Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4626/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçının qanuni idarəçiliyinə verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)-2766/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçının qanuni idarəçiliyinə verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçının qanuni idarəçiliyinə verilməsi, iddiaçının qanuni idarəçiliyinə edilən qanunsuz müdaxilə və maneələrin aradan qaldırılması, əmlakın boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və 20.000 (iyirmi min) manat məbləğində dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia təmin tədbiri barədə ərizə verərək, gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə cavabdehə və digər şəxslərə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadənin qadağan edilməsi, işə mahiyyəti üzrə baxılanadək daşınmaz əmlakın bütün giriş qapılarının möhürlənməsi və onlardan istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)-2766/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözegedən qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edildiyi halda orda baş verəcək hər hansı bədbəxt hadisə (yanğın və ya su basma) nəticəsində həmin qeyri-yaşayış sahəsi yararsız hala düşəcəkdir. Belə olan halda gələcəkdə qəbul ediləcək qətnamənin icrası öz mahiyyətini itirmiş olacaqdır. Odur ki, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qorunub saxlanması və mühafizə olunması baxımından həmin obyektdən istifadə cavabdehə və 3-cü şəxslərə qadağan edilməlidir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(006)-2766/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlər birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, ərizənin təmin edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)-2766/2021 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(006)-2766/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4626/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4626/2021
27.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver