Məhkəmə qərarları › İş №2(103)-4628/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4628/2025

16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4628/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi və övladı) Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin ona vurduğu maddi ziyanın əvəzi olaraq 4.139 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 62 manat məbləğində pulun cavabdeh MMC-dən onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AUT-472 saylı “Daxili lizinq müqaviləsi” əsasında “X3” markalı avtomobili lizinqə götürmüşdür. Cavabdeh MMC tərəfindən iddiaçıya verilmiş “Zəmanət talonuna” əsasən avtomobili 2.000 km sürdükdən sonra iddiaçı, ilkin yağ dəyişmə məqsədilə xx.xx.2024-cü il tarixdə “Azərmaş Avtoservisə” yaxınlaşmış və avtomobilin mühərrikinin yağı zəmanətlə dəyişdirilmişdir. Bundan sonra iddiaçı, avtomobili 600 km sürdükdən sonra (cəmi yürüş: 2.600 km), yəni xx.xx.2024-cü il tarixdə avtomobilin mühərrikində kəskin yağ azalma problemi ilə (mühərrikdə demək olar ki, yağ yox idi) üzləşmiş və həmin problem ilə Avtoservisə yenidən yaxınlaşmışdır. Servisdə iddiaçıya bildirilmişdir ki, 600 km üçün avtomobilin mühərrikində yağın bu qədər azalması mühərrikdə olan detalın (“porşenlərin qapağı”) qüsurlu olmasındn yarana bilər və bu markalı avtomobillərdə bu kimi qüsur mütəmadi olaraq baş verir. Bundan sonra Servisin əməkdaşları heç nəyə müdaxilə etmədən avtomobilin mühərrikinə əlavə olaraq 0,5 litr yağ əlavə etmiş və avtomobili bir müddət sürüb, baş vermiş halın təkrarlandığı halda təkrarən Servisə müraciət etməyi iddiaçıya tövsiyə etmiş və hətta iddiaçıya əlavə olaraq 0,5 litr mühərrik yağı vermişlər. Cəmi 400 km yürüşdən sonra avtomobilin mühərrikində yağın kəskin azalması yenidən baş vermiş və iddiaçı ona verilmiş yağı mühərrikə əlavə edərək, avtomobili həmin Servisə aparmışdır. Bu dəfə Servisdə avtomobilin altına baxış keçirmiş mütəxəssis tərəfindən müəyyən olunmuşdur ki, avtomobilin digər detalı da (“razdatka”) yağ buraxır. “Zəmanət talonuna” əsasən avtomobilin mühərrikini söküb müəyyən dəyişikliklər edərək və avtomobilin altında yağ buraxan digər detalını isə dəyişərək yaranmış problemi aradan qaldıracaqlarını bildirmişlər. İddiaçı isə fikirləşmişdir ki, əgər mühərrik sökülüb, yenidən yığılarsa avtomobilin qiyməti düşəcək, bundan başqa əgər problem aradan qalxmasa, onda onun vaxtı gedəcək, əsəbləri isə pozulacaq. Buna görə də, o, Cavabdeh MMC-nin rəhbər qurumu olan – İİİ şəxs "xxxx" MMC-yə yaxınlaşaraq avtomobilin yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Həmin MMC-nin buna səlahiyyəti olan məsul şəxsləri iddiaçı ilə razılaşmış, lakin bildirmişlər ki, lakin əvvəlki avtomobilə görə iddiaçının etdiyi aylıq ödənişlər – cəmi 2.302 manat, əvvəlki avtomobilə dövlət qeydiyyat nişanı üçün iddiaçının Baş Dövlət Yol Polis İdarəsinə, habelə iddiaçının icbari sığortası üçün Sığorta Şirkətinə ödədiyi cəmi 700 manat geri qaytarilmayacaq. İddiaçı, bunun düzgün olmadığını bildirsə də, lakin ona daha çox maddi və mənəvi ziyan dəyməsin deyə, bununla razılamışdır. Bu məqsəd ilə iddiaçı, cavabdeh MMC-yə yaxınlaşmış, orada ona hazır formada “Ərizə” və "xxxx" təqdim olunmuşdur. Həmin sənələrdə qeyd edilmişdir ki, iddiaçının MMCyə qarşı heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə olmayacaq. İddiaçı bununla bağlı etirazını bildirdikdə, cavabdeh MMC-nin əməkdaşları MMC-nin hüquqşünasına zəng edərək, yaranmış vəziyyətlə bağlı hüquqşünasa məlumat vermişlər. İddiaçı özü də həmin vaxt hüquqşünasla danışmış, lakin hüquqşünas bildirmişdir “Ərizənin” və “Razılaşmanın” mətninin dəyişdirilməsi mümkün deyil və əgər iddiaçı bununla razılaşmırsa, onda gərək, iddiaçı, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Əfqanıstan müharibəsinin veteranı və İİ qrup Çernobıl əlili olan iddiaçı pensiyada olduğu müddəti layiqincə keçirmək, uzun müddət məhkəmə çəkişməsində maşınsız qalmamaq və mənafelərinin kobud şəkildə pozulmasının qarşısını almaq məqsədilə məcbur olaraq “Ərizə” və "xxxx" imzalamış və cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixdə yeni “Daxili lizinq müqaviləsi” bağlamışdır. Lakin əvvəlki müqavilədə hesablanacaq faiz dərəcəsi “17” olduğu halda, yeni müqavilədə faiz dərəcəsi “21” qeyd edilmişdir. Yəni əvvəlki müqavilə ilə yeni müqavilə arasındakı faiz məbləğinin fərqi 1.137 manat təşkil edir. Bununla da, iddiaçıya yekun olaraq ümumilikdə (2.302+700+1.137=) 4.139 manat ziyan dəymişdir. İddiaçı, yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi qaydada müraciət etsə də, müraciəti müsbət nəticə verməmiş, bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 62 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətdə qalmışdır. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış hər iki “Daxili lizinq müqaviləsi” müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanmışdır. İlk dəfə bağlanmış "xxxx" ləğv edilməsi üçün ərizə ilə MMC-yə müraciət etmiş iddiaçı mövqeyini həmin ərizədə bildirmişdir. Həmin ərizə MMC-yə verildikdən sonra, iddiaçı ilə MMC, onların arasında ilk dəfə bağlanmış “Daxili lizinq müqaviləsinin” ləğvi haqqında razılığa gələrək, bu barədə yazılı “Razılığı” imzalamışlar. Həmin “Daxili lizinq müqavilələrinin”, “Ərizənin” və “Razılamanın” şərtləri və məzmunu onların iradə ifadələrinə uyğun olaraq tərtib edilmişdir. Bunun əksini sübut etmək yükünü daşıyan iddiaçı isə bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçı tərəfindən cavabdeh MMC-yə qarşı irəli sürülmüş iddia əsaslı hesab edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normasının tələblərini düzgün tətbiq etməyərək qanunsuz və əsassız olaraq iddianı rədd etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verilmiş izahatlar barədə məlumat

8. İddiaçının övladı – vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.

10. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış AUT-472 saylı “Daxili lizinq müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı, həmin müqaviləyə əsasən (ağ rəngdə olan) “X3” markalı avtomobili MMC-dən lizinqə götürmüşdür.

13. Həmin müqavilənin şərtlərinə görə, müqavilənin əsas məbləği 20.310 manat təşkil edir. İddiaçı, bu müqavilə imzalandığı gün 4.500 manat məbləğində lizinq ödənişini MMC-yə ödəməyi öz öhdəsinə götürüb. Ödənilmiş 4.500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 17% həcmində mükafat məbləği hesablanır.

14. AUT-472 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavədən görünür ki, müqavilə üzrə yekun ödəniləcək məbləğ 24.806 manat təşkil edir.

15. İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, onunla MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış müqavilənin ləğv edilməsini və həmin müqavilə əsasında ona verilmiş avtomobilin geri götürlməsini xahiş etmişdir. Bununla bağlı olaraq bildirmişdir ki, MMC-yə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq.

16. MMC ilə iddiaçı arasında bağlanmış “AUT-472 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi və yeni müqavilə bağlanması haqqında” xx.xx.2024-cü il tarixli 1 saylı razılaşmadan görünür ki, xx.xx.2024-ci il tarixli “Daxili lizinq müqaviləsi” qarşılıqlı razılaşmaya əsasən bu Saziş imzalandığı andan ləğv olunur. Razılaşma imzalandığı tarixdə lizinq alan, lizinq obyekti olan əvvəlki avtomobili avtomobil lizinq verənə - MMC-yə geri qaytarır. Tərəflər razılaşır ki, lizinq alan tərəfindən “Daxili Lizinq” müqaviləsi üzrə ödənilmiş 4.500 manat lizinq ödənişi yeni bağlanacaq AUT-1172 saylı “Daxili lizinq” müqaviləsinə yönəlir. Bu "xxxx" xx.xx.2024-ci il tarixli AUT-472 saylı “Daxili lizinq müqaviləsinin” ayrılmaz tərkib hissəsidir. Bu “Razılaşmaya” əsasən AUT-472 saylı müqaviləyə görə tərəflərin bir-birinə qarşı heç bir şikayət və tələblərinin olmadığını və gələcəkdə olmayacağını bəyan edirlər.

17. MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AUT-1172 saylı “Daxili lizinq” müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, iddiaçı, həmin müqaviləyə əsasən (qəhvəyi metal rəngdə) “X3” markalı avtomobili MMC-dən lizinqə götürmüşdür.

18. Bu müqavilənin şərtlərindən isə görünür ki, müqavilənin əsas məbləği 20.310 manat təşkil edir. İddiaçı, bu müqavilə imzalandığı gün 4.500 manat məbləğində lizinq ödənişini MMC-yə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 4.500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 21% həcmində mükafat məbləği hesablanır.

19. AUT-1172 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavədən görünür ki, müqavilə üzrə yekun ödəniləcək məbləğ 25.943 manat təşkil edir.

20. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-1/2-İ-3xx-xx/2024 saylı məktubda qeyd edilmişdir ki, iddiaçının müraciətinə aidiyyəti üzrə baxılmışdır. İddiaçıya tövsiyə olunmuşdur ki, o, müraciətdə qeyd edilən məsələ ilə bağlı MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət etsin.

21. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı, MMC-yə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək lizinq obyektinin geri qəbul edilməsi və tərəflər arasında bağlanmış AUT-472 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin, o, həmin ərizədə qeyd etmişdir ki, onun MMC-yə qarşı heç bir şikayəti və tələbi yoxdur və olmayacaq. Onun müraciətinə əsasən əvvəlki müqavilə ləğv edilmiş, yeni müqavilə bağlanmış, əvvəlki avtomobil iddiaçıdan geri alınmış və iddiaçıya yeni avtomobil verilmişdir (müqavilənin şərtləri məktuba köçürülüb). Bundan başqa bildirirlər ki, tərəflər arasında yeni AUT-1172 saylı “Daxili lizinq” müqaviləsi imzlanmadan öncə müqavilənin bütün şərtləri, habelə lizinq obyektinin qəhvəyi metallik rəngdə olmasına görə illik faiz dərəcəsinin dəyişəcəyi və s. barədə məlumatlar sizə məlum olmuş, tərəflər arasında bütün şərtlər əvvəlcədən razılaşdırılmiş, heç bir etiraz bildirmədən müqavilə şərtlər tərəflərindən bəyənilərək imzlanmışdır.

22. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasın Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

23. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında ağ rəngdə olan “X3” markalı avtomobilin MMC tərəfindən iddiaçıya lizinqə verilməsi ilə bağlı xx.xx.2024-ci il tarixdə “Daxili lizinq müqaviləsi” bağlansa da, sonradan onlar razılığagələrək, həmin müqaviləni Mülki Məcəllənin 421.1-ci maddəsinə uyğun olaraq ləğv etmiş və bundan sonra onların arasında eyni markalı və modelli, lakin rəngi qəhvəyi metallik olan digər avtomobilin MMC tərəfindən iddiaçıya lizingə verilməsi haqqında xx.xx.2024-cü il tarixli “Daxili lizinq” müqaviləsi bağlanmış və həmin avtomobil iddiaçı tərəfindən qəbul edilmişdir.

24. İddiaçı, ilk dəfə bağlanmış “Daxili lizinq müqaviləsinin ləğv edilməsi haqqında” ərizənin və “Daxili lizinq müqaviləsinin ləğvi haqqında razılığın” onlarda əks olunmuş “onun MMC-yə qarşı heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaq” şərtinin onun iradə ifadəsinə zidd olaraq daxil edildiyini bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Qeyd edilənlərə əsasən qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianın sübuta yetməməsi əsası ilə iddianı təmin etməməkdə haqlı olmuşdur.

26. Bununla yanaşı Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh MMC arasında ilk dəfə, yəni xx.xx.2024-ci il tarixdə bağlanmış “Daxili lizinq müqaviləsi” etibarsız olmamış, müqavilə tərəfləri həmin müqaviləni onların arasında əldə olunmuş razılığa əsasən ləğv etmişlər.

27. Buna görə də, Məhkəmə qeyd edir ki, müqavilənin “ləğv edilməsi” və “etibarsız sayılması” fərqli hüquqi anlayışlardır və fərqli hüquqi nəticələr doğurur, müqavilənin ləğvinin əsasları və qaydası Mülki Məcəllənin 20-ci fəslinin 4-cü paraqrafında, müqavilənin etibarsızlığın əsasları və qaydası isə Mülki Məcəllənin 14-cü fəslində müəyyən olunub. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Nəqliyyat vasitəsinə dair lizinq verən ilə lizinq götürənin arasında bağlanmış “Lizinq müqaviləsinin” lizinq götürənin təşəbbüsü ilə ləğvi zamanı lizinq götürənin həmin nəqliyyat vasitəsinə görə etdiyi aylıq ödənişlərin, nəqliyyat vasitəsinə dövlət qeydiyyat nömrəsi almasına görə, nəqliyyat vasitəsinin icbari sığorta edilməsinə görə çəkdiyi sığorta xərclərinin lizinq verəndən tutulması hazırda qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır.

29. Bu baxımdan müəyyən edilir ki, iddianın hüquqi əsası mövcud deyil. Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

30. İddiaçının bir tələbi də ondan ibarətdir ki, əvvəlki “Daxili lizinq müqaviləsində” illik faiz dərəcəsi 17 faiz olsa da, ikinci dəfə bağlanmış “Daxili lizinq müqaviləsində” bu faiz dərəcəsi 21 faiz kimi qeyd edilmişdir. Bu fərq isə 1.137 manat təşkil edir. Buna görə də, həmin məbləğ cavabdeh MMC-dən tutularaq ona ödənilməlidir.

31. Məhkəmə bildirir ki, iddiaçının bu tələbi də əsassızıdır. Çünki eyni markalı və eyni modelli, lakin adi ağ rəngli avtomobil ilə rəngi daha dəbli olan qəhvəyi metallik rəngli avtomobilin qiymətində 1.137 manat məbləğində fərqin olması hazırda avtomobillərin satışı bazarında formalaşmış ənənəyə uyğundur. Buna görə də, iş üzrə tərələr arasında ikinci dəfə bağlanmış müqavilədə qəhvəyi metallik rəngli avtomobilin ağ rəngli avtomobilin qiymətinə nisbətdə daha yüksək qiymətlə göstərilməsi anlaşılan və qəbul edilən haldır.

32. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın müzakirə edilən bu hissəsini də əsassız hesab etməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

35. Həmçinin iddianın qiymətinin beş min manatdan az olduğunu nəzərə alan və MPM-in 402-ci maddəsinin tələbini rəhbər tutan Məhkəmə qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

36. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar