Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-464/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, öhdəliyin lazımınca yerinə yetirilməməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə **********5 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə görə MMC, “Samsung Galaxy A32 DS (SM- A325 64 GB-Vioelet) modelli, İMEİ kodu **********15631, **********15638 olan telefonu İddiaçı satmağı, İddiaçı isə xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 34,7 manat olmaqla ümumilikdə 624,6 manatı MMC-nə ödəməyi öhdələrinə götürmüşlər.
2. Həmin nisyə alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nə cəmi 95,6 manat ödəniş olunmuşdur.
3. Cavabdeh və anasının ona qarşı dələduzluq cinayəti törədib “Samsung Galaxy A32 markalı telefonu onun adına alıb sonradan ələ keçirmələri və nəticədə “Kontakt Home” mağazasına borcunun yaranması barədə İddiaçı şikayəti üzrə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul etmiş, qərarda əməldə cinayət tərkibi olmadığı vurğulanmışdır. Qərarda həmçinin göstərilmişdir ki, Cavabdeh izahatının alınması məqsədilə təhqiqat orqanına təmin olunması ilə əlaqədar aidiyyəti əməkdaşlara əməliyyat tapşırığı verilmiş, lakin müsbət nəticə olmamışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin İddiaçı qarşı “pulun ödənilməsi” tələbi təmin olunmuş, “Samsung Galaxy A32 DS (SM-A325 64 GB-Vioelet) modelli telefona görə İddiaçı 581 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir.
5. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən ləğv olunmuş, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarı ilə isə İddiaçı şikayəti üzrə cinayət işinin başlanılması mübahisənin mülki xarakterli olması əsas göstərilməklə növbəti dəfə rədd edilmişdir. Təkrar araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, Sahib ona “Kontakt Home” mağazasında limitinin olduğunu, kreditə telefon götürə biləcəyini söyləmiş, birlikdə mağazaya gedərək 624 manat dəyərində “Samsung Galaxy A32” markalı mobil telefon almış, ilk 2 ayın ödənişini həyata keçirdikdən sonra işdən çıxdığı üçün ödənişi edə bilməmiş, buna görə də müvəqqəti olaraq Sahibdən gecikən 2 ayın ödənişini etməsini xahiş etmiş, lakin Sahib razılaşmayaraq polisə şikayət edəcəyini demişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən telefonun ödənilməyən məbləği qismində cərimələrlə birlikdə 570 manatın, cavabdehə verdiyi 73 manat borcun, dövlət rüsumu olaraq ödədiyi 30 manatın, yəni cəmi 673 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh və anası X3 onun etibarından sui-istifadə edərək əmlakını mənimsəmişlər. Belə ki, taksi fəaliyyəti göstərdiyi müddətdə bir-neçə dəfə onunla gediş-gəliş edən Cavabdeh və anası ona özlərini insan kimi göstərsələr də, sonradan nə olduqları üzə çıxmışdır. Cavabdeh guya anasının müəllimə olması və karantin dövründə online dərslərlə əlaqədar olaraq telefon götürmək istədiklərini, lakin rəsmi iş yerlərinin olmamasını əsas gətirərək ondan kreditə mobil telefon götürməsini xahiş etmiş, inandırmışlar ki, heç bir problem olmayacaq, kredit vaxtında ödəniləcək. “Samsung Galaxy A32” markalı telefonu 26 iyun 2021-ci il tarixdə 624 manat dəyərində olmaqla 12 ay ərzində ödəməsi şərtilə götürmüş, həmin ərəfədə Cavabdeh dərman almağa pulu olmadığına görə 73 manat da köməklik göstərmişdir. Sonradan “Kontakt Home”dan gecikmə ilə bağlı SMS gəlmiş, Cavabdeh ilə əlaqə saxlamış, bundan sonra o, ümumi məbləğdən 40 manat və 14 manat olmaqla 54 manat ödəmiş, lakin qalan pulu ödəməmişdir. Cavabdehə yazmış və zəng etmiş, lakin cavabdeh onu hədələmiş və bildirmişdir ki, pulu verməyəcək, telefonu da satacaq. Cavabdeh telefonu aldıqdan sonra qanunsuz olaraq İMEİ kodunu dəyişdirərək “X2" qeydiyyata salmışdır. Bu barədə polisə müraciət etsə də, polis işə mülki qaydada baxılmalı olduğunu, dələduzluq olmadığını bildirmişdir. Faktiki olaraq ona məxsus telefonun geri qaytarılmasını dəfələrlə tələb etsə də, cavabdeh telefonu qaytarmır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları qanunvericiliklə müəyyən edilmiş qaydada sübut etməyərək, məhkəməyə “WhatsApp” yazışmalarını təqdim etmişdir - hansı ki, həmin yazışmalar göstərilən halı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-nin 200cü maddəsinə görə, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. Şərh olunan maddədəki şəxsi yazışmalar anlayışı hərfi olaraq deyil, Konstitusiyanın 32-ci maddəsində olduğu kimi, yəni “şəxsi yazışma, telefon danışıqları, poçt və digər rabitə vasitələri ilə ötürülən məlumatlar” kimi başa düşülməlidir. İcazə alınmalı şəxs yazan və məlumatları göndərən şəxs (müəllif) yox, onların ünvanlandığı şəxsdir. Şəxsi yazışmaları daşıyan sübutlar məhkəməyə verildikdə hakim həmin sübutları şərh olunan maddədə göstərilən şəxslərin razılığı olmadan iş materiallarında əlavə edə və başqa şəxslərin onlarla tanış olmasına imkan yarada bilməz. Məhkəmənin şəxsi yazışmanı açıqlaması və araşdırılmasından ötrü həmin yazışmanın ünvanlandığı şəxsin yazılı razılığı olmalıdır. Şərh olunan maddənin tələblərinin pozulması ilə əldə olunan sübutlar qanunu pozmaqla əldə olunmuş sübutlar sayıldığından onlardan istifadə oluna bilməz (MPM-nin 76.3-cü maddəsi).
10. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 81-ci, 89-cu maddələrinə istinad etmişdir.
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
12. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
15. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir.
20. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
27. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.
38. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
39. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
40. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, “Samsung Galaxy A32” markalı telefonu nisyə-alqı satqı müqaviləsi əsasında əldə edərək onu cavabdehə vermiş, telefonun dəyərinin cavabdeh tərəfindən ödəniləcəyi barədə razılaşmalarının olmasına baxmayaraq, cavabdeh onu aldatmış və maddi zərər vurmuşdur.
41. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” və “əsassız varlanma” ilə bağlı müddəaları (Mülki Məcəllənin 431-ci, 1091-ci və 1092-ci maddələri) nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, hər iki halda sübutetmə yükü, yəni onun əvəzinə məhz cavabdehin kredit öhdəliyini icra etmək öhdəliyini götürmüş olmasını, habelə cavabdehin onun hesabına hüquqi əsas olmadan varlandığını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür.
42. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 29-31).
43. İddia tələbini sübuta yetirmək üçün iddiaçı məhkəməyə, cavabdehlə arasında “WhatsApp” proqram təminatı vasitəsilə aparımış yazışmaları, habelə polis idarəsində aparılan araşdırma materialındakı izahatların surətlərini təqdim etmişdir.
44. Həmin yazışmalardan aydın olur ki, İddiaçı Cavabdeh telefona görə ödənişlərin həyata keçirilməli olduğunu bildirmiş, Cavabdeh isə bəzi cavablarında ödənişi həyata keçirəcəyini, bəzi cavablarında isə ödəməyəcəyini qeyd etmişdir.
45. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi izahatında, Sahiblə “Kontakt Home” mağazasına gedərək 624 manat dəyərində “Samsung Galaxy A32” markalı mobil telefon aldığını, ilk 2 ayın ödənişini həyata keçirdikdən sonra işdən çıxdığı üçün ödənişi edə bilmədiyini, buna görə də müvəqqəti olaraq Sahibdən gecikən 2 ayın ödənişini etməsini xahiş etdiyini, lakin Sahibin razılaşmayaraq polisə şikayət edəcəyini dediyini bildirmişdir.
46. İddiaçı tərəfindən məhkəməyə yuxarıda göstərilənlərdən başqa digər sübutlar təqdim edilməsə də, kollegiya qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə iddiaçı arasında “WhatsApp” proqram təminatı vasitəsilə aparımış yazışmaların məzmunu, habelə Cavabdeh polisdə verdiyi izahat iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halın mövcud olduğu nəticəsinə gəlməyə əsas verir.
47. Sözügedən “WhatsApp” yazışmalarının sübut kimi qəbul olunmasının yolverilməzliyi barədə birinci instansiya məhkəməsinin qənaətini isə kollegiya aşağıda göstərilənlərə görə əsassız hesab edir:
48. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.
49. Digər tərəfdən nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
50. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
51. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
52. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı iddia tələbi telefona görə yaranmış 570 manat borcun tutulması hissəsində təmin olunmalı, eyni zamanda ödədiyi, habelə ondan tutulmalı olan dövlət rüsumlarının əvəzi qismində cəmi 75 manat da Nərminə Kazımovadan alınıb ona ödənilməlidir.
53. Qeyd olunmalıdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında İddiaçı telefona görə "xxxx" MMC-nin xeyrinə cəmi 581 manatın tutulması qət edilsə də, o, hazırda baxılan iddia tələbində telefon üçün 570 manat tələb etmişdir.
54. Bununla yanaşı kollegiya, iddiaçının “73 manat borcun tutulması” tələbini əsassız hesab edir; çünkü o, bu tələbinin təmin olunmasını mümkün edəcək heç bir sübut təqdim etməmişdir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3092/2022 saylı iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Samsung Galaxy A32” markalı telefonun ödənilməyən məbləği qismində 570 manat, dövlət rüsumlarının əvəzi qismində 75 manat olmaqla cəmi 654 (altı yüz qırx beş) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə