Məhkəmə qərarları › İş №2(103)-4626/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4626/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4626/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2798/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 4711,86 manat əsas, 188,04 manat faiz borcu olmaqla, cəmi 4899,90 manat məbləğində borcun və ödənilmiş 69 manat dövlət rüsumunun xeyrinə tutulması barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2798/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-2, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1; 385.1; 386.1; 433.1; 442; 462.1; 739; 741; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 maddələrinə istinadən) təmin edilmiş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4711,86 manat əsas, 188,04 manat faiz borcu olmaqla, cəmi 4899,90 manat məbləğində borc və 69 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı sübut kimi təqdim edilmiş sənədlərdən görünür ki: xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 20% dərəcəsi ilə 48 ay müddətinə 5242,69 manat məbləğində kredit onun kartına mədaxil edilmişdir;- Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 4711,86 manat əsas, 188,04 manat faiz borcu olmaqla, cəmi 4899,90 manat məbləğində borcu vardır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu rayon Məhkəməsinin 2(008)-2798/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 9, 14, 97, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli RGTK0654687B116 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 48 ay müddətinə illik 20% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5242.69 manat məbləğində nağd pul şəklində kredit vermişdir. Tərəfindən kredit müqaviləsi üzrə müqavilənin bağlandığı və ödəniş cədvəlinə əsasən ödənişlər etməli olduğu andan başlayaraq ödənişlər etməyinə baxmayaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixinə məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, qalıq borcdan cəmi 342.79 manat məbləğində borc azalmışdır. Hesab edir ki, tərəfindən müqaviləyə əsasən ödənilmiş məbləğlərin əsas , faiz , cərimə borcdan silinməsi ardıcıllığı və qaydası qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirilmədiyindən əsas borcu azalmamış, kredit müqaviləsinə əsasən faiz və cərimə borcdan silinmə normadan artıq olduğundan iddia üzrə məbləğin çox olması onun maliyyə vəziyyətini ağırlaşdırır. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş cədvəli və bank hesabından çıxarışdan da aydın görsənir ki, ödəniş cədvəli üzrə iddiaçının təqdim etdiyi maliyyə arayışında olan qalıq əsas borc arasında uyğunsuzluq vardır.Bu isə öz növbəsində ödənilmiş məbləğlərin düzgün silinməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi tərəfindən işin ədalətli həllinə imkanverə biləcək əsas hallara tələb olunan hüquqi qiymət verilməmişdir.Ən mühüm hallardan biri olaraq xüsusi hal tətbiq olunmalı olan işdə ekspertiza dair qərardad qəbul edilməmiş, xüsusi riyazi hesablama tələb edən iddia məbləğinin müəyyənləşdirilməsi üçün iş ekspertizaya göndərilməmişdir Apellyasiya baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

5. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50-58, 149-152, 259.0.1, 259.0.12, 371, 372, 385.1.1, 387.1-cu maddələrinin tələblərinə uyğun ərizələrin təqdim edilən zaman mülki prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmaqla apellyasiya şikayətinin qismən təmin və qətnamənin ləğv edilməsini qanuni hesab edir. Belə ki, tərəflər arasında qüvvədə olan müqavilədən irəli gələn mübahisəyə pretenziya qaydasına riayət edilməyərək cavabdehin tələb barədə məlumatlı olması barədə sübutlar təqdim edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.4cü bəndində qeyd edilmişdir ki, tərəflərin bir-birilərinə olan bildirişləri, xəbərdarlıqları və s sənədləri bu müqavilənin 6-cı hissəsinə qeyd olunan tərəflərin ünvanında sifarişli məktub və ya teleqramla göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər Tərəflərə çatdırılmış hesab olunacaq və bu zaman borcalan göstərilən sənədləri almaması halına istinad edə bilməz. Kapital Bank ASC tərəfindən borcalan Cavabdeh müqavilə müddəti bitməmiş xəbərdarlıq məktub əlavə edilsə də, həmin məktubun borcalan tərəfindən Cavabdeh sifarişli poçt vasitəsi ilə təqdim edilməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə aşağıdakılar göstərilməlidir. 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə və, 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda; Məhkəmə ərizəni baxılmamış saxlayır284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-2. Kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-3.1.Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. 284-3.2.Ərizədə aşağıdakılar göstərilməlidir: 284- 3.2.1.ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2.iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3.iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4.tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5.əlavə edilən sənədlərin siyahısı. 284-3.3.Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.4.Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2.Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284- 4.3.Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 284-5.1.Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284- 5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5.Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

9. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmaqla və iddiaçının işin qabaqcadan (məhkəmədən kənar) mübahisənin həll etmək imkanları barədə pretenziya qaydalarına riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Hazırki mərhələdə işin iddia icraatı qaydasında baxılması prosessual cəhətdən yolverilməzdir. Belə ki, ərizənin icraata qəbulu prosessual pozuntu ilə baş vermiş, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd edilən nöqsanlar birinci instansiya məhkəməsində icraat zamanı aparılmalı olan prosessual hərəkətlərə aiddir. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı ünvanlar səhv qeyd edildiyindən cavabdehin məlumatlandırılması mümkün olmadığından etiraz vermək hüququndan da məhrum olmuş, iddiaçı isə apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Ümumiyyətlə, sadələşdirilmiş icraatın hüquqi təyinatı tələbin (mübahisənin) və borclu barədə bütün müəyyənedici məlumatların aşkarlığını (mövcudluğunu) şərtləndirir.

10. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263,394-1, 398-ci maddələrini rəhbər tutaraq, kollegiya Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2798/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar