Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4626/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, hazırkı işlə tərəflər, iddianın predmeti və əsasları mahiyyətcə üst-üstə düşən iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X3, İddiaçı, X6, X4, X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-08/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh V.Zeynalova tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 2(056)-08/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddia tələblərinin yönəldiyi cavabdehlərlə bağlı hissədə dəyişdirilmişdir. Həmin iş üzrə hazırkı iddia ərizəsində mübahisləndirilən əqdlər də məhkəmə qaydasında yoxlanıldığından, həmçinin qeyd edilən iş üzrə yekun məhkəmə aktı qüvvəyə minmədiyindən hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, bu səbəbdən məhkəmə iclasının 15 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən vəsatətə hər hansı sübut əlavə edilmədiyindən Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X3, İddiaçı, X6, X4, X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-08/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh V.Zeynalova tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 2(056)-08/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi iddia tələblərinin yönəldiyi cavabdehlərlə bağlı hissədə dəyişdirilmişdir. Göründüyü kimi hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları qismən üstüstə düşmüş, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni kredit və zaminlik müqavilələri üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Bu baxımdan əgər hər hansı məhkəmənin icraatında tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasına dair mülki iş varsa iddia tələbinin həcmindən asılı olmayaraq tərəflər arasında etibarlı müqavilənin bağlanıb-bağlanmadığı və müqavilə üzrə öhdəliklərə xitam verilib-verilmədiyi barədə məsələlər həmin icraatın predmetinə daxil olduğundan bu iş üzrə cavabdehin iddiaya etirazlarını ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli sürməsi prosessual qənaət prinsipinə zidd olmaqla, MPM-in 259.0.4 və ya 261.0.2-ci maddələrinin tələbləri ilə bir araya sığmır. Qeyd olunanlara baxmayaraq birinci instansiyası məhkəməsi MPM-in 259.0.4, 261.0.2, yaxud 169.3-cü maddələrinin mülki işə tətbiqi mümkünlüyünü tərəflərlə müzakirə etmədən, bununla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 385.1.1-ci maddəsinin tələbləri pozularaq həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il qərardadına əsasən, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq qeyd edir ki, hazırkı işlə tərəflər, iddianın predmeti və əsasları mahiyyətcə üst-üstə düşən iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X3, İddiaçı, X6, X4, X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minməmiş, belə ki, həmin iş üzrə cavabdeh V.Zeynalovanın apellyasiya şikayətinə dair Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 96/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə çıxarılmışdır. Belə olan halda hazırkı iddia tələbi ilə bağlı MPM-in 259.0.4-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa Məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilən Məcəllənin 391-ci maddəsinə əsasən həmin Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardad, kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardad hesab olunmadığından ondan şikayət verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 259.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi və sair” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4626/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4626/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver