Məhkəmə qərarları › İş №2(103)-4634/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4634/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4634/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(010)-3868/2023 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli qərardaddan Borclu1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Kreditor ASC-nin cavabdeh Borclu1 qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə baxılan zaman iddiaçı Bank ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla “iddiadan imtina barədə” iddiaçı Bankın ərizəsinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini qərara almışdır. Bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-ci il tarixli qərardada izah verilməsi və iddiaçı Bank tərəfindən verilmiş “iddiadan imtina barədə” ərizənin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5027/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnaməsinə aid olubolmamasının müəyyən edilməsini xahiş etmişdir. “Qətnaməyə izah verilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə ərizəni təmin etməmişdir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “izah barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətinin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayət üzrə apelyasiyanı mümkün hesab edərək, şikayətin yazılı icraatda baxılmasını qərara almışdır. Bundan sonra cavabdeh ərizə ilə Məhkəməyə müraciət edərək, şikayətə şifahi icraat qaydasında, yəni iş üzrə tərəflərin iştirakı ilə baxılmasını xahiş etmişdir. Lakin Məhkəmə bunu üçün əsas görmədiyindən şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 230.1-ci maddəsinin mənasına görə, işə baxmış hakim (məhkəmə), yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməmiş məhkəmə aktını onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-in 230.3-cü maddəsinə görə isə məhkəmə aktı icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə bildirir ki, məhkəmə aktına o vaxt izah verilə bilər ki, onda qeyd edilmiş ifadə və tələblər aydın olmasın. İzah məhkəmə aktının məzmunun dəyişdirilməsi ilə nəticələnməməlidir. Lakin izah verilməsi xahiş edilən qərardaddan görünür ki, qərardadda aydın olmayan, anlaşılmayan ifadələrdən istifadə edilməmişdir. Qərarda aydın və anlaşılandır. Qərardadı izah edilməsi üçün əsas yoxdur. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh tərəfindən verilmiş “izah barədə” ərizəni təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin qərardadı əsaslıdır. Buna görə də, qərardaddan verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan, MPM-in 398.0.1-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 230, 263, 264 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar