Məhkəmə qərarları › İş №2(103)-4627/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4627/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4627/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi K.X1, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-224/2020 saylı 29.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 4.151 manat 15 qəpik əsas borc, 117 manat 65 qəpik faiz, 100 manat cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 940 manat 76 qəpik, cəmi 5.309 manat 56 qəpik pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumun Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.151 manat 15 qəpik əsas borc, 3.088 manat 41 qəpik faiz, müqavilənin bitdiyi tarixdən 25.01.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 560 manat 99 qəpik, cəmi 7.800 manat 55 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 4.151 manat 15 qəpik əsas borc, 117 manat 65 qəpik faiz, 2.984 manat 60 qəpik cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 940 manat 76 qəpik, cəmi 8.194 manat 16 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.02.2015-ci il tarixli YA-427/15 saylı kredit müqaviləsinə əsasən borc alana 12 ay müddətinə illik 24 % dərəcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də, borc alan Cavabdeh 25.01.2019-cu il tarixədək İddiaçı ASC-yə ödənilməmiş 4.151 manat 15 qəpik əsas borc, 3.088 manat 41 qəpik faiz, müqavilənin bitdiyi tarixdən 25.01.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 560 manat 99 qəpik olmaqla, cəmi 7.800 manat 55 qəpik kredit borcu vardır. İddia ərizəsində həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərardadı ilə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-224/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin iddia müddəti ötürülməklə verildiyi üçün rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib Sədrlik edənin məruzəsini,şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edən iddiaçının səlahiyətli nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşdə olan iş materiallarına əlavə olunmuş 12.02.2015-ci il tarixli YA-427/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 24 % ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışında Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə 14.08.2020-ci il tarixə 4.151 manat 15 qəpik əsas borc, 117 manat 65 qəpik faiz, 2.984 manat 60 qəpik cərimə, müqavilənin bitdiyi tarixdən 14.08.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 940 manat 76 qəpik, cəmi 8.194 manat 16 qəpik borcunun olması göstərilmişdir. Kollegiyanın iclasında idiaçının nümayəndəsinin məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən göünür ki, Cavabdeh tərəfindən 08.10.2018-ci il tarixdə hazırkı kredit borcu üzrə 50 manat ödəniş aparılmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə Ləğv prosesində olan İddiaçı ASC-dən 5.000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Ləğv prosesində olan İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsində təqdim etdiyi ərizəsinə münasibət bildirərək hesab edir ki, həmin ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada onun yaşadığı və rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilərək çatdırılmışdır. Digər tərəfdən o, 08.10.2018-ci il tarixdə hazırkı kredit borcu üzrə 50 manat ödəniş etmişdir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar