Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4618/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-604/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq, onunla cavabdehin birgə nikahından doğulmuş övladlarının – xx.xx.2014-cü il təvəllüdlü Aidə və xx.xx.2016-cı il təvəllüdlü Aydanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə hər ay, hər uşaq üçün 160 manat təyin edilmiş aliment uşaqların saxlanılması üçün artıq kifayət etmir. İddiaçının təkbaşına uşaqların bütün maddi tələbatlarını ödəmək üçün isə imkanı yoxdur. b) iddia tələbinə qarşı etiraz barədə məlumat
3. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, ondan hal-hazırda hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat aliment tutulur. Həmçinin o, xx.xx.2023-cü il tarixdə yeni nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü bir uşağı var. Həmin hallar nəzərə alınmalıdır. Alimentin artırılması üzrə əlavə ödəniş edə bilməyəcək. Həmçinin iddiaçının 2 saylı mediasiya təşkilatına ödədiyi 60 manat mediasiya haqqı iddiaçının özünə aid edilməlidir. İddiaçı uşaqların saxlanmalarında, maddi tələbatlarının ödənilməsində onunla bərabər vəzifə daşıyır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-604/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməklə, cəmi 400 manat alimentin cavabdehdən hər ay alınaraq iddiaçıya ödənilməsini, artırılmış məbləğdə alimentin bu barədə qəbul olunmuş qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmasını, iddianın qalan hissədə təmin olunmamasını, cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsini, ödənilmiş mediasiya xidmət haqqının iddiaçıya aid edilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin maddi vəziyyəti, cavabdehin yenidən nikaha daxil olması, həmin nikahdan bir övladının olması, eləcə də cavabdehin iddia ilə tutulması tələb olunan (cəmi 470 manat) məbləğdə alimenti ödəməyə maddi imkanın olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi nəzərə alınmalı və bu səbəbdən də iddia qismən təmin ediləməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddiaya qarşı etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
8. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. Apellyasiya baxışında iştirak edən iddiaçı şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının həddi barədə məlumat
10. İddia tələbi qismən təmin olunsa da iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, cavabdeh iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi (iş № 2(008)-604/2020) ilə hazırkı iş üzrə tərəflər arasındakı nikahın pozulması, bu nikahından doğulmuş 2 uşağın hazırkı iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Hazırda iddiaçı uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılmasını və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməsini xahiş edir.
17. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə qismən təmin etmişdir
18. İddia tələbi və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, onun başqa nikahdan bir uşağının da olması və aylıq gəlirinin aşağı olması səbəbindən o, iddiaçının tələb etdiyi aliment məbləğini ödəmək imkanına malik deyildir. Alimentin miqdarı dəyişdirilməməlidir.
19. AZEMİS “Elektron məhkəmə” informasiya sistemində cavabdehin gəlir məlumatlarından çıxarışdan müəyyən edilir ki, cavabdehin hər hansı rəsmi gəliri yoxdur.
20. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).
21. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.
22. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan alimentin miqdarının 200 manat müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur.
23. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi aylıq gəlirinin aşağı olması barədə və digər dəlilləri cavabdehi uşaqlarını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlamaqdan, uşağın əlavə xərclərində iştirak etməkdən azad etmir, bu onun, bir valideyn kimi borcudur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. h) apellyasiya baxışının nəticəsi
24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
28. Qətnamənin hazırkı apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə 5.000 manatdan azdır.
29. İş üzrə iddiaçı da hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki hazırki apellyasiya baxışı çərçivəsində həll edilmiş məsələ onun maraqlarına toxunmur.
30. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.