Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4622/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1506/2022 saylı işi üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ildən aliment məbləği artırıldığından cavabdehdən onun xeyrinə Mansur, Selin və Merlinin saxlanması üçün qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək hər uşağa görə 200 manat olmaqla,- ümumilikdə 600 manat məbləğində pulun hər ay cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4935/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizə qismən təmin edilmiş, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 21 sentyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir; - Bakı Şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 371137 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmişdir (iş.səh.3,10,11, 14, 17 ). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1506/2022 saylı işi üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1, 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin olması müəyyən edilmir və qeyd olunan hallar iddiaçı tərəfindən sübuta yetirilmir. İddiaçı apellyasiya şikayəti verərək, xx.xx.2022-ci il tarixli 2(005) -1506/2022-ci il tarixli qətnanməsinin ləğv edilməsini və 2022-ci ildən müəyyən edilmiş, hər uşağa 193 manat məbləğdə sabit pul vahidi artırılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Ailə Məcəlləsinin 75; Mülki Prosesual Məcəllənin 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, uşaqlarının qidalanması, təhsili, geyimlə təmin olunması, sağlamlığı üçün 462 manat kifayət deyil. Məhkəmə 3 uşağın bütün ağırlığını çəkməyi yalnız onun vəzifəsi olması kimi qeyd edir. Ailə, uşaq yükü olmayan ata Cavabdeh Mənsur oğlu isə mebel hazırlayan taxta sexini işlədir, dövlət xətti ilə (Heydər Əliyev fondunun təşkili ilə) Qarabağda - Şuşa şəhərində inşa edilən evlərin tikintisində işləyir, Zığ qəsəbəsində 3 ayrı ayrı 1 otaqlı evlər tikib hal hazırda kirayəyə verib, onun yaşadığı ev, yəni qeydiyyatda olduğu halda plana gedərkən, oranın söküntüsü zamanı Cavabdeh bütün pulu özü aldı, onu və uşaqlara həmin puldan verməmiş və bu qədər pulu qazanıb mənimsəməyinə baxmayaraq məhkəmə onun xeyrinə qətnamə çıxarmışdır.Məhkəmədə Cavabdeh qeyd edir ki, 2000 manat vergi borcu vardır. Onun aliment borcuna görə məhkəmə icraçıları maşınına həbs qoymuşdurlar. Bütün bu proseslər ona haqq vermir ki, uşaqların aliment pulunu ödəməsin. Məhkəmə 3 uşağın həyatda qalıb yaşaması üçün, onların qayğısına qaldığı kimi, yəni bu zəhmət və əziyyəti çəkdiyi kimi onunla bərabər hüquqlara malik ata Cavabdeh də əziyytə çəkib uşaqların xərclərini təmin etməli olmasına hüquqi qiymət verməmişdir.Uşaqların ikisi keçid yaş dövründədir. O, kirayədə qalıb, onlar maddi cəhətdən təmin edə bilmir. Onlar başa düşürlər ki, ataları aliment vermək istəmir. Bütün bunlar hər ikisinə psixoloji təsir edir. Atanın onların təhsilinə kömək etməməsini , onlar başa düşür, əsəb və stress keçirirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, qarşı tərəfin bildirdiyi məbləğdə aliment ödəməyə maddi imkanı olmadığını, aliment kimi verdiyi pulları uşaqlar üçün xərcləmədiyini, alimentdən əlavə uşaqlar üçün əlavə xərclər çəkdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından belə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmiş olsa da bu təminatın bir valideyn tərəfindən həyata keçirilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Əlbəttə, uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsində təsir edəcək amil kimi çıxış etsə də, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyyarlardır. Kollegiya hesab edir ki, iddiaçı bu meyyarların müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində icraat zamanı hər-hansı sübutlar və ya sübutların təmin edilməsinə yönəlik vəsatətlər təqdim etməmiş, apellyasiya icaatı həddində isə bu prosessual imkanların təminatına əsaslar müəyyən edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillərə əsasən qətnamənin qəbul edilməsi aliment məbləğinin dəyişdirilməsi və ya əlavə xərclərdə iştirakçılıq üzrə digər əsaslı tələblərin yenidən baxılmasını istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1506/2022 saylı işi üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4622/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4622/2022
04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver