Məhkəmə qərarları › İş №2(103)-4617/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4617/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4617/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2024 nömrəli 21 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2015-ci il tarixli 208 nömrəli Kredit müqaviləsinə görə iddiaçı cavabdehə 30 ay müddətinə illik 22% olmaqla 4000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və hesablanmış faizləri iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən xx.xx.2015-ci il tarixli 208 nömrəli "Kredit müqaviləsi" üzrə ödəniş müddəti xx.xx.2021-ci ilədək uzadılmış və illik faiz dərəcəsi 22%-dən 18%-ə endirilmişdir.

3. xx.xx.2015-ci il tarixli 208 nömrəli İpoteka müqaviləsinə görə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 208 nömrəli "Kredit müqaviləsi" üzrə öhdəliyin icrası təminatı kimi Cavabdeh "İnfiniti FX-35" minik markalı, Ban: JN8AS05Y27X011861, qara rəngli, buraxılış ili 2007-ci il olan avtomobili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür.

4. xx.xx.2016-cı il tarixli İpoteka müqaviləsinə 1 nömrəli əlavəyə görə xx.xx.2015-ci il tarixli 208 nömrəli girov müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edilərək ipoteka müqaviləsinin müddəti 70 ay, yəni xx.xx.2021-ci ilə qədər uzadılmış və illik faiz dərəcəsi 22%-dən 18%-ə endirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 997,96 ABŞ dolları əsas, 444,91 ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 126,84 ABŞ dolları faiz, cəmi 1569,71 ABŞ dolları borcun və ödənilmiş 47 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus "İnfiniti FX-35" markalı, ban: JN8AS05Y27X011861, qara rəngli, buraxılış ili 2007-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi və avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan avtomobilə tutma yönəldikdə və avtomobil satıldıqdan sonra alıcıya təhvil verilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli ayrıca qərardadına əsasən hazırkı iddia "tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus "İnfiniti FX-35" markalı, ban: JN8AS05Y27X011861, qara rəngli, buraxılış ili 2007-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi və avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan avtomobilə tutma yönəldikdə və avtomobil satıldıqdan sonra alıcıya təhvil verilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması" hissəsində baxılmamış saxlanılmışdır.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli UGR**********7540001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 70 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir.

8. 28.09.2023-cü il tarixli **********104 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 997,96 ABŞ dolları əsas, 444,91 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün 126,84 ABŞ dolları faiz, cəmi 1569,71 ABŞ dolları məbləğində borcu vardır.

9. Cavabdeh məhkəməyə ərizə verərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 may 2024-cü il tarixli 2(008)-679/2024 nömrəli qətnaməsi ilə (hakim Vidadi Qasımov) iddia təmin edilmiş, Cavabdeh 997,96 ABŞ dolları əsas borc, 444,91 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 126,84 ABŞ dolları faiz borcu, cəmi 1569,71 ABŞ dolları məbləğində pul vəsaitinin məhkəminin qətnaməsi icra edildiyi gün ABŞ dolları məbləğində pul hazırkı qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, habelə 47 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıya əsas borcu 997,96 ABŞ dolları, faiz borcu 444,91 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 126,84 ABŞ dolları faiz, cəmi 1569,71 ABŞ dolları təşkil edir. İddiaçının tələbi həmin məbləğlərin ödənilməsindən ibarətdir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən həmin məbləğlərin ödənilməsini tələb etməkdə haqlıdır.

12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2016-cı ildə bağlanmış "Kredit müqaviləsinə əlavə № 1"də xx.xx.2015-ci il tarixli "Kredit müqaviləsi" üzrə ödəniş müddəti xx.xx.2021-ci ilədək uzadılmış, hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü ildə verilmişdir. Göründüyü kimi, iddia müddəti ötürülməmişdir. Ona görə də iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsi təmin oluna bilməz.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarına, Mülki Məcəllənin 385.1, 373.2, 375.2, 449.4, 739.1, 739.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, Bankla son hesablamalarına görə banka borcunu tam ödəmiş və avtomobilin girovuna xitam verilmişdir. Daha sonra o, həmin avtomobili başqa şəxsə satmışdır. Məhz kredit borcu tam ödənildiyindən nəqliyyat vasitəsi ipotekadan azad edilmişdir. Əks təqdirdə, yəni kredit borcu qaldığı halda, kreditin təminatı olan avtomobilin girovuna, girov saxlayan olaraq bank tərəfindən xitam edilməzdi. Ona görə də tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi barədə ümumiyyətlə bildiriş verilməmişdir. Bu hal məhkəmədə də müəyyən edildiyindən, tutmanın girov əmlakına yönəldilməsi tələb hissəsində iddia baxılmamış saxlanmasına dair qərardad qəbul edilmişdir. Borcun olduğuna dair həqiqətə nail olması üçün pulun ona verildiyini təsdiq edən kassa məxaric orderləri və borclu tərəfindən ödənilmiş məbləğlərə dair kassa mədaxil, bank ödənişi və ya hesaba köçürmə sənədlərinin əsilləri təqdim edilməlidir. Qeyd olunan sənədlərin təqdim edilməsi ilə bağlı sübut etmə yükü iddiaçıya aiddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Cavabdehin nümayəndəsi-vəkili məlumat ünvanlayaraq, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, nəzərə alınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 739.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

33. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.

34. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

35. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.

36. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Bankla son hesablamalarına görə banka borcunu tam ödəmiş və avtomobilin girovuna xitam verilmişdir. Borcun olduğuna dair həqiqətə nail olması üçün pulun ona verildiyini təsdiq edən kassa məxaric orderləri və borclu tərəfindən ödənilmiş məbləğlərə dair kassa mədaxil, bank ödənişi və ya hesaba köçürmə sənədlərinin əsilləri təqdim edilməlidir.

37. Kassa məxaric orderi təqdim edilməsə də banka olan borcunu tam ödədiyini bildirməklə cavabdeh bankdan pulu götürdüyünü özü etiraf etmişdir. Eləcə də tərəflər arasında bank-kredit münasibətlərinin yaranması işdəki digər sənədlərdən də mübahisəsiz qaydada müəyyən olunur.

38. Cavabdeh tərəfindən borcun tam ödənildiyi isə müəyyən edilmir, iş materiallarında olan sənədlər əsasında borcun düzgün hesablandığı müəyyən edilir.

39. Birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-679/2024 nömrəli iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar