Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4622/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh Məmməd oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(011)-3019/2011 saylı qərardadından Cavabdeh Məmməd oğlunun şikayətinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.07.2011-ci il tarixli 2(011)-3019/2011 nömrəli qətnaməsinə əsasən Cavabdeh Məmməd oğlundan 12000 manat borcun və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Məmməd oğlu ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.07.2011-ci il tarixli 2(011)-3019/2011 nömrəli qətnaməsinə cavabdehin müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən qətnamə növünə yoxsa pul vəsaitlərinin tutulması növünə aid olmasına dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(011)-3019/2011 saylı qərardadına əsasən Cavabdeh Məmməd oğlunun ərizəsi təmin edilməmişdir. Qərardaddan Cavabdeh Məmməd oğlu şikayət verərək qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(011)-3019/2011 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclu Cavabdeh Məmməd oğlu bildirdi ki, izah barədə ərizə verməyinə qanunvericilik yol verir. Bu, onun hüququdur. İcra məmuru onu çağırıb. Bu ərizəni verməyə məcbur olmuşdur. Qətnamə üzrə borcundan qismən ödəniş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında tələbkara məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmn Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla, qətnamədə tələblər dəqiq və aydın göstərildiyindən ona izah verilməsinə hər hansı bir lüzum olmamışdır. İkincisi, Cavabdeh Məmməd oğlunun ərizəsində və şikayətində göstərdiyi dəlillərin məzmunu qətnamənin dəqiq və aydın olmaması ilə bağlı deyil, daha çox qətnamənin icrasından qərəzli olaraq yayınmağa cəhd edilməsinə dəlalət edən amillərlə bağlıdır. Əgər belə olmasaydı 10 il əvvəl dövlətin adından çıxarılmış məhkəmə qətnaməsi bu günə qədər icra olunmamış qalmazdı. Bu cür ərizənin verilməsi özü hüquqdan pis niyyətlə istifadə edərək tələbkara zərər vurmaq məqsədi daşıyır. Çünki, borclu özü bəyan edir ki, qətnamə üzrə borcdan qismən ödəniş etmişdir. Demək, qətnamə qismən də olsa icra edilmiş, başqa sözlə borcluya qismən də olsa icra etdiyi qətnamənin hansı növ qətnamələrə aid olduğu onsuzda əvvəldən bəlli olmuş və əlavə izaha ehtiyac qalmamışdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh Məmməd oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(011)-3019/2011 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4622/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4622/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver