Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4614/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X6" MMC-nin cavabdeh xqızına qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İxnun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "X6" MMC-nin cavabdeh xqızına qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1352/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh Mxqızı xx.xx.2020-ci il tarixdən iddiaçı "X6" MMC-də əmək fəaliyyətinə başlamış, 003/K nömrəli xx.xx.2021-ci il tarixli əmrə əsasən mühasib vəzifəsinə keçirilmişdir.
2. 009/K nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən tərəflər arasında olan əmək münasibətlərinə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "X6" MMC cavabdeh Mx qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 10.000 manat dəyərində zərərin və 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən siyahıda adı qeyd edilən müəssisə və fiziki şəxslərin mühasibatlıq işləri görülmüşdür: 1. "xxxx" MMC; 2. "xxxx" MMC; 3. X7; 4."xxxx" MMC; 5."xxxx" MMC. xx.xx.2022-ci il tarixli 008/K saylı əmr və ərizə cavabdehə təqdim edilmiş, cavabdeh əmrdə göstərilən işlərin layiqincə görüləcəyi öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərini layiqincə yerinə yetirməmişdir. Bunun nəticəsində iddiaçıya 48.550 manat dəyərində ziyan dəymişdir.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)x/2023 nömrəli qətnaməsi ilə (hakim F.R.Əlizadə) iddia təmin edilməmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab etmişdir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən, X1 öz vəzifə səlahiyyətlərini yerinə yetirməməsi ilə əlaqədar "X6" MMC-yə 20.529,21 manat zərər vurulması qeyd olunsa da, məhkəmə sözügedən rəyi mötəbər və əsaslı hesab etmir. Belə ki, ilk öncə iddia tələbində qeyd olunan xüsusatlar əlaqədar olaraq mütəxəssi rəyi ilə deyil, yalnız audit rəyi ilə müəyyən edilə bilər. Bundan əlavə olaraq, sözügedən rəyin təsviri, əsaslandırıcı və nəticə hissələrinə əsasən müəyyən edilir ki, rəy əsaslandırılmamış, formal mülahizələrə əsaslanmaqla tərtib edilmiş, vurulmuş zərərin hüquqi və faktiki əsasları, bu barədə mühasibat sənədləri və digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin təqsiri, maddi zərər vurması və cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə nəticə arasında səbəbli əlaqənin olması sübuta yetirilmir.
8. Məhkəmə qeyd etmişdir ki, əmək münasibətləri üzrə işçi öz funksional vəzifələrini layiqincə icra etmədikdə, işəgötürən tərəfindən müvafiq intizam məsuliyyətinə cəlb edilə bilər və ya əmək müqaviləsinə xitam verilə bilər. İşçi tərəfindən vəzifələrinin icra edilməməsi nəticəsində digər şəxslərlə əmək müqaviləsi bağlanılması və nəticədə görüləcək işlərin həyata keçirilməsi müvafiq işçidən digər işçilərə ödənilmiş əmək haqqının geri tələb edilməsinə hüquqi əsas vermir. Nəticədə, işəgötürənlə əmək münasibətlərində olan bütün işçilər əmək müqaviləsi üzrə funksional vəzifələrini icra etməklə əmək haqqı alırlar. Digər işçilərin aldığı əmək haqqının hər hansı başqa bir işçidən tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1, 203.1, 203.2, 205.2, 296.5-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar çıxararkən iddia ərizəsində qeyd olunan xüsusatları nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Belə ki, iddia ərizəsində göstərilən müəssisələrdən bir çoxunun işləri düzgün aparılmamış, bu cür hərəkətlər hələ yanvar ayından etibarən başlamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli izahata nəzər yetirdikdə cavabdeh tərəfindən bildirilmişdir ki, “müəssisənin rəhbəri X5 24 iyun 2022-ci il tarixində məndən "xxxx" ASC-nin əmək haqqı cədvəlini istəmişdir. Lakin iyun ayı bitmədiyinə görə şirkət də əmək haqqı köçürmələri etmədiyinə və Emin bəy də mənə “Pen”-də çalışan işçilərin əmək haqqı cədvəlini göndərmədiyinə görə, mən emas.sosial.gov.az sisteminə daxil olaraq əmək haqqı cədvəli hazırlamışam amma nəzərə alsaq ki, işçilərin bir hissəsi işəmuzd çalışır, onların aylıq aldığı əmək haqqını bilmədiyimə görə yoxlaya bilməmişəm. Ayın 30-u isə hazırladığım əmək haqqı cədvəlini X2 təqdim etmişəm”. Mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin mütəxəssis rəyində müəssisəyə cavabdeh tərəfindən vurulmuş ziyan və həmin ziyanın hansı şəkildə yaranması barədə məlumatlar qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmamışdır. Məhkəmə mütəxəssisə rəyini maddi sübut olaraq qəbul etməmişdir. Bu isə məkhəmə tərəfindən işin faktiki hallarının tam şəkildə araşdırılmadığına dəlalət edir. Cavabdeh tərəfindən işlərin görülməsi barədə xx.xx.2022-ci il tarixli, 008/K saylı əmr və ərizə sözügedən şəxsə təqdim edilmişdir. Həmin şəxs tərəfindən işlərin layiqincə görüləcəyi öhdəliyinə götürülmüş və imza edilmişdir. Bir digər hal isə bundan ibarətdir ki, cavabdeh tərəfindən işləri təhvil verdiyi şəxslər tərəfindən də sözügedən şəxs barəsində izahatlar təqdim edilmişdir. Həmin izahatlarda sözügedən şəxs tərəfindən işlərin lazımi qaydada görülməməsi və bir çox problemlərə səbəb olması qeyd edilmişdir. Həmin mütəxəssis rəyinə layiqincə hüquqi qiymət verilsə idi, dəymiş zərərin hansı şəkildə yaranması məhkəməyə tam şəkildə aydın ola bilərdi. Lakin məkhəmə bu kimi halları nəzərə almadan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermişdir. Həmçinin bildirdi ki, xidmət göstərilən 4 hüquqi və 1 fiziki şəxsə münasibətdə onlar iddiaçıdan nə qədər vəsait tələb edibsə, iddiaçı da həmin məbləğdə iddia tələbinin həcmini müəyyənləşdirmişdir. İşçinin maddi məsuliyyəti ilə bağlı əmək müqaviləsinə qeyd olunmayıb, lakin ayrıca maddi məsuliyyətlə bağlı müqavilə bağlanılmışdır.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10, “a” və “ç” bəndləri. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Maddə 43.2. “e” bəndi. Əmək müqaviləsində mütləq göstərilməli olan əsas şərtlər və məlumatlardan biri də işçinin əmək funksiyasıdır. Maddə 46.1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 46.6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 57. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192.2. 2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən cavabdeh xx.xx.2021-ci il tarixli əmrə əsasən "X6" MMC-də mühasib vəzifəsinə keçirilmişdir. 009/K nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
22. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
23. İddiaçı bildirir ki, xx.xx.2022-ci il tarixli əmrlə cavabdehin üzərinə ümumilikdə 5 hüquqi və fiziki şəxslərə müvafiq mühasibatlıq xidmətlərinin göstərilməsi öhdəliyi qoyulmuş, cavabdeh isə öz ərizəsi ilə həmin öhdəliklərin layiqincə yerinə yetirməsini üzərinə götürmüşdür.
24. Məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinə əsasən əmək funksiyasının dəyişdirilməsi işəgötürənin müvafiq məzmunda əmri ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
25. Lakin iddiaçı tərəfindən cavabdehin üzərinə xx.xx.2022-ci il tarixli əmrlə qoyulan öhdəliklərin - əmək funksiyasının əmək qanunvericiliyin tələb etdiyi formada rəsmiləşdirilməsinə dair sənədlər məhkəməyə təqdim edilməmişdir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin vurduğu maddi ziyanla bağlı iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə mütəxəssis rəyi təqdim edilmiş, həmin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, iddiaçıya cavabdehin öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi ilə bağlı 20.529,21 manat məbləğində ziyan dəymişdir.
27. Rəyə əsasən həmin ziyan 4 nəfərə əmək haqqı və əlavə tutulmaların ödənilməsi nəticəsində yaranmışdır. Belə ki, həmin şəxslərə əmək haqqı ona görə ödənilmişdir ki, onlar cavabdeh tərəfindən tamamlanmamış və səhv yerinə yetirilmiş işləri icra etmişlər və bu da öz növbəsində əlavə əmək haqqı fondunun ayrılmasına, əlavə xərclərin yaranmasına səbəb olmuşdur.
28. Lakin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, cavabdehin hərəkətsizliyi, öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona 48.550 manat məbləğində ziyan dəymiş, iddia ərizəsində cavabdehdən isə iddiaçıya dəymiş 10.000 manat məbləğində ziyanın ödənilməsi tələb edilmişdir.
29. Apellyasiya baxışı zamanı isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, fiziki şəxs X4 cavabdehin vəzifə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən vurulmuş 9.600 manat məbləğində zərər iddiaçı tərəfindən ödənilmişdir.
30. Halbuki, mütəxəssis rəyinə əsasən cavabdeh tərəfindən yerinə yetirilməmiş və səhv yerinə yetirilmiş işlərin icra edildiyi göstərilmiş, lakin cavabdeh tərəfindən xidmət göstərməli olduğu şəxslərə vurulmuş ziyanla bağlı hər hansı məlumatlar qeyd edilməmişdir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən tərəflər arasında işçinin tam maddi məsuliyyəti ilə bağlı bağlanmış müqavilə məhkəməyə təqdim olunmamışdır.
32. Bundan əlavə, işdə olan cavabdehin izahatından da görünür ki, ona müvafiq məlumatlar təqdim edilmədiyi üçün onun tərəfindən əmək haqqı cədvəli hazırlanmamışdır. Yəni, izahatdan cavabdeh tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi, əmək haqqı cədvəlinin hazırlanmaması nəticəsində hər hansı hüquqi və fiziki şəxsə ziyan dəydiyi müəyyən edilmir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "X6" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1352/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. x