Məhkəmə qərarları › İş №2(103)-4644/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4644/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4644/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nəcəf-X12, Cavabdeh nümayəndəsi və vəkili X4 və vəkili X5 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-53/2020 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı X11 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli, 400/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik faiz dərəcəsi 8% ödənilməklə, biznesin inkişafı məqsədilə 8.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun xx.xx.2017-ci il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 5.104.424,73 manat əsas borc, 598.746,57 manat faiz borcu olmaqla, cəmi 5.703.171,30 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixə kredit öhdəliyi üzrə qalan 5.104.424,73 manat əsas borc, 598.746,57 manat faiz borcu olmaqla, cəmi 5.703.171,30 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-53/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2017-ci il tarixə kredit öhdəliyi üzrə qalan 5.104.424,73 manat əsas borcun, 598.746,57 manat faiz borcu olmaqla, cəmi 5.703.171,30 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, “İddiaçı“ ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin ləğvi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmiş və LPO İddiaçı ASC-dən keçirilmiş məhkəmə-mühasibatlıq, ilkin və təkrar komission məhkəmə-xəttşünaslıq ekspertiza xərcləri – cəmi 442 (dörd yüz qırx iki) manat məbləğində pul tutulması qət olunmuşdur. Qətnamədən iddiaçı LPO İddiaçı ASC apelyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)-53/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilib, iddianın təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə əsassız olaraq iddia tələblərini təmin etməmişdir. Belə ki, iddia tələbinin mahiyyətindən görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 8.000.000 (səkkiz milyon) manat kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edilməsini qeyd etmişdir. Səbail rayon Məhkəməsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25528 saylı ilkin məhkəməxətşünaslıq ekspertizasının və xx.xx.2020-ci il tarixli, 32312 saylı komissiyon məhkəməxətşünaslıq ekspertizasının rəyinə əsaslandığını bildirmişdir. Belə ki, kredit müqaviləsində imzaların Cavabdehli oğlu tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspert rəyində imzaların X8 tərəfindən müəyyən edildiyi üçün məhkəmə iddianın təmin olunmaması qənaətinə gəldiyini və AR Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsini nəzərə almadığını bildirmişdir. Belə ki, ekspertin rəyinin məhkəmə üçün məcburi olmadığını və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirildiyini qeyd etmişdir. Digər tərəfdən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən qabaq, pretenziya qaydasında, Cavabdehli oğlunun xəbərdar edildiyini, onunla xx.xx.2014-cü il tarixində kredit müqaviləsinin bağlandığını və banka 5.104.424,73 (beş milyon yüz dörd min dörd yüz iyirmi dörd manat yetmiş üç qəpik) manat əsas borcunun, 598.746,57 (beş yüz doxsan səkkiz min yeddi yüz qırx altı manat əlli yeddi qəpik) faiz borcu olmaqla, cəmi 5.703.171,30 (beş milyon yeddi yüz üç min yüz yetmiş bir manat otuz qəpik) manat borcunun olduğu bildirilmişdir. Bundan sonra, cavabdeh tərəfindən banka müqavilənin onun tərəfindən imzalanmadığı bildirilməmiş, bu məcəllənin araşdırılması üçün banka və ya digər quruma məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 oğlu iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkilli və nümayəndəsi X6 və vəkili X7 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh biznesin inkişafı məqsədilə 60 ay müddətinə, illik 8% olmaqla 8.000.000 manat məbləğində kredit verilmişdir. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixinə kredit kredit öhdəliyi üzrə 5.104.424,73 manat əsas, 598.746,57 manat faiz borcu, cəmi 5.703.171,30 manat borcu var. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 30303 saylı rəyinə əsasən hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 404/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə olan borcu 5.701.704,0 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 5.102.957,0 manat, faiz borcu üzrə 598.747,0 manat. İş üzrə təyin edilmiş ilkin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 25528 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 9-11-ci vərəqələrində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsinin “Borcalan” qrafasındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. İş üzrə təyin edilmiş komissiyon qaydada təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 32312 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 9-11-ci vərəqələrində İddiaçı ASC ilə Cavabdeh arasında olan xx.xx.2014-cü il tarixli 400/14 nömrəli kredit müqaviləsinin 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar (04 ədəd), mülki işin 126-127-ci vərəqələrində olan xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli Xaricə köçürmə ərizələrinin aşağı sol hissələrindəki imzalar, 128-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli Nağd ödəniş üçün elanda “Ödəyənin imzası” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş kredit müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli, 400/14 saylı kredit müqaviləsi bağlanılmış və kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 8% olmaqla 8.000.000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə 5104424,73 manat əsas, 598746,57 manat faiz, cəmi 5703171,30 manat cərimə borcu yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya Məhkəməsinin iclaslarında cavabdeh kredit müqaviləsinin və pulun xaricə köçürülməsi barədə ərizələrin onun tərəfindən imzalanmadığını və həmin sənədlərdə olan imzaların ona məxsus olmamasını göstərmişdir. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2019-cu il tarixli 25528 saylı ekspert rəyi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 400/14 saylı kredit müqaviləsinin “Borcalan” qrafalarındakı imzaların Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Lakin Cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə razılaşmamış, ümumiyyətlə belə müqavilədən xəbəri olmadığını, eyni zamanda müqavilə üzrə pulun ona verilməsini təsdiq edən sübut kimi xaricə köçürmə ərizələrdəki imzaların da ona məxsusluğunun yoxlanılması üçün təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə komission qaydada təkrar məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2020-ci il tarixli 32312 No-li ekspertiza rəyə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında olan xx.xx.2014-cü il tarixli 400/14 nömrəli kredit müqaviləsinin 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzaların, xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli Xaricə köçürmə ərizələrinin aşağı sol hissələrindəki imzaların və xx.xx.2016-cı il tarixli Nağd ödəniş üçün elanda “Ödəyənin imzası” qrafasındakı imzanın Cavabdeh tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxslər tərəfindən icra olunması müəyyən edilmişdir. Göründüyü kimi xx.xx.2019-cu il tarixli 25528 saylı ekspert rəyi ilə kredit müqaviləsindəki imzanın Cavabdeh məxsus olması müəyyən edilsə də, komission qaydada keçirilmiş təkrar ekspertizanın rəyi ilə həm kredit müqaviləsindəki, həm də xaricə köçürmə barədə ərizələrdəki və nağd ödəniş üçün elanda olan imzaların Cavabdeh tərəfindən icra olunmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, ekspertiza rəyləri arasında ziddiyət olsa da, təkrar komission ekspertizanın rəyi hazırki işdə daha mötəbər sübut kimi qəbul edilməlidir. “Ekspertiza fəaliyyəti haqqında” AR Qanununun 19-cu madəsinin 1-ci bəndinə əsasən komission məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır. Kollegiya qeyd edir ki, ilkin ekspertiza bir ekspert tərəfindən aparıldığı halda, komission ekspertiza ən azı iki ekspertin iştirakı ilə aparılır. Məhkəmə tərəfindən təyin edilmiş ilkin məhkəmə -xəttşünaslıq ekspertizasının rəyi bir ekspert, komission ekspertiza isə iki ekspert tərəfindən verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, komission ekspertizanın rəyi ilkin ekspertiza rəyindən fərqli olaraq iki ekspertin gəldiyi nəticə olduğundan, həmin rəy məhkəmə tərəfindən daha mötəbər hal kimi qəbul edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə komission ekspertiza rəyi hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Mülki qanunvericiliyin tələblərinə əsasən mülki hüquq münasibətlərin və öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçı iddia ərizəsində xx.xx.2014cü il tarixli kredit müqaviləsinə əsasnə istinad edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və bu səbəbdən xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2014-cü il tarili kredit müqaviləsindəki imza cavabdehə məxsus deyil və iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, kredit müqaviləsindəki, həmçinin müqavilə üzrə pulun cavabdehə verilməsini təsdiq edən sübutlardakı imzalar, yəni xaricə köçürmə barədə ərizələrdəki və nağd ödəniş üçün elanda olan imzalar Cavabdeh tərəfindən icra olunmamışdır. Öhdəliyin yaranmasına əsas olan kredit müqavilədəki imza cavabdehə məxsus olmadığından, onun həmin müqavilə üzrə hər hansı öhdəliyi yarana bilməz. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb etməyə hər hansı hüquqi əsası yoxdur. Eyni zamanda müqavilə üzrə nəzərdə tutulan pulun cavabdehə verilməsi də hər hansı sübutla təsdiq olunmur. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri — kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda, bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda, ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Qeyd edilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Göstərilən Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı kredit müqaviləsinin bağlanılması müəyyən edilmədiyindən, təqdim edilmiş kredit müqaviləsindəki imzanın isə cavabdehə məxsus olmaması müəyyən edildiyindən, eyni zamanda kredit müqaviləsində nəzərdə tutulan pulun cavabdehə verilməsi sübut olunmadığından irəli sürülmüş iddia tələbi əsassız hesab edilməsi və təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-53/2020 nömrəli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X2 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar