Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4613/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2153/2023 saylı 19 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli 808-Y-1-1-1073-22 nömrəli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 16% dərəcəsi ilə 36 ay müddətinə 15.000 manat kredit verilmişdir.
2. Cavabdehə kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 13664,14 manat əsas, 683,24 manat faiz, 65,17 manat cərimə borcu olmaqla, ümumilikdə 14412,55 manat pulun və ödənilmiş 133,24 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 808-Y-1- 1-1073-22 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 16% dərəcəsi ilə 36 ay müddətinə 15.000 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır.
5. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 808-Y-1-1-1073-22 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 13664,14 manat əsas, 683,24 manat faiz, 65,17 cərimə borcu olmaqla, ümumilikdə 14412,55 manat borcu vardır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 may 2023-cü il tarixli 2(004)-2153/2023 nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 808-Y-1-1-1073-22 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 13664,14 manat əsas, 683,24 manat faiz, 65,17 cərimə borcu olmaqla, ümumilikdə 14412,55 manat pul və ödənilmiş 133,24 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur.
8. İddia tələbinin təmin olunması əsası ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 808-Y-1-1-1073-22 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, müqavilə əsasında yaranmış mübahisəyə məhkəmənin qətnaməsi ilə hüquqi qiymət verildiyindən və qətnamənin icrası öhdəlik münasibətlərinə xitam üçün yeganə hüquqi əsas olduğundan müqavilə münasibətlərinin davam etməsinin hüquqi cəhətdən əhəmiyyəti yoxdur.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 462.1, 739, 741-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək 683,24 manat faiz, 65,17 manat cərimə borcunun tutulmasına dair hissədə iddianın rədd edilməsi, ödənilmiş 67 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı, yəni tələb edilən borcla bağlı onunla qarşılıqlı razılıq əldə etməyə hər hansı cəhd göstərməmiş, mediasiyanın keçirilməsini təklif etsə də, qarşı tərəf bununla razılaşmamışdır. Maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq tələb olunan borc məbləğini hissəli şəkildə ödənilməsini və qrafik müəyyən olunmasını qarşı tərəfdən xahiş etsə də, iddiaçı buna məhəl qoymamışdır. Eyni zamanda məhkəmə tərəfindən də tərəflərə barışıq sazişi bağlamaq təklif olunmamış, məsələnin razılıq yolu ilə həll edilməsinə hər hansı cəhd göstərilməmiş, bununla MPM-in 14.3-cü maddəsinin tələbləri pozulmuşdur. Şikayətin qoşmasına əlavə etdiyi ərizədən də göründüyü kimi faiz və cərimə borcu ilə razılaşmadığını, bunun üçün də ekspertiza keçirilməsini xahiş etsə də, etirazı və vəsatəti ilə bağlı qətnamədə bir cümlə də olsa qeyd olunmamış, vəsatəti həll olunmamış, onun qəbul və ya rədd edilməsi ilə bağlı qərardad qəbul edilməli olduğu halda edilməmişdir. Xəstə olduğu üçün iclasın təxirə salınmasını xahiş etməyisinə, ekspertizanın keçirilməsi ilə bağlı vəsatət qaldırmağına, işin tərəflərin razılığı ilə həll olunması təklifi ilə çıxış etməyinə baxmayaraq məhkəmə tərəfindən bunların nəzərə alınmaması və vəsatət və etirazlarının həll edilməməsi ədalət mühakiməsinin çəkişmə əsasında həyata keçirilməsi prinsipinin pozulmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Cavabdeh ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Apelyasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilsə də, cavabdeh qətnaməni yalnız faiz və cərimə hissəsində mübahisələndirmişdir, odur ki, qətnamə yalnız həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.
32. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
33. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.
34. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı tələb edilən borcla bağlı onunla qarşılıqlı razılıq əldə etməyə hər hansı cəhd göstərməmiş, maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq tələb olunan borc məbləğini hissəli şəkildə ödənilməsini və qrafik müəyyən olunmasını qarşı tərəfdən xahiş etsə də, iddiaçı buna məhəl qoymamışdır.
35. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi bu hal iddiaçının haqlı tələbinin təmin edilməsinə mane olmur. Borcla bağlı hər hansı qarşılıqlı razılığa gəlmək bankın vəzifəsi yox, hüququdur.
36. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində ona istinad etmişdir ki, məhkəmə iclasının təxirə salınması barədə, həmçinin faiz və cərimə borcu ilə razılaşmadığından ekspertiza təyin edilməsi barədə vəsatətləri məhkəmə tərəfindən həll edilməmişdir.
37. Kollegiya qeyd edir ki, məhkəmənin 19 may 2023-cü il tarixli iclas protokolundan müəyyən edilir ki, hər iki vəsatət məhkəmə iclasında müzakirə edilmiş və rədd edilmişdir.
38. Göründüyü kimi vəsatətlərə münasibət bildirilməməsi barədə cavabdehin dəlilləri əsassızdır.
39. Faiz və cərimə borcu məbləğinə dair ekspertizanın təyin edilməsi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmış, hər hansı bir konkret dəlil göstərməmişdir. Digər tərəfdən faiz borcunun düzgün hesablandığı hesabdan çıxarışla da müəyyən olunur.
40. Cərimə məbləği ilə bağlı isə görünür ki, iddiaçı cərimə borcunun 260,68 manat olmasına baxmayaraq 25%-i miqdarında, yəni 65,17 manat məbləğində tələb etmişdir.
41. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2153/2023 nömrəli iş üzrə 19 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.