Məhkəmə qərarları › İş №2(103)-4638/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4638/2023

12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4638/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2477/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 12 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli ASAN5/4027 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə»yə əsasən iddiaçı cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər.

2. 30.12.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlara əsasən İddiaçı əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus evin təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və yoxlama zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur.

3. Abonentin saldosuna əsasən iddiaçı tərəfindən 2019-cu ilin dekabr ayına 540 manat, 2020-ci ilin yanvar ayına 295,20 manat, sentyabr ayına 756 manat, 2021-ci ilin mart ayına 885,60 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə tərtib olunmuş akt üzrə 2469.4 manat, 49.1 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 2918.5 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli ASAN5/4027 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə **********10010 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2476.8 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh borcundan 2021-ci ilin oktyabr ayında 7.4 manat ödəmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 oktyabr 2022-ci il tarixli 2(006)-2477/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərtib olunmuş aktlar üzrə 1713,40 manat, 49.10 manat dövlət rüsumunun əvəzi və 100 manat vəkil xərci olmaqla, cəmi 1862,50 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə göstərmişdir ki, cavabdeh yaşadığı evdə təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə onun iddiaçıya 2476,8 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən həmin borcdan 7,40 manat ödəniş edilmiş, qalan 2469,40 manat borc ödənilməmiş qalmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 2469,40 manat məbləğində borc cavabdehdən tələb edilir. Cavabdeh onunla bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, qaz paylayıcısı olan şəbəkə qərarın 4.9-cu bəndini kobud şəkildə pozmuş, iddiaçının məskunlaşdığı fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması haqqında yuxarıda sadalanan aktları tərtib etdikdən sonra heç bir əhəmiyyətli tədbir görülməmiş, dövrü olaraq akt tərtib etməklə öz vəzifə borclarını yerinə yetirmiş hesab etmişlər.

8. Məhkəmə İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli akta münasibətdə qeyd etmişdir ki, göstərilən akt tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda xx.xx.2020-ci il tarixli ******* nömrəli akt qanunvericiliyin tələblərinə zidd qaydada tərtib olunduğuna görə mötəbər sübut kimi qəbul edilə bilməz və həmin akt əsasında cavabdehə hesablanmış 756 manat borc cavabdehdən tələb oluna bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 430.1, 425.1, 425.2, 443.1, 448.1, Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

11. İddiaçının apellyasiya şikayətində qətnamənin qismən, təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbbi qazdan istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı həm tərtib edilmiş aktlar, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır.

12. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisəli bağ evində daimi yaşamır. Qonşu həmin evdə daimi yaşamadığından istifadə edib, onun qaz xəttindən qanunsuz öz evinə qaz xətti çəkmiş və orada yaşamadığı müddətdə onun qaz xəttindən istifadə etmişdir. Aktlar yazılan dövrlərdə bağ evində yaşamamış və qazdan istifadə etməmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Birliyin apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

23. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

24. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

25. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"

26. 3.2.7-ci bəndinə əsasən qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir.

27. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

36. Göründüyü kimi cavabdehə məxsus ünvanda sayğacdan qeyri-qanuni istifadə edilməsi halı baş vermişdir.

37. Birlik tərəfindən tərtib edilmiş 4 akta əsasən dəymiş ziyan hesablanmışdır.

38. Məhkəmə də haqlı olaraq göstərmişdir ki, cavabdeh “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir, buna baxmayaraq xx.xx.2020-ci il tarixli ******* nömrəli akta münasibətdə göstərilən akt tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

39. Kollegiya hesab edir ki, məhkəmənin həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

40. Cavabdeh apellyasiya şikayətində göstədiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Apelyasiya şikayəti əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas vermir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2477/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar