Məhkəmə qərarları › İş №2(103)-464/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-464/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-464/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pulun qaytarılması, zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-195/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı «pulun qaytarılması, zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən ödədiyi 78600 manat pulun və 30 manat dövlət rüsumunun, 2015-ci il tarixdən onun pulundan istifadə etdiyinə görə və ona vurduğu zərərə görə 50000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən ünvan 1 a ünvanında yerləşmiş binadan 1 otaqlı, 65,5 kv.m ölçülü mənzil almışdır. Bununla əlaqədar cavabdehə 78600 manat pul ödəmişdir. Bu halı iddia ərizəsinə əlavə olunan maliyyə arayışı təsdiq edir. Lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirmir və aldığı evi ona təhvil vermir. O, bir neçə ay əvvəl binaya getmiş, həmin binanın komendatı bina sakinlərinin siyahısına baxıb ona bildirmişdir ki, müqavilədə göstərilən mənzil təmir edilib, başqa bir şəxsin istifadəsindədir, onun adına ümumiyyətlə binada mənzil qeydə alınmamışdır. Onda başa düşmüşdür ki, şirkət onu aldadıb və 78600 manat pulu ələ keçirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-195/2019 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin olunmuş, Cavabdeh MMCdən 78600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, müqavilənin kim tərəfindən imzalanmasının aydınlaşdırılmaması, bunun üçün xəttşünaslıq ekspertizasının keçirilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının istinad etdiyi xx xxxxxx 2015-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı mübahisələndirilərək, oradakı imza və möhürlərin cavabdehə məxsus olmaması bildirilmiş, bu halın yoxlanılması üçün məhkəməxəttşünaslıq ekspertizasının təyin olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi vəsatəti təmin edərək, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş, hətta həmin sənədləri imzalamış X1 imza nümunələrini və Cavabdeh MMC-yə məxsus dairəvi möhürün nümunəsini götürmüşdür. Lakin, onlara məlum olmayan səbəblərdən rəy verilməmiş, buna baxmayaraq məhkəmə işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Hesab edir ki, apellyasiya icraatı zamanı iddiaçının əsaslandığı sənədlərdəki imza və möhürün həqiqiliyinin müəyyən olunması üçün ekspertiza keçirilməlidir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsində göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında xx xxxxxx 2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-yə məxsus ünvan 2 A, ümumi sahəsi 65.5 kv.m olan 1 otaqlı 159 saylı mənzili pay olaraq payçı İddiaçı verilir. Mənzilin dəyəri 78600 manat müəyyən olunmuşdur. İşdə olan xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 A binasında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu binanın B girişinin 12-ci mərtəbəsində, ümumi sahəsi 65.5 kv.m olan 1 otaqlı 159 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 78600 manat ödənilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh arasında yaşayış binasında mənzil tikintisi haqqında xx xxxxxx 2015ci il tarixli müqavilə bağlanmış, həmin müqavilə ilə cavabdeh inşa etdiyi ünvan 2 A, ünvanda ümumi sahəsi 65.5 kv.m olan 1 otaqlı 159 saylı mənzili pay olaraq iddiaçıya verilməsi barədə, iddiaçı isə həmin mənzilə görə 78600 manat pul ödəmək barədə öhdəlik götürmüşdür. İddiaçı müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləği cavabdehə ödəsə də, sonuncu üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və mənzili payçıya təhvil verməmişdir. Pulun ödənilməsi cavabdeh tərəfindən verilmiş və müəssisənin möhürü ilə təsdiqlənmiş maliyyə arayışı, eləcə də kassa mədaxil orderi ilə öz təsdiqini tapır. Göründüyü kimi, birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına və onun tərəfindən təqdim edilmiş sənədlərə (mənzil tikintisi haqqında xx xxxxxx 2015-ci il tarixli müqavilə və xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışı) əsaslanmış, lakin cavabdehin etirazlarını araşdırmamış, onlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş və iddiaçının təqdim etdiyi sənədləri mübahisələndirmiş, yazılı vəsatət verərək iddiaçı ilə cavabdeh arasında mənzil tikintisi haqqında xx xxxxxx 2015-ci il tarixli müqavilənin bağlanmamasını, müqavilədə olan imzanın və möhürün onlara məxsus olmamasını, iddiaçı tərəfindən cavabdehə 78600 manat pul ödənilməməsini, tərəflərindən xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışının verilməməsini, bu halların aydınlaşdırılması üçün ekspertizanın təyin olunmalı olmasını və s. göstərmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini zəruri hesab etmiş, bu məqsədlə müvafiq imza və möhür nümunələri götürülmüş, lakin sonda ekspert rəyi verilmədən (müəyyən olunmuş müddət ərzində ekspertin vəsatətinin təmin olunmaması) mülki iş məhkəməyə qaytarılmışdır. Lakin, birinci instansiya məhkəməsi sonradan ekspertizanın keçirilməsini zəruri saymamış, cavabdehin etirazlarına hüquqi qiymət vermədən (onları yoxlamadan) iddianın qismən təmin olunması barədə yekun məhkəmə aktı qəbul etmişdir. Yalnız iddiaçı tərəfin bildirdikləri (izahatı) üzrə iddianın əsaslı hesab edilməsi isə qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bu səbəbdən də, apellyasiya icraatı zamanı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu və digər halların araşdırılması məqsədilə iş üzrə məhkəməxəttşünaslıq ekspertizasının təyin edilməsi zəruri hesab edilmişdir. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 32216 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli müqavilədə «Cavabdeh MMC-nin direktoru: Dostəliyev A.Ə.»» qrafasındakı imza, 5-ci vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışında «Cavabdeh MMC-nin direktoru: Dostəliyev A.Ə.»» qrafasındakı imza – X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 32311 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş xx xxxxxx 2015-ci il tarixli müqavilənin və eyni vaxta dair maliyyə arayışlarının üzərilərində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş xx xxxxxx 2015-ci il tarixli müqavilənin və eyni tarixə dair maliyyə arayışların üzərilərində olan «AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh» məzmunlu möhür əksləri (tədqiqat sənədləri ilə eyni vaxta aid zəruri olan sərbəst nümunələri təqdim edilmədiyinə görə ekspert təqdim edilmiş eksperimental möhür əks nümunələri üzrə ekspertiza tədqiqatları aparıldı) hal-hazırda istifadədə olan eksperimental möhür əks nümunələri ilə eynilik təşkil etmirlər. Göründüyü kimi, ekspertiza rəyləri ilə iddiaçının iddianın əsası kimi təqdim etdiyi sənədlərdə (xx xxxxxx 2015-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı) Cavabdeh MMCnin direktoru: Dostəliyev A.Ə.»» qrafasındakı imza X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, həmin sənədlərin üzərilərində olan «AZƏRBAYCAN RESPUBLİKASİ Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh» məzmunlu möhür əksləri də hal-hazırda istifadədə olan eksperimental möhür əks nümunələri ilə eynilik təşkil etmirlər. Qeyd edilməlidir ki,müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Məhkəmə baxışı zamanı isə iddianın təqdim etdiyi əqdin (həmçinin, maliyyə arayışının) cavabdehin səlahiyyətli şəxsi tərəfindən imzalanmaması müəyyən edilmişdir. Eyni zamanda, cavabdeh tərəf məhkəmə baxışı zamanı da iddiaçı ilə müvafiq müqavilənin bağlanmasını təsdiq etmədiyindən, iddiaçı müqavilənin bağlanmasını (mövcudluğunu) sübut etmək yükünü daşıyır. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Eyni zamanda, iddaçı cavabdehlə həqiqətən müqavilədə göstərilən ünvan 2 A, ümumi sahəsi 65.5 kv.m olan 1 otaqlı 159 saylı mənzilin alqı-satqısına dair münasibətlərinin yaranmasını təsdiq edən əlavə digər mötəbər sübutu da məhkəməyə təqdim edə biliməmişdir. Bununla yanaşı, iddiaçı əgər həqiqətən qeyd edilən mənzili cavabdehdən almışdırsa (aralarında bu istiqamətdə müqavilə münasibətləri yaranmışdırsa və s.), həmin mənzilin tələb olunması, lakin mənzilin ona təhvil verilməməsi, mənzilin başqa şəxsin sahibliyindən olması və s. bu istiqamətdə də sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız müqaviləyə və maliyyə arayışına əsaslanaraq cavabdeh pul tələb etmişdir ki, məhkəmə araşdırması zamanı da iddiaçının özünün təqdim etdiyi sənədlərin mötəbər olmaması (cavabdeh tərəfindən bağlanmaması və s.) müəyyən edilmişdir. Belə olan halda isə iddia təmin oluna bilməz, iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. MM-nin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları, həmçinin cavabdehlə müvafiq daşınmaz əmlakın əldə edilməsi istiqamətində müqavilə bağlaması və əmlakın dəyəri kimi 78600 manat pul ödəməsi, ona cavabdeh tərəfindən ziyan vurulmasını, həmin ziyanla cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını əsaslandıra və sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış,iş üzrə tam və hərtərəfli araşdırma aparmamış,maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.Bu səbəbdən də,qətnamə qanuni və əsaslı sayıla bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı,iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 199,52 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «borcun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-195/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)- 195/2019 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci iddiaçıya aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 199,52 (bir yüz doxsan doqquz manat 52 qəpik) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar