Məhkəmə qərarları › İş №2(103)-4616/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4616/2022

30.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4616/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: keçid yolunun bərpa edilməsi) Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəriri keçid yolunun bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706a saylı bağ torpaq sahəsinin texniki ölçülərinə uyğun olaraq uzunluğu 16,37 metr, eni isə 3.0 metr olan zəruri keçid yolunun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli, iş № 2(001)-13/22) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 706a saylı bağ sahəsi paylı mülkiyyət hüququ üzrə onlara məxsusdur. Paylı mülkiyyətdə olan torpaq sahəsi 0.12 ha sahədən ibarətdir. Həmin torpaq sahəsi qonşu bağ torpaq sahələri ilə, həmçinin cavabdehin mülkiyyətində olan 706ə saylı bağ torpaq sahəsi ilə əhatə olunmuş, mülkiyyətlərində olan bağa aid keçid yolu (giriş yolu) cavabdehin mülkiyyətində olan torpaq sahəsinin qarşısında yerləşməklə həmin bağ sahəsinin ərazisinə daxil edilmiş, zəruri keçid yolu bağlanaraq bağ sahəsinə giriş-çıxış yolu məhdudlaşdırılmış, hal-hazırda mülkiyyətlərində olan bağ sahəsinə daxil olmaq mümkünsüz olmuşdur. Cavabdeh 706ə saylı bağ sahəsini 18 dekabr 2014-cü il tarixdə alqı-satqı əsasında X1 və başqalarından almışdır. Cavabdeh 706ə saylı bağ sahəsini mülkiyyətinə qəbul etdiyi zaman onların mülkiyyətində olan 706a saylı bağ sahəsinin zəruri keçid yolunu bağ sahəsinin texniki ölçülərinə uyğun olaraq bərpa etməli idi. Dəfələrlə bu barədə cavabdehə xəbərdalıq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 08 fevral 2014-cü il tarixli, **********36 saylı məktubu ilə müəyyən edilmişdir ki, 706ə saylı ünvanda yerləşən bağ sahəsinə aid texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi zamanı yoxlama ölçü işləri aparılarkən 706a və 706ə saylı bağ sahələrinin eyni hasar daxilində olması müəyyən edilmişdir. 706a saylı bağ sahəsi onlara məxsus olsa da, qanunla müəyyən olunmuş qaydada ondan istifadə etmək hüququları məhdudlaşdırılmış, mülkiyyətçi kimi hüquqları pozulmuşdir. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, ona məxsus 8 sot torpaq sahəsini 2014-cü ildə alqı-satqı yolu ilə alarkən həmin torpaq sahəsinin əvvəlki sahibi X4 və onun ailə üzvləri ilə 20 sot torpaq sahəsinin alqı-satqısı barədə razılaşmışlar, onun aldığı torpaq sahəsi 8 sot deyil, 20 sotdur. Sadəcə Sərxan ona bildirmişdir ki, sənəddə 8 sot göstərilib, qalan 12 sot torpaq sahəsi də anası İddiaçı2 adınadır, tezliklə həmin torpaq sahəsinin çıxarışını da düzəldib ona təqdim edəcək, lakin bu günə kimi bunu etməmişdir. O, 2014-cü ildə torpaq sahəsini alandan 2 il sonra, yəni 2016-cı ildə başqa bir şəxs tərəfindən həmin 12 sot torpaq sahəsinə çıxarış alınaraq 2 il əvvəl aldığı torpaq sahəsi iddiaçılar tərəfindən yenidən ona təklif olundu. O isə buna etiraz edərək həmin 20 sot torpaq sahəsini artıq 2014-cü ildə X4 və onun ailəsindən aldığını bildirmişdir. Onda olan məlumata görə Sərxan Ağamalıyev torpaq sahəsini ona satdıqdan sonra bir müddət ailəsi ilə birlikdə ABŞ-da yaşamış, indi isə birdəfəlik köçərək Rusiya Federasiyasında yaşayır, alqı-satqıdan sonra həmin insanla görüşməmişdir. O, aldanmağı ilə bağlı Yasamal rayon prokurorluğuna müraciət edərək həmin faktın araşdırılmasını xahiş etmişdir. Hal-hazırda həmin fakt araşdırılır. Ona verilmiş çıxarış və texniki pasportda ona məxsus 8 sot torpaq sahəsindən qonşu torpaq sahəsinə hər hansı bir keçidin ayrılması nəzərdə tutulmayıb. Bu baxımdan o, vicdanlı alıcı olaraq baş verənlərdən xəbərsizdir. Həmin torpaq sahələri 40 il əvvəl keçmiş sovet dönəmində pay torpaqları kimi vətəndaşlara paylanmışdır, həmin vaxtdan da istifadədədir, əgər belə bir keçid məsələsi olsaydı həmin torpaq sahibi 40-50 il əvvəl bu məsələni həll etməli idi. Həmin torpaq sahəsini iddiaçıların razılığı ilə, onların əmisi oğlu Ağamalıyev Sərxana verdikləri etibarnamə əsasında 120.000 ABŞ dolları ödəyib rəsmi qaydada almışdır. İddiaçılar Sərxan Ağamalıyevdən alqı-satqı müqabilində ona ödədiyi puldan özlərinin dediklərinə görə ala bilmədikləri üçün sonradan gedib notariusda etibarnamələri ləğv etmişlər. Hazırda iddiaçılar həmin pulu ikinci dəfə ondan almaq istəyirlər. Ümumi iddia verilməsinin son müddəti 10 il olmasını nəzərə alaraq iddiaçı tərəfindən verilmiş iddia müddəti artıq keçmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsi o vaxt necə alınıbsa, elə vəziyyətdədir. Heç bir dəyişiklik olunmayıb. İddiaçıların adına onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə qanunsuz verilmiş qeydiyyat şəhadətnaməsinin ləğvi barədə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Hazırada iş məhkəmənin icraatındadır. Hesab edir ki, həmin işə baxılana qədər hazırkı iş üzrə icraat dayandırılmalıdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə onun və eləcə də İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərkən izahat vermiş və izahatında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 04 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Noxvanı kəndində 0.12 ha sahəsi olan 706a saylı bağ sahəsi iddiaçıların, 0.084597 ha sahəsi olan 706ə saylı bağ sahəsi isə cavabdehin mülkiyyətindədir. Həmin bağ sahələri və iddiaçılara məxsus bağ sahəsinə keçid eyni hasar daxilində olmaqla cavabdehin istifadəsindədir. İddiaçılara məxsus 706a saylı bağ sahəsi digər tərəflərdən 707b, 706b və 706z saylı bağ sahələri ilə əhatə olunmuşdur. İddiaçılar hazırda mülkiyyətlərində olan bağ sahəsinə daxil olmaq, ondan istifadə etmək üçün cavabdeh tərəfindən texniki sənəddə əks olunmuş zəruri keçidin açılmasını tələb edir, cavabdeh isə iddianı qəbul etməyərək iddiaçılara məxsus bağ sahəsini də onların qohumlarına dəyərini ödəməklə aldığını bildirərək, habelə iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan bağ sahəsinə keçidin bağlanması sonuncuların mülkiyyət hüquqlarını həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onların mülkiyyət hüququnu “şərti və qeyrisabit” xarakterli etmiş olur. Məhkəmə mötəbər sübut kimi mülkiyyət sənədlərinə, torpaq sahəsinin plan-ölçüsünə və s. istinad etmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 144.1, 152.1, 152.5, 170.2, 384.0.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan bağ sahəsinin dəyəri ödənilməklə alındığı bildirilsə də, iş materiallarından görünür ki, cavabdeh 18 dekabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X5, X3, X7 və X2 yalnız 0,084597 ha torpaq sahəsi olan 706ə saylı bağ sahəsini almışdır, iddiaçılara məxsus bağ sahəsinə dair notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmamışdır. Apellyasiya baxışı zamanı qərardad qəbul olunaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən iddia tələbi üzrə mütəxəssis rəyi verilməsi tələb olunmuşdur. Həmin orqan tərəfindən verilən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçıların mülkiyyətində olan 706a saylı bağ sahəsi və cavabdehin mülkiyyətində olan 706ə saylı bağ sahəsi ümumi hasar daxilindədir və ara sərhədlər şərtidir. Ümumi torpaq sahəsi keçid yolu ilə birlikdə cavabdehin istifadəsindədir. Hazırda iddiaçıların torpaq sahəsində sxemində keçid kimi göstərilən sahədən istifadə etmələri mümkün deyil. Keçid kimi göstərilən sahədən başqa 706ə saylı bağ sahəsinə keçid mümkün deyil. Göründüyü kimi, alınmış mütəxəssis rəyi ilə birinci instansiya məhkəməsinin iş üzrə düzgün nəticəyə gəldiyi bir daha təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunla müəyyən olunmuş qaydada sübuta yetirsələr də, cavabdeh həmin iddiaya qarşı etirazının və eləcə apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya baxışı zamanı hazırkı iş üzrə icraatın dayandırılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Apelyator iddiaçıların adına olan qeydiyyat şəhadətnaməsinin ləğvi barədə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini bildirsə də, araşdırma zamanı bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 04 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar