çıxarmışdır. Hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Yasamal Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməli idi. Məhkəmənin qərardadda gəldiyi nəticə ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri Nəsimi Rayon Məhkəməsinə versə, Nəsimi Rayon Məhkəməsi də yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət etməsi barədə qərardad çıxararaq, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytaracaq. Bu da vaxt itkisinə və ödədiyi məhkəmə rüsumlarını geri almaq üçün bankların yollarında qalmasına səbəb olacaq. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-nin ünvanı ünvan 1ir. Azərbaycan Respublikası Mülki Prosessual 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hazırki iş üzrə cavabdeh olan hüquqi şəxsin ünvanı Nəsimi rayonunda olduğundan məhkəmə də haqlı olaraq aidiyyat qaydalarına uyğun olaraq Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olduğunu izah etmişdir. Şikayətin dəlilləri isə əsassızdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən, İddiaçı vergi ödəyicisi olan fiziki şəxs deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3673/2024 nömrəli 02 iyul 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4612/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4612/2024
29.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver