Məhkəmə qərarları › İş №2(103)-4639/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4639/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4639/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X2 və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 323 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh “xxxxxxxxxx” ASC-nin xeyrinə 1.100.000 manat məbləğində əsas, 146.422.27 manat məbləğində faiz, 12.466,68 manat məbləğində cərimə, cəmi 1.258.888,95 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci il tarixli, 323 saylı kredit müqaviləsi üzrə 1.099.023.23 manat əsas borc, 43.756,52 manat faiz borcu, 197.266.61 manat cərimə borcu, 140,123,52 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, cəmi 1.480.169.87 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 135/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.099.023,23 manat əsas, 43.756,52 manat faiz, 150.000 manat məbləğində cərimə borcu, cəmi 1.292.779,75 manat, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası xərci olaraq 120 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5% illik borc hissəsində tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra ililk 5% dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi əldən çıxmış faydanın təmin olunmaması hissəsində ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə tərkibi ilk olaraq qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin “müqavilə müddətindən sonra 5%-lə əldən çıxmış faydanın” tutulmasının təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçının tələbi qismən təmin olunmuşdur, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 14% ödəmək şərti ilə 1.100.000 manat məbləğində kredit verilmiş, iddiaçı müqavilədən irəli gələn öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh kredit borcunu ödəməməklə, müqavilə şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə tələb irəli sürmək hüququ olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, qanunvericiliyin və onun rəsmi şərhi olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin mövqeyinə əsasən iddiaçı kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə cavabdehdən illik 5 faiz formasında zərərin əvəzinin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ vardır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 140,123,52 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 381.1.3 və 381.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 135/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla 140,123,52 manat pulun cavabdehdən tutulmasının təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz olmaqla 140,123,52 manat (yüz qırx min yüz iyirmi üç manat əlli iki qəpik) məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar