Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4622/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «kredit borcu») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2510/2024 saylı, 03 aprel 2024cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Cavabdeh "xxxx" Kommersiya Bankı” ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində bank tərəfindən rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertanın şərtlərini qəbul etmiş və bütün öhdəliklərini vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyini öhdəsinə götürmüşdür.
2. xx.xx.2024-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh "xxxx" Kommersiya Bankı” ASC-yə 3200 (üç min iki yüz) manat məbləğində əsas borcu, 529.97 (beş yüz iyirmi doqquz manat doxsan yeddi qəpik) manat faiz, 25 (iyirmi beş ) manat cərimə borcu olmaqla, ümumilikdə 3754.97 (üç min yeddi yüz əlli dörd qəpik doxsan yeddi qəpik) manat məbləğində borcu mövcuddur. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3200 (üç min iki yüz) manat əsas, 529.97 (beş yüz iyirmi doqquz manat doxsan yeddi qəpik) manat faiz, 25 (iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə 3754.97 (üç min yeddi yüz əlli dörd qəpik doxsan yeddi qəpik) manat və 57.55 (əlli yeddi manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 27.60% ödəmək şərtilə 3200 (üç min iki yüz) manat məbləğində kredit verilmişdir. Lakin borc cavabdeh tərəfindən vaxtında və lazımınca ödənilmədiyindən məhkəmə qaydasında tutulması xahiş olunur.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2510/2024 saylı, 03 aprel 2024-cü il tarixli (hakim Nilufər Cəfərli) qətnaməsi ilə iddia tələbinin təmin edilərək Cavabdeh 3200 (üç min iki yüz) manat əsas borc, 529.97 (beş yüz iyirmi doqquz manat doxsan yeddi qəpik) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 3754.97 (üç min yeddi yüz əlli dörd manat doxsan yeddi qəpik) manat borcun və 57.55 (əlli yeddi manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı “X1” ASC-yə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faiz borcunun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tələb edilən əsas, faiz borcu və cərimə məbləği hissəsində əsaslıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edərək şikayətində göstərir ki, işə baxılması zaman ona məlumat verilməmiş, məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədləri araşdırmış, öz təşəbbüsü ilə ekspertiza təyin edə bildiyi halda bunu etməmiş və sadəcə iddiaçının dəlilləri ilə qətnamə qəbul edilmişdir. Bu da çəkişmə və bərabərlik prinsiplərinin pozulması deməkdir. Bundan başqa, iş materiallarına müqavilənin əsli əlavə edilməmişdir. Ən önəmlisi isə iddiaçının özünün müqavilə öhdəliklərini icra etməsini təsdiq edən məxaric orderi iş materiallarında mövcud deyildir. Belə ki, elektron kabinetdə belə bir sənədin olması görünmür. Ümumilikdə, iddiaçının iddia ərizəsinə əlavə etmiş sənədlər yalnız özü tərəfindən tərtib edilmiş sənədlər olduğundan həmin sənədlər əsasında iddianın təmin edilməsi qanunsuz olmuşdur. Bundan başqa iddiaçı pretenziya qaydasına da əməl etməmiş, cavabdehi məlumatlandırmamışdır. Bununla bağlı da məhkəməyə sübut təqdim edilməmişdir. Nəticə etibarı ilə, cavabdeh hüquqlarının müdafiəsindən məhrum olmuşdur. Bundan başqa, məhkəmə qeyd edilən hüquq normalarına zidd olaraq təqdim edilmiş sənədlərin əsillərini tələb etməmiş, müvafiq ekspertizalar keçirməmişdir. Sadəcə iddiaçının təqdim etdiyi sənədlərə istinad edərək onları mötəbər sübut kimi qəbul edərək qətnamə qəbul etmişdir. Bu azmış kimi, məhkəmə cavabdehi məlumatlandırmadığını bildiyi halda işə qiyabi icraatda deyil, əyani icraatda baxmışdır ki, bu da cavabdehin məhkəmə müdafiəsi hüquqlarının pozulmasına və müvafiq sənədlərin təqdim edilməsinə maneədən başqa bir şey deyildir. Hazırda mübahisələndirilən qətnamədə məhkəmə nəinki hansısa sübutlara istinad edərək əsaslandırma aparmış, sadəcə bir-iki cümlə işlətməklə iddia tələblərinin əsaslı olması və iddianın təmin edilməsi barədə qiymətləndirmə aparmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Əvvəla cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.
19. Cavabdeh iddiaçı ilə arasında kredit müqavilsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.
20. Cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki, iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.
21. Belə ki, cavabdeh banka ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində bank tərəfindən rəsmi internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin təqdim edilməsinə dair xx.xx.2021-ci il tarixli ümumi ofertanın şərtlərini qəbul etmiş və bütün öhdəliklərini vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyini öhdəsinə götürmüşdür. Cavabdehin yazdığı bu ərizə və ümumi oferta müqaviləsinin surəti işdə mövcuddur. İddiaçının müqavilə öhdəliklərini icra etməsi də mübahisələndirilə bilməz. Çünki kredit cavabdehə nağd şəkildə deyil, kart vasitəsilə verilmişdir. Əks halda cavabdeh iş üzrə ekspertizanın keçirilməsini istəməzdi.
22. Məhkəmə iclası keçirilmədiyindən cavabdehin iştirakı da təmin edilə bilməzdi. Çünki hazırkı iddiaya kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Bu barədə cavabdehə məhkəmə bildirişi göndərilmiş, iddia ərizəsinə etirazı və ona əlavə edilmiş sənədləri (sübutları) məhkəməyə göndərməsi təklif olunmuşdur. Lakin cavabdeh buna əhəmiyyət verməmişdir.Ona görə də çəkişmə və bərabərlik prinsiplərinin pozulmasından söhbət gedə bilməz.
23. İş üzrə ekspertizanın keçirilməsi üçün də əsas və zərurət yoxdur. Çünki tələb edilən faiz borcu və cərimə müqavilə şərtlərinə uyğun və əsas borca adekvat olmuşdur. Cavabdeh öhdəliyini hansısa formada icra etmiş olsaydı, yəqin ki, apellyasiya baxışındada buna dair sübut təqdim edə bilərdi, ancaq etmədi.
24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2510/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2510/2024 saylı, 03 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.