Məhkəmə qərarları › İş №2(103)-4619/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4619/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4619/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 24 % faiz dərəcəsi ilə 48 ay müddətinə 7000 manat məbləğində kredit vermiş, illik 22 % dərəcəsi ilə 36 ay müddətinə 1000 manat məbləğində kredit limiti ayrılmışdır. Maliyyə arayışına əsasən X2 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 5783,31 manat və xx.xx.2023-cü il tarixə kart limiti üzrə 999,91 manat borcu vardır. X3 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X2 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququndan ibarət olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5783,30 manat əsas, 0,01 faiz borcu olmaqla, cəmi 5783,31 manat borcun, kart limiti üzrə 999,91 manat əsas, 1,97 manat faiz borcu olmaqla, cəmi 1001,88 manat borcun və ödənilmiş 87,86 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1821/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia qismən təmin edilərək cavabdehdən 1371 manat məbləğində kredit borcu və dövlət rüsumuna görə ödənilmiş 33,71 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 741, 1255-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh miras əmlakını, yəni miras qoyanın aktivlərini tam həcmdə qəbul etməklə yanaşı miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 739. Kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı

borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin ləğv olunmasını xahiş etsə də, o, faktiki olaraq qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın rədd olunan hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

17. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi olmuş və o, miras əmlakdan 1/1 (tam) hissədə pay almışdır. Miras əmlak, X2 vəfat etməsi ilə əlaqədar ödəniləcək 1371,24 manat məbləğində pul vəsaitini almaq hüququndan ibarət olmuşdur.

18. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında öhdəliyini 1371,24 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur və bu, Mülki Məcəllənin 1306-cı maddəsinin tələbinə uyğundur.

19. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar